Onlayn ictimai-siyasi qəzet
Avstriyada 86 yaşlı alpinistə 60 ildən çox əvvəl dağlarda itirdiyi bel çantası geri qaytarılıb.
Musavat.com xəbər verir ki, çanta 1963-cü ildən bəri buzlaqda qalmışdı. Onu 2026-cı ilin iyulunda Tirol bölgəsindəki Zultstalferner buzlağında, 2955 metr yüksəklikdə turist aşkar edib.
Çantanın içərisindən buz baltası, fotoaparat və tütün çəkmək üçün qəlyan çıxıb. Əşyaların hamısının 1950–1960-cı illərdə istehsal edildiyi müəyyənləşdirilib.
Polis çantada qalan sənədlər vasitəsilə sahibini tapıb. Hazırda 86 yaşı olan alpinist bildirib ki, 1963-cü ilin avqustunda dostları ilə buzlaqdan keçərkən yarığa düşüb. Dostları onu xilas edə biliblər, lakin yükü azaltmaq üçün çantanı orada qoymağa məcbur olublar.
Beləcə, buzlaq alpinistin əşyalarını 60 ildən artıq müddətdə qoruyub saxlayıb. Çanta yalnız buzlağın əriməsi nəticəsində 63 il sonra yenidən üzə çıxıb.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ