İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus əsgəri Ukraynada NEÇƏ dəqiqə yaşayır? – Putinə ÜZÜCÜ xəbər

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya məxfi səfəri ilə bağlı yeni detallar ortaya çıxıb. “The New York Times” qəzeti yazıb ki, Retkliff Federal Təhlükəsizik Xidmətinin (FTX-“FSB”) rəhbəri Aleksandr Bortnikova Rusiyanın son 18 ay ərzində Ukrayna ərazisinin təxminən 1%-ni ələ keçirdiyini deyib.

MKİ şefi onu da diqqətə çatdırıb ki, döyüş mövqelərinə yerləşdirilən rus əsgərləri orta hesabla 20-30 dəqiqə sağ qalır. O, əsas səbəblərdən biri kimi Ukraynanın ucuz döyüş dronlarının effektivliyini göstərib. “The New York Times” əlavə edib ki, Con Retkliff Kiyevin PUA-lardan istifadəsindəki uğurunu vurğulayaraq, Rusiya tərəfini ciddi danışıqlara çağırıb.

Yəni ki, nə qədər gec deyil, ağlınızı başınıza yığın, göylə gedib maksimalist tələblər irəli sürməyin, yoxsa davamı Rusiya üçün daha pis gələcək...

“The New York Times” kimi bir nəşrin öz mötəbər mənbələrinə istinadən ictimailəşdiyi bu məlumatı qəribçiliyə salmaq yanlış olar. Belədirsə, söhbət, əslində, Trampın Vladimir Putinə kifayət qədər mühüm və bəlkə də son mesajı və ya ismarışından gedir.

СМИ: Путин в разговоре с Трампом снова потребовал Донбасс в качестве  условия прекращения войны - Ziarul de Gardă RUS

Ancaq Putin çətin ki, belə şeyləri ciddiyə alsın. 4 il yarımda sübut olunub ki, onun üçün rusiyalı əsgərlərinin həyatı yox, sayı önəmlidir. Rəsmi Kreml təkzib eləsə də, ehtimal böyükdür ki, gələn ay Dövlət Dumasına keçiriləcək seçkilərdən sonra ölkədə səfərbərliyə gediləcək.

Çünki cəbhədə “top əti” qıtlığı getdikcə daha kəskin hiss olunmaqdadır. Quru əməliyyatları olmadan isə yeni ərazi ələ keçirmək mümkünsüz. Lap nüvə bombası at, xeyri yoxdur. Təsadüfi deyil ki, işğalçı ordu 18 ay (ilyarım) ərzində cəmi 1% ərazi zəbt edə bilib...

Xüsusən də seçkilərdə hakim “Vahid Rusiya” partiyası yenə qalib olarsa, bu, Kreml başçısına səfərbərlik üçün yeni stimul, hətta “kart-blanş” anlamına gələcək. O halda Putin düşünəcək ki, madam mənim partiyamı qalib eləməklə toplum “müharibəyə davam” deyib, onda niyə dayanmalıyam ki, istədiyimi edim.

Hərçənd, çətin ki, sentyabr seçkiləri legitim hesab olunsun. Müharibə gedə-gedə, fövqəladə vəziyyətdə, TV-lərin total nəzarətdə olduğu və Kremldən gələn təlimatlar əsasında yalnız işğalçı savaşı təbliğ elədiyi vaxtda hansı azad və ədalətli seçki? Ona qalsa, Ukrayna da eyni addımı ata bilərdi. Əgər Rusiyada “Yabloko” başda olmaqla, müharibə əleyhdarı olan qurum və şəxslər seçkilərə buraxılmayıbsa, hansı dürüst nəticələrədən danışmaq olar?..

Qayıdaq MKİ direktorunun Kremlə çatdırdığı bəd xəbərə və Ağ Evin Kremlə ciddi danışıqlarla bağlı təklifinə. Rusiyanın hərbi-siyasi rəhbərliyi Vaşinqtonun mesajını düzgün oxuya biləcəkmi? Şübhə edirik.

Bu yerdə politoloq Qabil Hüseynli də tam haqlıdır deyəndə ki, Rusiya indi isterik vəziyyətdədir və Donbas uğursuzluğuna görə neçə vaxtdır öz ətrafını, dünyanı hədələməklə məşğuldur. Sitat: “12 ildir Donetski götürə bilmirlər, amma gah Britaniyaya, gah Azərbaycana, gah Baltikyanı dövlətlərə dil uzadırlar. Ermənistana, Moldovaya hərbə-zorba gəlir, Almaniyanı, Fransanı vurmaqla hədələyirlər. Bu, uğursuzluğun psixoloji əhvalıdır”.

Gerçəkdən də biz Duma spikeri Vyaçeslav Volodinin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin, XİN sözçüsü Mariya Zaxarovanın üz cizgilərində Kremlin əsl simasını görmək olar. Politoloqun qənaətincə, onlar dəhşətli dərəcədə əsəbi, qəzəblidirlər və qisas hissi ilə alışıb-yanırlar: “Moskva hamını cəzalandırmaq, böyük imperiya olduğunu sübuta yetirmək istəyir. Əgər gücləri çatsaydı, doğurdan da bəşəriyyət qorxunc neofaşizmin əsarətində olardı. Amma Ukrayna xalqının və ordusunun qəhrəmanlığı onun bu kabus kimi görünən planlarını pozub. Ona görə də “yetənə yetirlər, yetməyənə bir daş atırlar”.

Слава Україні!..

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR