İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə yaxın kriminal avtoritet həbsdən buraxıldı

Rusiyada sifarişli qətlin təşkilində ittiham olunan nüfuzlu peterburqlu biznesmen İlya Traber Moskvanın “Lefortovo” istintaq təcridxanasından azad edilib. 1990-cı illərin Peterburq biznes mühitinin ən qalmaqallı simalarından sayılan Traberin adı uzun illərdir Vladimir Putinin həmin dövrdəki çevrəsi ilə əlaqələndirilir.

Musavat.com xəbər verir ki, Traber barəsində cinayət işini aparan Rusiya İstintaq Komitəsinin müstəntiqi avqustun 27-də onun həbsdən azad edilməsi barədə qərar qəbul edib.

Traber “Lefortovo”dan çıxdıqdan sonra Sankt-Peterburqa yollanıb.

Qərarın səbəbi kimi onun səhhətinin kəskin pisləşməsi göstərilib. Vəkillər istintaqa müvafiq tibbi rəylər təqdim ediblər. Bununla belə, “Fontanka” xüsusi vurğulayır ki, Traberə qarşı ittihamlar götürülməyib.

İlya Traber iyunun 17-də 2020-ci ildə Vıborq rayonunda biznesmen və deputat Aleksandr Petrovun sifarişli qətli ilə bağlı həbs edilmişdi. Petrov öz evinin ərazisində hamamdan çıxarkən ürəyindən açılan bir atəşlə öldürülmüşdü.

İstintaq mümkün motiv kimi biznes münaqişəsini nəzərdən keçirir. Traber və Petrovun maraqlarının liman, yanacaq və gəmiqayırma biznesində kəsişdiyi bildirilir.

Traberin adı isə Rusiyada çoxdan təkcə bizneslə əlaqələndirilmir. O, 1990-cı illərdə Sankt-Peterburqda formalaşan biznes strukturları ilə bağlı müxtəlif jurnalist araşdırmalarının qəhrəmanı olub. Həmin dövrdə şəhər meriyası ilə sıx işləyib və Peterburq dəniz limanı, eləcə də antikvar bazarı ilə bağlı məsələlərdə o vaxt meriyada yüksək vəzifə tutan Vladimir Putinlə təmaslarının olduğu barədə illərdir məlumatlar yayılır.

Hazırda Traberin biznes imperiyasının əsasını dəniz terminalları, logistika, Baltik sahillərində torpaq aktivləri, liman xidmətləri, neft-qaz və nəqliyyat layihələri təşkil edir.

Beləliklə, sifarişli qətldə ittiham edilərək iyunda “Lefortovo”ya göndərilən Traber cəmi iki aydan bir qədər artıq müddət sonra azadlığa çıxıb. Lakin cinayət işi davam edir və onun üzərindən ittihamlar götürülməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR