İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA

“Ermənistan Rusiyada yeni səfərbərlik elan ediləcəyi təqdirdə ölkəyə gəlmək istəyən Rusiya vətəndaşlarına mane olmayacaq”. Bunu “Dojd” telekanalına Ermənistan Təhlükəsizlik Şurasının katibi, sabiq spiker Alen Simonyan bildirib.

Simonyan Rusiya ilə “ittifaq dövləti” ideyasını ələ saldı | Modern.az

Onun sözlərinə görə, sərhəddə rusiyalılardan ölkəyə gəliş səbəbləri soruşulmayacaq. Simonyan vurğulayıb ki, Rusiya vətəndaşları Ermənistana xarici pasport olmadan da gələ bilərlər. "Rusiya insanına yalnız bir söz deyə bilərəm: "Ermənistana xoş gəlmisiniz", - deyə o bəyan edib və əlavə edib ki, zərurət yarandıqda Ermənistan hakimiyyəti köməklik göstərməyə hazırdır.

Qeyd edək ki, gələn ay Dövlət Dumasının seçkilərdən sonra Rusiyada səfərbərlik olacağı haqda KİV-də informasiyalar artıb. Lakin Kremldə hələ ki, bu xəbərləri "informasiya uydurması" adlandırlar.

Yorğun rus hərbçilərinin “siqaret fasiləsi” – “Bu, onların ölkəsini  dağıdacaq”

Bəs Azərbaycan da rusiyalı fərarilərə qapı açarmı?

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Simonyanın açıqlaması Rusiya-Ermənistan münasibətlərinin gərgin dövrünə təsadüf edib və o sözlər istehza ilə deyilib. Onun fikrincə, Azərbaycandan belə bir rəsmi çağırış gözlənilmir, hərçənd Bakı-Moskva münasibətlərində sərinlik müşahidə olunsa da.

Hərbi şərhçi qeyd edib ki, Simonyan bir növ Rusiyaya acıq vermək istəyib: “Açığı, prezident Putinin səfərbərlik elan edəcəyini gözləmirəm. Bu barədə xəbərlər dolaşır, cəmiyyətdə müəyyən narahatlıq var, amma cəbhədə 700 mindən çox canlı qüvvə var. Doğrudur, itkilərlə bağlı fərqli rəqəmlər səslənir. Rusiyanın ayda 30 min canlı qüvvə itkisi olduğunu deyənlər də var, daha azını söyləyənlər də. Üstəlik, indi Rusiyanın canlı qüvvə azlığından daha çox PUA müharibəsində problemi var. Yəni şəhərlərə dron hücumları davam edir, strateji müəssisələri vurur, ona görə Ukrynanın bu strategiyasının qarşısını almaq üçün addımlar atılmalıdır. O nöqteyi-nəzərdən, payızda bəlkə qeyri-rəsmi şəkildə qismən səfərbərlik reallaşa bilər. İndi qoşunların irəliləyiş tempi də aşağı düşüb. Odur ki, Rusiya PUA savaşına adaptasiya olmalıdır”.

CROSSMEDIA - Ekspert: Rusiyada səfərbərlik olsa, Ukrayna da çağırışı  gücləndirməli olacaq

Ramil Məmmədli Azərbaycana Rusiya vətəndaşlarının gəlməsində isə problem olmadığını xatırladıb: “Bu ilin statistikasına da baxanda məlum olur ki, ölkəmizə ən çox xarici vətəndaş Rusiyadan gəlib. Əgər səfərbərlik fonunda Azərbaycana gələnlər olarsa, biz yenə mane olmayacağıq. Onsuz da ölkəmizdə xarici vətəndaşların qalma müddəti var. Səhv etmirəmsə, 90 gün sonra ölkəni tərk etməlidirlər. Amma gələn də səfərbərlikdən yayındığını deməyəcək. Digər tərəfdən, Rusiyanın başqa sərhədləri də var. Eyni zamanda, bir daha vurğulayıram ki, Simonyan bu məsələdə spekulyasiyaya yol verib və həmin bəyanatın hansı münasibətlər şəraitində səsləndirilməsinə diqqət yetirmək lazımdır”.

Qeyd edək ki, Rusiya Ukraynaya genişmiqyaslı müdaxilənin başlanmasından bəri döyüş meydanında təxminən 1,4 milyon itki verib, 2026-cı ildə isə Rusiyanın itkiləri ayda orta hesabla 30 min hərbçi təşkil edir. "Forbes" belə məlumat yayıb. "Bu fonda Moskvada Dövlət Dumasına payız seçkilərindən sonra yeni səfərbərlik dalğasının hazırlanması ehtimal olunur. Eyni zamanda, böyük itkilərə baxmayaraq, Rusiya 2026-cı ilin yaz və yay hücum kampaniyaları zamanı əhəmiyyətli əməliyyat uğurları əldə edə bilməyib. İtkilər yalnız şəxsi heyətlə məhdudlaşmır. Rusiya həmçinin əhəmiyyətli sayda hərbi texnika və Qara dəniz donanmasının gəmilərini itirib, Ukraynanın neft emalı infrastrukturuna endirdiyi zərbələr isə Rusiya iqtisadiyyatına əlavə təzyiq yaradıb", - məlumatda deyilib.

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR