İnsanlara hürriyət, millətlərə istiqlal!

Bazar günü elə hadisə baş verəcək ki... - Xəritələr yenidən çəkiləcək

Yeni nəsil kosmik teleskop kainatın genişmiqyaslı xəritəsini çıxaracaq

NASA kainatın ən böyük sirlərini araşdırmaq üçün yeni nəsil kosmik teleskopunu orbitə göndərməyə hazırlaşır. Nancy Grace Roman Kosmik Teleskopunun avqustun 30-da ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılması planlaşdırılır.

Musavat.com xəbər verir ki, NASA-nın ilk qadın administratoru və baş astronomu Nancy Grace Romanın adını daşıyan teleskopun əsas məqsədi yeni ekzoplanetləri aşkar etmək, qalaktikaların təkamülünü araşdırmaq, həmçinin qaranlıq maddə və qaranlıq enerji ilə bağlı suallara cavab tapmaqdır.

Roman teleskopunun əsas xüsusiyyəti onun müşahidə üsuludur. Hubble və James Webb teleskopları əsasən ayrı-ayrı kosmik obyektlərin detallı şəkildə araşdırılmasına fokuslandığı halda, Roman geniş əraziləri eyni vaxtda skan edəcək.

Teleskop Hubble ilə müqayisə edilə biləcək təsvir dəqiqliyinə malik olacaq, lakin onun baxış sahəsi Hubble-dan təxminən 100 dəfə geniş olacaq.

Teleskopun 2,4 metrlik güzgüsü daha zəif və uzaq kosmik obyektlərin yüksək dəqiqliklə müşahidəsinə imkan verəcək. Mərkəzdə yerləşən 300 meqapiksellik infraqırmızı kamera vasitəsilə kainatın nəhəng həcmdə məlumatlarının toplanması nəzərdə tutulur.

Romanın fəaliyyətinin ilk mərhələsində Süd Yolundakı 20 milyarddan çox ulduzun xəritəsinin hazırlanması gözlənilir.

Teleskop həmçinin hazırda məlum olan təxminən 6 min ekzoplanetin sayının gələcəkdə 100 mindən çoxa çatdırılmasına kömək edə bilər. Bununla da alimlər Günəş sistemindən kənarda yerləşən planetlərin yayılmasını və xüsusiyyətlərini daha ətraflı öyrənə biləcəklər.

Kosmik teleskopun təxminən 1,5 il ərzində səmanın 12 faizini tədqiq etməsi planlaşdırılır. Onun genişmiqyaslı müşahidələri daha sonra James Webb kimi teleskopların ayrı-ayrı obyektləri daha detallı araşdırması üçün məlumat bazası yaradacaq.

Roman yüz milyonlarla qalaktikanı müşahidə etməklə kainatın genişmiqyaslı quruluşunu da araşdıracaq.

Alimlər xüsusilə zəif qravitasiya linzalanması metodundan istifadə etməyi planlaşdırırlar. Uzaq qalaktikalardan gələn işığın kütlənin təsiri ilə necə əyildiyini öyrənməklə kainatın təxminən 27 faizini təşkil etdiyi düşünülən qaranlıq maddənin üçölçülü xəritəsinin hazırlanması hədəflənir.

Bu məlumatların Böyük Partlayışdan bu günə qədər kainatın necə dəyişdiyini daha yaxşı anlamağa imkan verəcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR