İnsanlara hürriyət, millətlərə istiqlal!

“Quru sərhədlərin bağlı qalması əhalinin həyatına ciddi təsir etməyib” – Musa Quliyevdən sensasion açıqlama

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Musavat TV”nin canlı efirində quru sərhədlərinin bağlı qalması məsələsinə toxunub. Deputatın səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, millət vəkili sərhədlərin bağlı qalmasını təhlükəsizlik amilləri ilə əlaqələndirib və bunun əhaliyə ciddi təsir etmədiyini iddia edib:

“Bu ilin sonuna qədər təhlükələr aradan qalxa bilər”

“İranda 30 milyondan çox soydaşımız yaşayır və orada müəyyən çətinliklər mövcuddur. Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra sərhədlərin açılması məsələsinə, yəqin ki, baxılacaq. Dəqiq bilməsəm də, düşünürəm ki, bu qərar tamamilə təhlükəsizliklə bağlıdır. İnanıram ki, bu ilin sonuna qədər təhlükələr aradan qalxacaq və sərhədlər açılacaq”.

“Sərhədlərin bağlı olması əhalinin həyatına mənfi təsir etməyib”

“Sərhədlərin açıq və ya bağlı olması arasında, əlbəttə, fərq var. Amma bu qərar Azərbaycan vətəndaşının həyatına çox ciddi mənfi təsir etməyib. Artıq 4–5 ildir ki, insanlarımız bu şəraitdə yaşayır və həyatlarına davam edirlər. Düzdür, əvvəl avtomobillə Gürcüstana gedirdilərsə, indi təyyarə ilə getməyə məcburdurlar. Amma bu, qlobal problem deyil, ötəri çətinlikdir”.

“İnsanlar reallıqla barışmalıdır”

“Müharibə və ya fövqəladə vəziyyət zamanı insanlar mövcud şərtlərlə razılaşmalı olurlar. Reallıq bunu tələb edir. Bu, Qarabağ müharibəsi və ya COVID-19 pandemiyası kimi həll olunmaz qlobal problem deyil. Sadəcə müvəqqəti çətinlikdir və zamanla öz həllini tapacaq”.

Мəhəmməd Türkmən / Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR