Onlayn ictimai-siyasi qəzet
Ekspert deyir ki, problemin səbəbi regionların iqtisadi potensialından tam istifadə olunmamasıdır
Azərbaycanda regionların iqtisadiyyatdakı payı və sahələr üzrə ixtisaslaşma məsələsi yenidən gündəmə gəlib. “Yeni Müsavat” xəbər verir ki, Milli Məclisdə dövlət büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı deputat Ziyad Səmədzadə ölkədə regional inkişaf, kənd təsərrüfatı və sənaye sahələrinin vəziyyəti ilə bağlı ciddi rəqəmlər səsləndirib. Onun sözlərinə görə, hazırda ümumi daxili məhsulun cəmi 12 faizi regionların payına düşür ki, bu da ciddi disbalansı göstərir.
Deputat həmçinin kənd təsərrüfatında ixtisaslaşmanın zəif olduğunu, bəzi ənənəvi sahələrin - xüsusilə pambıqçılıq və baramaçılığın - əvvəlki dövrlərlə müqayisədə zəiflədiyini, yüngül sənayedə isə məşğulluğun kəskin azaldığını bildirib. Eyni zamanda kənd təsərrüfatına ayrılan vəsaitlə elmi tədqiqatlara yönəldilən maliyyə arasında böyük fərq olduğunu da vurğulayıb.
Azərbaycanda kənd təsərrüfatı və sənaye sahələrində ixtisaslaşmanın zəif olmasının əsas səbəbləri nədir? Pambıqçılıq və baramaçılıq kimi ənənəvi sahələrin zəifləməsi hansı iqtisadi və idarəetmə problemləri ilə bağlıdır?

Akif Nəsirli
Liberal İqtisadçılar Birliyinin sədri, aqrar sahə üzrə ekspert Akif Nəsirli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Azərbaycanda kənd təsərrüfatı və sənaye sahələrində ixtisaslaşmanın zəif olmasının əsas səbəblərindən biri regionların iqtisadi potensialından tam istifadə olunmamasıdır. Müxtəlif dövlət proqramlarında ayrı-ayrı bölgələrin təbii-iqlim şəraiti, resursları və ənənəvi istehsal istiqamətləri nəzərə alınsa da, praktiki nəticələr gözlənilən səviyyədə olmayıb. Bir çox hallarda eyni məhsulların müxtəlif regionlarda paralel şəkildə istehsalına üstünlük verilib, bu isə rəqabət üstünlüyünün formalaşmasına mane olub. Kənd təsərrüfatında torpaq sahələrinin xırda olması, kooperasiya ənənələrinin zəif inkişaf etməsi, emal sənayesinin kifayət qədər genişlənməməsi və bazarlara çıxış imkanlarının məhdudluğu da ixtisaslaşmanın dərinləşməsinə mane olan amillər sırasındadır.
Pambıqçılıq və baramaçılıq kimi ənənəvi sahələrin zəifləməsi isə həm iqtisadi, həm də idarəetmə problemləri ilə bağlıdır. Sovet dövründə bu sahələr vahid istehsal zəncir sistemi əsasında fəaliyyət göstərirdi. Xammal istehsalından emala və satışa qədər bütün mərhələlər dövlət tərəfindən koordinasiya olunurdu. Müstəqillik dövründə həmin sistem dağıldıqdan sonra yeni bazar mexanizmlərinin tam formalaşdırılması vaxt aldı. Nəticədə fermerlər üçün rentabellik azaldı, texniki təminat zəiflədi, peşəkar kadr çatışmazlığı yarandı. Eyni zamanda dünya bazarlarında qiymət dəyişkənliyi, istehsal xərclərinin artması və emal müəssisələrinin sayının məhdud olması bu sahələrin inkişaf tempinə mənfi təsir göstərdi".
İqtisadçı əlavə edib ki, dövlət proqramlarının icrasında yaranan problemlər daha çox icra mərhələsində özünü göstərir: “Son illərdə qəbul edilmiş strateji sənədlərdə və dövlət proqramlarında regionların inkişafı, kənd təsərrüfatının modernləşdirilməsi və qeyri-neft sektorunun genişləndirilməsi ilə bağlı kifayət qədər əhatəli hədəflər müəyyənləşdirilib. Lakin bəzi hallarda layihələrin icrasına nəzarətin zəif olması, ayrılan vəsaitlərin səmərəliliyinin tam təmin edilməməsi, elmi tədqiqatların nəticələrinin istehsalata tətbiqində problemlər və yerli səviyyədə koordinasiya çatışmazlığı gözlənilən nəticələrin əldə olunmasını çətinləşdirir. Kənd təsərrüfatına ayrılan böyük maliyyə resursları ilə aqrar elmin maliyyələşdirilməsi arasında fərqin olması da innovativ yanaşmaların tətbiqini ləngidir və məhsuldarlığın artım potensialını məhdudlaşdırır”.
Akif Nəsirli hesab edir ki, regionların iqtisadi inkişafında daha balanslı nəticələr əldə etmək üçün hər bir bölgənin konkret sahələr üzrə ixtisaslaşmasının gücləndirilməsi, emal sənayesinin genişləndirilməsi, aqrar elmlə istehsalat arasında əlaqələrin möhkəmləndirilməsi və dövlət proqramlarının icrasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vacibdir: “Bu istiqamətlərdə atılacaq addımlar həm regionların iqtisadiyyatdakı payının artmasına, həm də ənənəvi sahələrin yenidən rəqabətqabiliyyətli olmasına şərait yarada bilər”.
Hazırladı: Afaq Mirayiq
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ