İnsanlara hürriyət, millətlərə istiqlal!

14-cü Lüdovikin kreslosu

90-cı illərdə Azərbaycan Dövlət Tarix Muzeyinin bir müdirəsi var idi, rəhmətə getdiyi üçün adını çəkmirəm, düz muzeyin birinci mərtəbəsində əntiq mallar dükanı açmışdı, eksponatları elə ordan, necə deyərlər, “birinci əldən” satırdı.

Şanlı İncəsənət Muzeyimizdən oğurlanan, içərisində Albrext Dürer, Van Deyk kimi ünlü rəssamların dəyəri milyonlarla ölçülən, əslində isə yaxşı mənada dəyərsiz əsərləri barədə də yəqin xəbəriniz vardır. Onları da muzey əməkdaşları mədəniyyətə o vaxt rəhbərlik edən yoldaşların himayəsi altında əkişdirib satmaq istəmişdilər.

Sənətşünas Ziyadxan Əliyev həmin 300-ə yaxın rəsmi axtara-axtara öldü. Doğrudur, sonradan onların 14-ünü Nyu-Yorkda ələ keçirdilər və hökumətimiz də Almaniyaya bağışladı, çünki 2-ci Dünya savaşı zamanı oranın muzeylərindən oğurlanıbmış. Ancaq qalanları – 200-dən çox rəsm, qravüra, miniatür necə oldu, bilmədik.

İngiltərədə, “Viktoriya və Albert” muzeyində saxlanan məşhur “Şeyx Səfi” xalçasını yəqin ki, bəxti gətirmiş saymaq olar. 1539-cu ildə toxunmuş, 57 kvadratmetrə yaxın bu misilsiz sənət əsərini Təbriz mollaları 19-cu əsrdə... məscid remontuna pul yığmaq üçün ingilis xalça alveri şirkətinə satıblar. Həmin şirkət xalçanı Londonda auksiona çıxarır, muzey camaatdan 2 min funt sterlinq toplayıb onu alır. Bizim tərəflərdə qalsa, “Şeyx Səfi”ni indi hansısa oliqarxın malikanəsində güvə yemişdi, ya da atlarının ayaqları altına sərmişdilər.

Hərdən düşünün, “Kitabi Dədə Qorqud” dastanının əlyazması Vatikan və Drezdenə gedib çıxmasaydı, indi biz nəyi oxuyardıq? Böyük ehtimal onu da 1937-ci ildə başqa ərəb əlifbalı əlyazmalar kimi quyuya doldurub, yandırıb “dini kitab” adıyla məhv edərdilər.

Bunları yada salmağımın səbəbi təzəlikcə AMEA müdirinin Vatikandan gələn qonağa qədim əlyazmanı nümayiş etdirmək üsulu barədə müzakirələrdir. Uca xalqımız qəfildən oyanıb qəzəblənmişdir ki, ayə, sən nə üçün qədim kitabı dollar paçkası kimi əlində vərəqləyirsən, axı kövrək materialdır, cırıq-cırıq olarmış, onda biz başımıza haranın daşını salardıq, belə qədim əlyazmalar xüsusi əlcəklə tutulmalı, masada qoyulmalıdır, temperaturu dəyişməməlidir, malıdır, məlidir və sairə və ilaxır?

Bah. Sevdiyim ata sözümüzdəki vəziyyətdir: “Kor kora demiş cırt o biri gözünə”. Guya tarixə münasibətdə hər şeyi düzəltmişik, qalıbmış bu akademik. Heç onun necə akademik olmağı da bizi maraqlandırmır. Nəyimizə lazımdır? Əsas əlyazmadır.

Hərçənd, klassikin yazdığına inansaq, “əlyazmalar yanmır” və AMEA müdiri həmin kitabı kefi necə istəsə vərəqləsin, qorxusu yoxdur. Lap, pis çıxmasın, bəzi ziyalılar kimi aparıb tualetdə də oxumaq olar.

Başqa yöndən, şanlı akademikin vatikanlı keşişə “Bundan bizdə çoxdur” deməsi (açığı, o məqamda bir anekdot yadıma düşdü, bilənlər bilməyənlərə danışsın, yazsam qan düşər) prinsipcə xalqımızı sakitləşdirməli idi. Çoxdusa, biri lap əldə cırılsın, nə olacaq?

Hələ daşdan keçən elə bir arqument var ki, onu yada salanda qədim əlyazmaların saxlanma şəraiti-filan temaları lap mənasını itirir. Yaxşı, ta sizsiniz, yazıram: Əlyazmalar İnstitutunun bir əməkdaşı 90-cı illərdə ümumxalq olaraq başımıza hansı oyunu açmışdı? Şərhsiz.

Sonda bir lətifə yazaq, əziz oxucularımızın kefi, hal-əhvalı düzəlsin, yoxsa akademikin hərəkəti üzündən hamısının qanı qaralıbdır.

“Bizim deputat nümayəndə heyəti Fransa ilə münasibətləri düzəltmək üçün Parisə səfər edir. Orda bunları muzeyə qonaq aparırlar, deputatlardan biri yorulub salondakı kresloya əyləşir. Muzey əməkdaşı qaça-qaça gəlib həyəcanla deyir: “Müsyö, zəhmət olmasa qalxın, burda oturmaq olmaz”. Deputat tərpənmədən soruşur: “Niyə olmaz? Yorulmuşam da”. Əməkdaş deyir: “Bu, eksponatdır, 14-cü Lüdovikə məxsusdur”. Deputat deyir: “Gələndə duraram, yaxşı”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Iyul 2026

19 Iyul 2026

17 Iyul 2026

16 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

09 Iyul 2026

08 Iyul 2026

06 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

02 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

25 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

21 Iyun 2026

19 Iyun 2026

18 Iyun 2026

17 Iyun 2026

16 Iyun 2026

14 Iyun 2026

12 Iyun 2026

11 Iyun 2026