Onlayn ictimai-siyasi qəzet
Rusiya dəmir yolları tarixində xüsusi yer tutan Sankt-Peterburq–Moskva magistralının istismara verilməsindən 175 il ötür.
Musavat.com xəbər verir ki, 28 avqust 1851-ci ildə Sankt-Peterburqla Moskva arasında ilk dəmir yolu xətti açılıb. Sonradan Nikolayev dəmir yolu adlandırılan magistral Rusiya imperiyasının ilk ikixətli dəmir yolu olub.
XIX əsrin ən böyük infrastruktur layihələrindən sayılan tikintiyə müxtəlif mərhələlərdə ümumilikdə 800 mindən çox işçi cəlb edilib. Xətt boyunca 34 stansiya və 200-dən çox körpü inşa olunub, teleqraf xətti çəkilib. Tikintidə Rusiya üçün həmin dövrdə yenilik sayılan dörd buxar ekskavatoru və svayların vurulması üçün dörd buxar qurğusundan istifadə edilib. Sonrakı illərdə Nikolayev dəmir yoluna başqa xətlər də birləşdirilib.
Yeni dəmir yolunu ilk sınaqdan keçirənlər hərbçilər olub. Sankt-Peterburqdan Moskvaya Leyb-Qvardiyanın Kavalerqard və Atlı alaylarının iki eskadronu, qvardiya artilleriya divizionu, həmçinin Preobrajenski və Semyonovski alaylarının iki batalyonu daşınıb.
1923-cü ildə Nikolayev dəmir yolunun adı dəyişdirilərək Oktyabr dəmir yolu adlandırılıb. 10 iyun 1931-ci ildə isə sonradan Sankt-Peterburq–Moskva marşrutunun simvollarından birinə çevrilən əfsanəvi “Krasnaya Strela” (“Qırmızı Ox”) ekspress qatarı ilk səfərinə çıxıb.
İkinci Dünya müharibəsi illərində bu dəmir yolu sistemi Leninqradın blokadasının yarılmasından sonra şəhərin ölkənin qalan hissəsi ilə dəmir yolu əlaqəsinin bərpasında mühüm rol oynayıb. 1943-cü ildə Polyana platformasını azad edilmiş Şlisselburqla birləşdirən və “Qələbə yolu” adlandırılan xətt istifadəyə verilib.
Tarixi magistral XXI əsrdə də Rusiyanın ən mühüm nəqliyyat arteriyalarından biri olaraq qalır. 2009-cu ildə burada yüksək sürətli “Sapsan” qatarı sınaq zamanı 290 km/saat sürətə çatıb. Bu gün Moskva ilə Sankt-Peterburq arasında yüksək sürətli sərnişin daşımalarının əsas hissəsi məhz XIX əsrdə əsası qoyulan bu dəmir yolu dəhlizi ilə həyata keçirilir.
Musavat.com
31 Avqust 2026
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ