Onlayn ictimai-siyasi qəzet
Uşağın universitetə qəbul olması, əlbəttə, ailə üçün böyük sevincdir. Amma son dövrlər bu sevincin də yeni bir “pul yığmaq mərasimi”nə çevrilməsi cəmiyyətdə haqlı narazılıq doğurur. Övladı ali məktəbə qəbul olan bəzi valideynlər qonaqlara dəvətnamə paylayır, restoranlarda məclis təşkil edir və bununla da toy-yas ənənələrinə daha bir “məclis” əlavə olunur.
Əsl problem isə təkcə belə tədbirlərin keçirilməsi deyil. Məsələ ondadır ki, bir vaxtlar şəxsi seçim kimi başlayan davranış qısa müddətdə dəbə çevrilir. Dəvət alan insanlar isə bəzən getməmək, pul yazdırmamaq və ya bu yarışa qoşulmamaq imkanında özlərini narahat hiss edirlər. “Hamı edir, mən də etməliyəm” düşüncəsi ailələri əlavə xərcə salır, sosial təzyiq yaradır.
İllərdir Azərbaycanda toy və yas mərasimlərinin sadələşdirilməsi, insanların imkanlarından artıq xərcə düşməməsi barədə danışılır. Amma görünən odur ki, biz bir mərasimi sadələşdirməyə çalışarkən, yenisini yaradırıq. Sabah məktəbə qəbul, işə düzəlmə, diplom alma, xaricə getmə kimi hər hadisənin ayrıca “pul yığımı” məclisinə çevrilməsi də mümkündür.
İqtisadçı Xalid Kərimli Musavat.com-a bildirib ki, bu məsələyə birmənalı yanaşmaq çətindir: "Çünki cəmiyyətdə müxtəlif düşüncəli, fərqli baxışlara malik insanlar var. Bəzilərinin mühakimə qabiliyyəti və ya situasiyanı doğru dəyərləndirmək imkanı məhdud ola bilər. Amma əsas məsələ insanın özünə və vaxtına hörmət etməsidir.
Dəvət edən tərəf özünə hörmət etmirsə, heç olmasa gedən şəxs özünə hörmət edib hər çağırılan yerə getməməlidir. İnsan verdiyi qərarlar və etdiyi seçimlərlə öz dəyərini müəyyən edir. Kimisi pulsuz qonaqlıq verər, kimisi də müəyyən şərtlər qoyar – bu, tərəflərin öz yanaşmasıdır.
Xüsusilə indiki sürətli inflyasiya və qiymət artımı dövründə insanlar gəlir və xərclərini düzgün planlaşdırmalıdırlar. Gəlirləri artırmaq mümkün olmadıqda, ilk növbədə gündəlik və aylıq vacib, zəruri ehtiyaclara üstünlük verilməlidir”.
Xalid Kərimliyə görə, cəmiyyətdə şad xəbəri, sevinci bölüşmək, kimisə şirinliyə qonaq etmək tamamilə başqa bir mədəniyyətdir: “İnsan var ki, kiçik bir sevincli xəbəri olanda belə kollektivə tort alıb gətirir, sevinci bölüşdükcə böyüdür. Amma hər şeyi sırf hesab-kitaba, dəvətnamə paylayıb “nəmər” toplamaq marağına çevirəndə məsələnin bütün səmimiyyəti və şirinliyi itir.
Belə vəziyyətlərdə insanın doğrudan da deməyə sözü qalmır. Çünki məsələ birbaşa insanın daxili dünyası, gözütoxluğu və təfəkkürü ilə bağlıdır. Bəzən sadəcə sevinməyi və başqalarını təmənnasız sevindirməyi bacarmaq lazımdır.
Universitetə qəbul olunmaq gənclərin gələcəyi, savadı və peşə sahibi olması baxımından ad günü, sünnət və ya digər şənliklərlə müqayisə olunmayacaq dərəcədə böyük və əhəmiyyətli nailiyyətdir. Təəssüf ki, bəzi bloggerlər və şou-biznes nümayəndələri sosial şəbəkələrdə sadəcə görüntü və təmtəraq naminə təşkil edilən bu cür məclisləri şişirdərək cəmiyyətdə sanki əsas dəyərin bunlardan ibarət olduğu təəssüratını yaradır və insanları çaşdırırlar. Əslində isə əsas dəyər gəncin təhsil qazanması, zəhmət çəkərək ali məktəbə qəbul olması və gələcəyinə yatırım etməsidir. Süni şouya, nümayişə və pul yığımına çevrilən məclislər isə insanları bu əsas hədəfdən yayındırmamalıdır”.
Afaq Mirayiq,
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ