Onlayn ictimai-siyasi qəzet
Moskva vilayətinin Çexov rayonunda Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli torpaqların mənimsənilməsi ətrafında qalmaqalda adı hallanan “Marins Group” və onun rəhbəri Albert Sarkisyan barədə yeni məlumatlar yayılıb. Araşdırma müəllifləri şirkətlər qrupunun hərbi strukturlarla əlaqələrinin uzun illərə gedib çıxdığını bildirirlər.
Musavat.com xəbər verir ki, “Marins Group”un əsasını Nijni Novqoroddan olan keçmiş dəniz piyadası Aleksandr Kulikov qoyub.
O, 1990-cı illərdə ordudan olan dostları ilə biznes qurmağa başlayıb və sonradan müxtəlif sahələri əhatə edən böyük şirkətlər şəbəkəsi yaradıb. Kulikov 2016-cı ildə Krımda helikopter qəzasında həlak olub.
Kulikovun Müdafiə Nazirliyi və digər güc strukturları ilə əlaqələri xüsusi diqqət çəkir. O, general-polkovnik Valentin Yakovlevin rəhbərlik etdiyi “Tayfun” dəniz piyadaları təşkilatı, təhlükəsizlik və hüquq-mühafizə strukturları ilə tarixən bağlı “Dinamo” idman cəmiyyəti və müxtəlif veteran birlikləri ilə sıx münasibətlər saxlayıb. Kulikov “Morskoy pexotinets” jurnalını maliyyələşdirib, FSB, Daxili İşlər Nazirliyi və bir sıra hərbi təşkilatların mükafatlarına layiq görülüb.
Onun kino şirkəti də güc strukturları ilə əməkdaşlıq edib. 2017-ci ildə FSB-nin 100 illiyi münasibətilə “VÇK” adlı sənədli film hazırlanaraq quruma hədiyyə edilib.
Araşdırmada Kulikovun bioqrafiyasının başqa bir maraqlı detalı da göstərilir. Bildirilir ki, o, 1990-cı illərdə ABŞ-da Ron Habbardın metodları üzrə birillik kurs keçib və sonradan yaratdığı şirkətlərdə sayentoloji idarəetmə üsulları tətbiq olunub. İşçilər üçün sərt daxili qaydalar, cərimələr, nəzarət sistemi, hətta şirkət himnini əzbərləmək və korporativ tədbirlərdə məcburi iştirak kimi tələblərin mövcud olduğu iddia edilir. Kulikov sonradan sayentologiyadan uzaqlaşaraq pravoslavlıq və hərbi-vətənpərvərlik fəaliyyətinə yönəlib.
Kulikovun ölümündən sonra isə “Marins Group”un idarəçiliyi Albert Sarkisyana keçib. Araşdırma müəllifləri şirkətdə Kulikovla daha uzun müddət çalışmış top-menecerlərin olmasına baxmayaraq, rəhbərliyin məhz Sarkisyana verilməsinə diqqət çəkirlər.
Hazırda qrupun Rusiyanın müxtəlif regionlarında torpaq sahələri, ticarət mərkəzləri, mehmanxanalar, kənd təsərrüfatı və digər aktivlərə sahib çoxsaylı şirkətlərdən ibarət geniş biznes şəbəkəsini birləşdirdiyi bildirilir. Bu strukturların bir hissəsinin Kulikovun keçmiş etibarlı əməkdaşlarının adına rəsmiləşdirildiyi iddia olunur.
Şəbəkədə Sarkisyanla yanaşı Maksim Polyakov, Liana Yakuşenoks, Yuliya Kapanina və Dmitri Roqaçovun adları çəkilir. Roqaçov həm də “Marins Group”un direktorlar şurasının üzvüdür və Sarkisyanın köhnə müəllimi və tərəfdaşı, Nijni Novqorod Vilayət Vəkillər Palatasının rəhbəri Nikolay Roqaçovun oğludur.
Araşdırmanın əsas diqqəti isə bu geniş biznes şəbəkəsinin Moskva vilayətinin Çexov rayonunda Müdafiə Nazirliyi ilə əlaqəli torpaqların mənimsənilməsi qalmaqalında üzə çıxmasına yönəlib. Müəlliflər “Marins Group”un Müdafiə Nazirliyi ətrafında görünməsini təsadüfi hesab etmir və şirkətin hərbi çevrələrlə əlaqələrinin hələ Kulikovun dövründə formalaşdığını vurğulayırlar.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ