İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuz Məhkəməsində “böhtan” ittihamı təsdiqini tapmadı – bəraət verildi

Dövlət orqanlarına şikayət etmək öz-özlüyündə böhtan sayıla bilməz. Məhkəmə şəxsin işəgötürən tərəfindən mobbinqə (psixoloji təsirə) məruz qalmasını müəyyən etdi – bəraət verdi.

Tovuz Rayon Məhkəməsi xüsusi ittiham qaydasında baxılan cinayət işi üzrə 2 şəxs barəsində böhtan ittihamlarına bəraət hökmü çıxarıb.

İş üzrə xüsusi ittihamçı iki şəxsin onun barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini, eləcə də işgüzar nüfuzunu ləkələyən məlumatlar yaydığını iddia edib. Şikayətdə səsləndirilən ifadələrə, həmin görüntülərin sosial şəbəkədə yayılmasına və müxtəlif dövlət qurumlarına ünvanlanmış müraciətlərə istinad olunub.

Məhkəmə sübutları araşdıraraq qeyd edib ki, böhtan cinayətinin tərkibinin müəyyən edilməsi üçün yalnız məlumatın yayılması kifayət deyil. Yayılan məlumatın həqiqətə uyğun olmaması, şəxsin şərəf və ləyaqətini və ya işgüzar nüfuzunu ləkələməsi, habelə şəxsin bilərəkdən yalan məlumat yaymaq niyyətinin olması sübuta yetirilməlidir.

Yayılmış videoda əvvəl “rüşvət almısan” ifadəsi səsləndirilsə də, sonradan “almamısan, istəmisən” şəklində düzəliş edildiyi müəyyən olunub. Məhkəmə bu düzəlişi təqsirləndirilən şəxslərin qarşı tərəfə bilərəkdən şər-böhtan atmaq niyyətində olmaması kimi qiymətləndirərək bildirmişdir ki, mühit və şərait təqsirləndirilən şəxsə öz rüşvət ittihamını davam etdirməyə imkan verdiyi halda, o, öz təşəbbüsü ilə faktı dəqiqləşdirmişdir. Məhkəmə bu davranışı səmimiyyət və əsassız ləkələməkdən çəkinmə kimi dəyərləndirmişdir.

Məhkəmə müəllimin direktordan ayrı-ayrı dövlət orqanlarına edilən şikayətlərin məzmununu pedoqoji şuranın iclasında direktor tərəfindən başqa bir müəllimə  oxutduraraq kollektiv önündə nümayiş etdirməsini müəllimi kollektivin gözündə nüfuzdan düşürmək, onu təcrid etmək və psixoloji təzyiqə (mobbinqə) məruz qoymaq məqsədi daşıdığı qənaətinə gəlmişdir.

Məhkəmə qeyd etmişdir ki, rüşvət tələbinin öz təsdiqini tapmaması hələ o demək deyildir ki, müəllim yalanı qəsdən uydurmuşdur. Bu, sadəcə faktın hüquqi baxımdan sübuta yetirilməməsidir (sübut yetərsizliyidir).

Pedoqoji Şuranın direktora "şiddətli töhmət verilməsini tapşırması" və ya "işdən azad edilməsini tapşırması" hüquqi cəhətdən direktorun mülahizə və səlahiyyət sərbəstliyini mənimsəmək kimi məhkəmə tərəfindən müəyyən edilmişdir. Şuranın "bir daha belə nöqsanlara yol verərsə, işdən azad edilsin" şəklində əvvəlcədən şərt kəsməsi gələcəkdə veriləcək mümkün bir qərarı indidən müəyyənləşdirmək cəhdi kimi, bu halın işçiyə qarşı hüquqi deyil, psixoloji təzyiq və qərəzli təqib (mobbinq) göstəricisi kimi qiymətləndirilmişdir.

Məhkəmə xüsusi ittihamçının dövlət orqanlarına ünvanlanmış şikayət və müraciətləri ilə bağlı da mühüm hüquqi mövqe ifadə edib. Hökmdə qeyd olunub ki, vətəndaşın mümkün qanunsuzluqlar barədə səlahiyyətli dövlət orqanlarına müraciət etməsi, hətta həmin məlumatlar sonradan təsdiqini tapmasa belə, avtomatik olaraq böhtan hesab edilə bilməz. Belə müraciətlərin məqsədi hüququn müdafiəsi və mümkün qanunsuzluğun araşdırılmasını təmin etmək ola bilər.

Hökmdə Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə istinad edilərək vətəndaşların dövlət orqanlarına müraciət etmək və onların fəaliyyətini tənqid etmək hüququna malik olduğu, tənqidə görə təqibin yolverilməzliyi vurğulanıb. Məhkəmə bütün sübutları birlikdə qiymətləndirərək təqsirləndirilən şəxslərin qəsdən həqiqətə uyğun olmayan məlumat yayaraq xüsusi ittihamçının nüfuzunu ləkələmək niyyətinin sübuta yetirilmədiyi qənaətinə gəlib. Nəticədə hər iki şəxsə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilib.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR