İnsanlara hürriyət, millətlərə istiqlal!

113 məşhur mağaza BAĞLANDI - Radikal qərar verildi

“Dick’s Sporting Goods” 2026-cı maliyyə ilinin ilk yarısında 113 mağazasını bağlayıb. Şirkətin səhmləri isə bir gündə 30 faizdən çox ucuzlaşıb.

Musavat.com xəbər verir ki,ABŞ-ın idman malları üzrə pərakəndə satış nəhəngi “Dick’s Sporting Goods” yüksək xərclər və pərakəndə bazarındakı zəifləmə fonunda genişmiqyaslı ixtisarlara gedib.

Şirkət 2026-cı maliyyə ilinin ilk yarısında 113 mağazanı bağlayıb. Onlardan 3-ü “Dick’s Sporting Goods”un öz mağazaları, 110-u isə 2025-ci ilin sentyabrında 2,5 milyard dollara aldığı “Foot Locker” şəbəkəsinə aid olub.

Bu müddətdə 31 yeni mağaza açılsa da, 1 avqust 2026-cı il tarixinə qrupun ümumi mağaza sayı 3 104-ə düşüb.

Şirkətin 2,5 milyard dollara aldığı “Foot Locker” üzrə aparılan qiymətləndirmədən sonra uzunmüddətli hədəflərə uyğun gəlməyən 67 mağazanın səmərəsiz aktiv kimi bağlanmasına qərar verilib.

Bundan başqa, 41 mağaza köçürülüb və ya yenilənib.

Yenidənqurma prosesi şirkət üçün ciddi maliyyə yükü yaradıb. Avqustun 1-də başa çatan 26 həftəlik dövrdə şirkət 125,8 milyon dollar vergiöncəsi xərc açıqlayıb.

Beləliklə, yenidənqurma prosesinin indiyədək şirkətə başa gələn ümumi məbləği 515,8 milyon dollara çatıb. Genişmiqyaslı transformasiyanın yekun xərclərinin isə 750 milyon dollara qədər yüksələ biləcəyi bildirilir.

“Foot Locker”ın maliyyə göstəricilərinə daxil edilməsi nəticəsində şirkətin ikinci rübdə ümumi satışları illik müqayisədə 53,2 faiz artaraq 5,59 milyard dollara yüksəlib.

Lakin gəlirlilik göstəriciləri pisləşib. Şirkətin xalis gəliri 17,3 faiz azalıb.

“Dick’s” mağazalarının satışları 4,9 faiz artsa da, “Foot Locker” satışlarında 3,6 faiz geriləmə qeydə alınıb.

Şirkətin səhm üzrə düzəldilmiş mənfəəti 3,53 dollar olub. Bu göstərici analitiklərin 3,76 dollarlıq proqnozundan aşağıdır.

Şirkətə əsas təzyiqlərdən biri köhnə model məhsullara marağın azalması və bazarda yaranan artıq ehtiyatlar səbəbindən tətbiq edilən böyük endirimlər olub. Bu isə mənfəət marjasına mənfi təsir göstərib.

Zəif maliyyə nəticələrindən sonra şirkət 2026-cı maliyyə ili üzrə proqnozlarını da aşağı salıb.

İllik xalis satış gözləntisi 21,9-22,2 milyard dollar aralığına, səhm üzrə mənfəət proqnozu isə 10,94-11,94 dollar səviyyəsinə endirilib.

Proqnozların aşağı salınması investorların şirkətə münasibətinə də ciddi təsir edib. 25 avqustda “Dick’s Sporting Goods” səhmləri bir gündə 30 faizdən çox ucuzlaşıb.

Bu, şirkət tarixində qeydə alınan ən böyük birgünlük səhm itkisi olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR