Onlayn ictimai-siyasi qəzet
“Ermənistanda hazırda çox mürəkkəb proseslər gedir”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.
“Hazırda Ermənistanda baş verən daxili siyasi hadisələri şərh etmək istəməzdim. Orada çox mürəkkəb proseslər gedir. Yalnız ümid etmək olar ki, baş verən hər şey qanuna ciddi şəkildə uyğun həyata keçiriləcək və respublikadakı siyasi prosesin bütün iştirakçılarının hüquqlarına riayət olunacaq”, - Peskov bildirib.
Qeyd edək ki, avqustun 25-də Ermənistanın sabiq prezidenti Robert Köçəryan və böyük oğlu Sedrak saxlanılıb. Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvətxorluq ittihamları irəli sürülüb. Baş nazir Nikol Paşinyan hüquq-mühafizə orqanlarına Robert Köçəryanın və üçüncü prezident Serj Sarkisyanın əmlakını müsadirə etməyi tapşırıb.
Bu hadisələr referendumun keçirilməsi üçün cığırın açıldığı ehtimalını gücləndirir. Məlumdur ki, hakimiyyət qarşısında əsas əngəl revanşist müxalifətin xalqı səfərbər edə bilməsi riski idi. Son parlament seçkilərində müxalifətin topladığı səs göstərdi ki, iqtidar konstitusion üstünlüyü qazana bilməyib. Amma bu son da deyil.
Bu mənada revanşistlərin zərərsizləşdirilməsi fonunda referendum və sülh sazişinin imzalanması üçün yolun açıldığını söyləmək mümkünmü?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Ermənistanda baş verənlər gözlənilən hadisələrdir: “Biz seçki kampaniyası dövründə tərəflərin bir-birinə qarşı olduqca sərt ittihamlarının şahidi olmuşduq. Paşinyan hələ o zaman öz rəqibləri Samvel Karapetyan, Robert Köçəryan və Qaqik Tsarukyanı “üçbaşlı müharibə partiyası” adlandıraraq onlarla seçkidən sonra hesablaşacağını bəyan etmişdi və demişdi ki, bu şəxslər dövlət əmlakını mənimsəyiblər.
Bir neçə gün öncə hökumətin 2026-2031-ci il proqramını parlamentdə təqdim eləyərkən də Paşinyan bildirdi ki, Köçəryan və Sərkisyan dönəmində dövlətdən oğurlanmış 2 milyard dollara yaxın vəsait geri qaytarılmalıdır. Proses artıq başlanıb. Köçəryan, Tsarukyan həbs olunub, Karapetyan ev dustağıdır. Bunlar çox ciddi və dramatik hadisələrdir, inqilaba bərabər hadisələrdir. Eyni zamanda, cəmiyyət üçün həm mürəkkəb, həm də əhəmiyyətli olaylardır”.
Politoloq hesab edir ki, Paşinyan bu addımları atmaqla bir neçə hədəfə çatmağı nəzərdə tutur: “Birincisi, korrupsiya ilə çox ciddi mübarizə apardığını cəmiyyətə göstərir, ikincisi öz rəqiblərini tamamilə sıradan çıxarır, onların biznes strukturlarını, pullarını dövlətə geri almaqla onları maliyyə cəhətdən zəiflətmək istəyir, üçüncüsü sülh prosesi yolundakı əngəlləri təmizləyir.
Konstitusiya dəyişikliklərinə gedilməsi üçün referendum keçirmək istəyən Paşinyan bu prosesə mane olacaq ünsürləri zərərsizləşdirmək istəyir. Bu baxımdan hesab etmək olar ki, referendum və sülh sazişinin imzalanması üçün yolun əngəl qalmadan açılması istiqamətində də addımlar atılır”.
Etibar Seyidağa,
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ