İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiberpolisdən əməliyyat – Dostlarının milyonlarını qumarda uduzan şəxsə AĞIR HÖKM oxundu!

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Musavat.com xəbər verir ki, kiberpolisin həyata keçirdiyi növbəti tədbirlərlə saxlanılan Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənovun ölkə ərazisində fəaliyyəti qadağan olunan “Xbet”, “MostBet” və “Vimpay” platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyən olunub.

Təqsirləndirilən şəxslərin paytaxt ərazisində icarəyə götürdükləri mənzildən qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün istifadə etdikləri texniki vasitələr, bank kartları, mobil telefonlar və nağd pul vəsaitləri aşkarlanıb.

İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri qeyd olunan platformalar vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İdarə bir daha vətəndaşları sosial şəbəkələrdə və internet platformalarında təklif olunan qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırır. Belə qanunsuz oyunların təşkili və idarə olunması, eləcə də oyunçu qismində iştirak qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət yaradır.

Qazaxda onlayn qumar oynayan şəxs cərimə olundu | Baku.ws Xəbər saytı - Son  xəbərlər və Hadisələr

Azərbaycanda qanunsuz mərc oyunları və qumara həvəskarların sayının artması ölkədə dələduzluq hallarının çoxalmasına birbaşa təkan verir. Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan növbəti cinayət işi də bu acı reallığı bir daha gözlər önünə sərir. Məhkəmədə dələduzluqda təqsirləndirilən Rəsul Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Təqsirləndirilən şəxs Rəsul Musayev ifadəsində bildirib ki, zərərçəkmiş Mirəli ilə məhsul alacağına dair dəfələrlə danışıqları olub: "Bununla bağlı 2025-ci ilin dekabr ayında nümunələrə baxmağa getməli idim. Məqsədim Mirəlidən aldığım pul məbləğlərini 90-100 min manata çatdıraraq üç konteyner malın pulunu vermək idi. Mirəlidən aldığım pulları qeyri-qanuni üsullarla artırmaq istəyirdim, həmin üsullardan biri də “1Xbet” mərc oyunları idi. Lakin elə oldu ki, ilk məbləğdə pulu uduzdum”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Mirəlidən 3000 manat, daha sonra 5000 manat da pul alaraq oyuna qoyub: "Lakin bütün pulları oyunda uduzdum. Bundan sonra Mirəliyə daha böyük məbləğlə, yəni 40-50 min manat stabil işi görmək təklifi etdim. Mirəli də hissə-hissə pulları mənə verdi. Mirəlidən ümumilikdə təxminən 52 000 manata yaxın pul almışam".

Təqsirləndirilən şəxs deyib ki, digər zərərçəkmiş Kamal Cəfərovu da eyni məzmunda, yəni kafel-metlak satışını həyata keçirmək adı ilə aldadaraq ilk olaraq 6000 manat alıb: “Bundan sonra daha böyük məbləğlər aldım və yenə də pulları oyunda uduzdum. Kamala arada udduğum məbləğlərdən ödəniş etmişəm. Hər iki zərərçəkmişə ümumilikdə 7000 manata yaxın pul qaytarmışam. Əvvəllər də “1Xbet” mərc oyunları oynamışam, amma budəfəki qədər böyük məbləğlər qoymamışam. Əvvəllər bu oyundan qazanc əldə edəcəyimə ümidlənsəm də, sonradan heç kimin oyunlardan qazanc götürmədiyini bildim. Mən mərc oyunlarında 5000 manat və 7000 manat pullar qazanmışam. Həmin uduşlardan da xırda məbləğlərdə həm Mirəliyə, həm də Kamala ödənişlər etmişəm. Onların pulunu qaytarmaq istəyirəm. Bunu həbsdən azad edildikdən sonra edə bilərəm. Bu əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş Kamal Cəfərov isə ifadəsində Rəsulu 10-15 ildir tanıdığını bildirib: “Mən dərman firmasında mal paylamışam, dəfələrlə çətin vəziyyətində Rəsula maddi kömək etmişəm. Hadisələrin baş verdiyi ərəfədə əməliyyatdan yeni çıxmışdım. Rəsul dörd dəfə zəng edərək mənimlə görüşmək istədiyini və bəzi təkliflərinin olduğunu dedi. Ona təkliflərdən birmənalı olaraq uzaq olduğumu bildirdim. Çox təkidlərdən sonra onunla görüşdüm. Görüş zamanı anamgilin evində işləyən ustalara pul verməli olsam da, pulu Rəsula verdim".

Kamal Cəfərov qeyd edib ki, Rəsula 2025-ci ildə avqust ayının əvvəlində Abşeronda 6000 manat, "Rich Plaza"nın yanında bir dəfə 30 500 manat, bir dəfə də 35 000 manat verib: “Sentyabrın sonunda uşağıma görə xaricə getməli oldum. Rəsula oktyabr ayının əvvəli gələcəyimi və pulları alacağımı bildirdim. Sentyabrın 25-dən sonra Rəsulu tapa bilmədim. Rəsulun qardaşı ilə əlaqə saxladım. Qardaşı Rəsulun bir dəfə də belə iş gördüyünü və kimlərisə aldatdığını dedi".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Musayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR