İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni evlərində Azərbaycan İŞIĞI

Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.

Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.

Qeyd edək ki, Paşinyan Azərbaycan və Türkiyədən elektrik enerjisi alınacağını açıqlayıb. Bu görüşü də hazırlıq prosesi saymaq olar.

Bəs Azərbaycanın elektrik nəqli Ermənistanın Rusiyadan enerji asılılığını nə dərəcədə azalda bilər?Ermənistanın Azərbaycan elektrik enerjisindən istifadə etməsi onun Rusiya ilə enerji əlaqələrinə siyasi təsir göstərə bilərmi? Rusiya belə bir prosesə necə reaksiya verə bilər?

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb. İqtisadçı hesab edir ki, Azərbaycanın Ermənistana elektrik enerjisi ixrac etməsi bu ölkənin Rusiyadan enerji asılılığını tamamilə aradan qaldırmasa da, alternativ mənbələrin formalaşmasına şərait yaradacaq:

“Düşünmürəm ki, Azərbaycan elektrik enerjisini Ermənistan bazarına çıxarmaqla, yəni Ermənistana elektrik enerjisi satmaqla Ermənistanın Rusiyadan enerji asılılığını köklü şəkildə dəyişmək mümkün olacaq. Düzdür, asılılıq müəyyən qədər azalacaq, amma tamamilə dəyişə bilməz.Çünki bu gün faktiki olaraq Ermənistanın Rusiya ilə enerji bağlılığı çox ciddi ölçüdədir. Həm də bu enerji bağlılığı yalnız elektrik enerjisindən ibarət deyil. Məsələn, ölkənin istehlak etdiyi təbii qazın əsas, böyük hissəsi Rusiyadan gəlir. Orada “Gazprom Armenia” var və qaz infrastrukturu “Gazprom Armenia”nın nəzarətindədir. İstilik elektrik stansiyalarının fəaliyyəti də məhz Rusiyadan gələn qazdan asılıdır. Azərbaycanın elektrik enerjisi verməsi ilə məsələ bitmir. Eyni zamanda atom energetikasında da Rusiya ilə böyük ölçüdə bağlılıq var”.

Picture background

Eldəniz Əmirovun sözlərinə görə, Azərbaycanın, gələcəkdə isə Türkiyənin Ermənistan üçün alternativ enerji mənbəyinə çevrilməsi mühüm əhəmiyyət daşıyır:“Amma təbii ki, Azərbaycandan və gələcəkdə Türkiyədən Ermənistan üçün alternativ bir enerji mənbəyinin – burada alternativ enerji mənbəyi deyəndə bərpa olunan enerjini nəzərdə tutmuram – digər enerji mənbəyinin birbaşa Ermənistana cəlb olunması alternativ marşrutdur. Bu, aydın məsələdir.Ona görə burada əsas məsələ o deyil ki, bu, Ermənistanın enerji tələbatını tam ödəyəcəkmi. Əsas məsələ odur ki, artıq tədricən alternativ yaranır.Bu gün Ermənistan İranla da, səhv etmirəmsə, Gürcüstanla da elektrik mübadiləsi aparır. Oxşar bir vəziyyət Azərbaycanla da yaranır və eyni zamanda Azərbaycandan Ermənistana birbaşa nəql də olunacaq, yəni elektrik enerjisi ixrac ediləcək.

Laçında keçirilən görüşü də mən hesab edirəm ki, məhz qarşılıqlı idxal-ixrac prosesinin ilkin müzakirəsi kimi qiymətləndirmək olar”.

Ekspert hesab edir ki, Azərbaycanın Ermənistana elektrik enerjisi ixracı Rusiyanın siyasi təsir imkanlarını müəyyən qədər məhdudlaşdıra bilər. Onun fikrincə, Moskvanın bu prosesə mane olmaq cəhdləri gözlənilsə də, bunun effektiv nəticə verməsi çətin olacaq:“Rusiya onsuz da bütün resurslardan, bütün imkanlardan siyasi təsir vasitəsi kimi istifadə edir – həm Gürcüstana, həm Azərbaycana, həm Ermənistana, həm də digər ölkələrə qarşı. Düşünürəm ki, burada da məsələnin gündəmə gəlməsi ilə bağlı Rusiya tərəfindən müəyyən cəhdlər olunacaq.Amma bu cəhdlər effektiv olmayacaq. Çünki bu gün Rusiya blokadada olan, sanksiyalar içində boğulan bir ölkədir. Ermənistana da satmayacaqsa, Ermənistanla da siyasi alət kimi istifadə edəcəksə, o zaman bu qazı, bu enerjini nə edəcək? Müəyyən cəhdlər göstərə bilər, amma böyük ölçüdə hər hansı təsirli, real nəticə əldə edə bilməyəcək. Mən düşünmürəm ki, Rusiya buna nail olacaq. Onsuz da Rusiya bilir ki, bu gün başlayan bu ixrac Ermənistanı Rusiyadan tam azad edə bilməyəcək”.

Müsahibimiz Rusiyanın prosesə siyasi təzyiq vasitələri ilə reaksiya verə biləcəyini də istisna etmir. Onun sözlərinə görə, Moskva daha çox ənənəvi metodlarından istifadə etməyə çalışa bilər:“Rusiya müəyyən qədər siyasi təsirlər göstərməyə çalışacaq. Daha çox öz ənənəvi metodu olan hədə-qorxudan istifadə edə bilər, müxtəlif siyasi fiqurların timsalında müəyyən hədə-qorxu gələ bilər. Çünki Ermənistanın Rusiyadan uzaqlaşması üçün bu, enerji sektoru üzrə bir başlanğıcdır.Nəzərə alın ki, bir qədər öncə Paşinyan dəmir yol xətlərinin və dəmir yolu idarəçiliyinin Rusiyadan alınması üçün 300-400 milyon dollar təklif etmişdi”.

İqtisadçı sonda vurğulayıb ki, Azərbaycan, Ermənistan və Türkiyə arasında enerji əlaqələrinin genişlənməsi istiqamətində Rusiyanın real maneə yaratmaq imkanları məhduddur:“Bir sözlə, Azərbaycan, Ermənistan və Türkiyə arasında enerji əlaqələrinin genişlənməsinə Rusiya mane ola bilməyəcək. Müəyyən cəhdlər göstərə bilər, amma faktiki, praktiki olaraq real hansısa təsir göstərə bilməyəcək. Sadəcə, cəhd edəcəkmi bu təsirə? Bəli, cəhd edəcək”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR