Onlayn ictimai-siyasi qəzet
Avqustun 31-dən sentyabrın 1-dək Bişkek şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində 17 dövlətin lideri iştirak edəcək. Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, sammitə qatılacaq liderlər arasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan da var.
Tədbirdə ŞƏT-ə üzv və tərəfdaş ölkələrin rəhbərlərindən başqa BMT-nin Baş katibi Antonio Quterreş, MDB və KTMT rəsmiləri də təmsil olunacaqlar. Genişləndirilmiş "ŞƏT +" formatında keçiriləcək iclaslarda regional təhlükəsizlik, beynəlxalq hüquq normaları, nəqliyyat dəhlizləri və rəqəmsal əməkdaşlıq layihələri masaya yatırılacaq. Sammitin yekununda təşkilatın 25 illiyi ilə bağlı ortaq bəyannamənin qəbulu gözlənilir.
Bundan əlavə, Rusiya prezidenti Vladimir Putin Zirvə görüşü çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Rusiya prezidentinin Çin Xalq Respublikasının sədri Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi, İran prezidenti Məsud Pezeşkian, Tacikistan prezidenti Emoməli Rəhmon, həmçinin Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux, Qırğızıstan prezidenti Sadir Japarov və Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə görüşləri planlaşdırılır.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Xatırladaq ki, ötən il də sentyabrın 15-də Azərbaycanın dövlət başçısı özbəkistanlı həmkarının dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin sammitində iştirak edib. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil, bu beynəlxalq qurumla dialoq tərəfdaşı statusuna sahibdir.
ŞƏT sammiti çərçivəsində prezident Əliyevin erməni baş nazir Paşinyan və Kreml lideri Putinlə görüş gözləntisi var. Xüsusən də Rusiya ilə münasibətlərin gərgin dövründə liderlərin söhbəti maraqla gözlənilir.
Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin Vladimir Putinlə və Nikol Paşinyanla görüşlərinin reallaşacağı təqdirdə hansı məsələlərin müzakirə olunacağı kimi suallar hazırda aktualdır:

“Nəzərə alsaq ki, bu gün müzakirə olunmalı məsələlər kifayət qədər çoxdur və birbaşa təmaslar həllini gözləyən məsələlərin tənzimlənməsi baxımından olduqca vacibdir. Yəqin ki, Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında keçirilən görüşdə əsas diqqət mərkəzində saxlanılacaq məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı məsələ olacaq. Çünki sülh müqaviləsi layihəsi Vaçinqtonda paraflansa da hələ imzalanmayıb. İmzalanmamağın əsas səbəbi də Ermənistan konstitusiyasında Azərbaycan qarşı ərazi iddialarının hələ də mövcud olması ilə bağlıdır. Düzdür, Nikol Paşinyan artıq dəfələrlə qeyd edib ki, ölkəsi yeni konstitusiya hazırlayr və həmin konstitusiyada Azərbaycana qarşı ərazi iddialarından söhbət gedə bilməz. Yəqin ki, bu məsələlər ətrafında da müzakirə olacaq ki, nə zaman Ermənistan bu məsələnin həlli üçün referendum keçirmək istəyir. Eyni zamanda TRİPP-lə bağlı məsələlərin müzakirə ediləcəyi də istisna deyil. Ermənistan ərazisində 42 km. yolun nə zaman çəkiləcəyi məsələsi yəqin ki, söhbət mövzusu ola bilər”.
Deputat qeyd edib ki, Azərbaycan və Rusiya liderlərinin gözlənilən görüşündə də müzakirəsini gözləyən xeyli məsələlər var:
“İlk növbədə son zamanlar Rusiya KİV-ində Azərbaycana qarşı təxribat xarakterli çıxışların sayı artıb, yüksək vəzifəli şəxslərin dilindən də ant-Azərbaycan çıxışları səslənir. Qonşuluq siyasətimizə uyğun olmayan bu halların aradan qaldırılması ilə bağlı məsələlər də yəqin ki, müzakirə olunacaq. Bütün bu anlaşılmamazlıqların aradan qaldırılması diqqət mərkəzində ola bilər. Mİqrantlarla bağlı məsələlər də müzakirə mövzusu ola bilər. Eyni zamanda regionumuzda gedən proseslər, İran-ABŞ gərginliyindən doğan məsələlərin də müzakirə predmetinə çevriləcəyi istisna deyil”.
Etibar Seyidağa,
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ