İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞƏT böyüyür, Azərbaycanın əhəmiyyəti artır-Bakının bu nəhəng Avrasiya platformasında strateji rolu nədir?  

Dünya siyasətində güc balansı dəyişir. Əvvəllər dövlətlərin beynəlxalq çəkisini əsasən hərbi potensialı, ərazisinin böyüklüyü və iqtisadi gücü müəyyən edirdisə, bu gün geosiyasi üstünlüyün başqa mühüm komponenti də ön plana çıxıb, ölkənin nə qədər böyük məkanları bir-birinə bağlaya bilməsi...

Bu baxımdan Avrasiyanın siyasi və iqtisadi xəritəsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) çəkisi getdikcə artır. Təşkilat artıq yalnız təhlükəsizlik məsələlərinin müzakirə edildiyi platforma deyil. Burada dünyanın ən böyük əhali mərkəzləri, nəhəng iqtisadiyyatlar, enerji resursları və qlobal ticarətin mühüm istiqamətləri bir araya gəlir. Və bu nəhəng coğrafiyanın qərb qapısında Azərbaycan yerləşir. Bir növ ŞƏT-in böyüyən imkanları ilə Azərbaycanın strateji coğrafiyası bir-birini tamamlayır.

ŞƏT niyə getdikcə daha mühüm olur?

2026-cı ildə yaradılmasının 25 illiyini qeyd edən ŞƏT artıq əvvəlki formatından xeyli fərqli təşkilata çevrilib. Bu gün onun sıralarında Çin, Rusiya, Hindistan, İran, Pakistan, Belarus və Mərkəzi Asiyanın aparıcı dövlətləri daxil olmaqla 10 tamhüquqlu üzv var. Təşkilatın əhatə etdiyi ərazi təxminən 36 milyon kvadratkilometrdir, əhalisi isə 3,4 milyard nəfəri keçir. Üzv dövlətlərin ümumi nominal ÜDM-i 2025-ci ilin göstəriciləri əsasında təxminən 27,4 trilyon dollar hesablanır. Bu rəqəmlər ŞƏT-in niyə diqqət mərkəzinə gəldiyini izah edir. Çünki söhbət sadəcə böyük ərazidən getmir. ŞƏT daxilində dünyanın ən böyük istehlak bazarları, mühüm enerji istehsalçıları, sürətlə inkişaf edən iqtisadiyyatlar və Avrasiyanın əsas nəqliyyat istiqamətləri yerləşir. Çin və Hindistan kimi nəhəng iqtisadiyyatlar təşkilatın iqtisadi çəkisini artırır. Rusiya, İran və Qazaxıstan enerji və xammal resursları baxımından xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiya ölkələri isə həm təbii resursları, həm də Avropa ilə Asiya arasındakı yeni nəqliyyat bağlantıları baxımından getdikcə daha çox ön plana çıxır. Beləliklə, ŞƏT-in əsas üstünlüyü onun yalnız siyasi gücündə deyil, iqtisadi, demoqrafik, enerji və logistika imkanlarının eyni coğrafi platformada cəmləşməsindədir. Bu, hərbi blok deyil, amma böyük geosiyasi çəkisi var. Lakin ŞƏT haqqında danışarkən bir məqam xüsusilə nəzərə alınmalıdır. Təşkilatı NATO tipli hərbi-siyasi blok kimi qiymətləndirmək doğru deyil.

ŞƏT-in hüquqi bazasında dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət, daxili işlərə qarışmamaq, gücdən istifadə etməmək və mübahisələrin sülh yolu ilə həlli kimi prinsiplər dayanır. Təşkilat müxtəlif siyasi və iqtisadi maraqlara malik dövlətləri ortaq məsələlər ətrafında əməkdaşlığa gətirən platformadır.

Ancaq məhz bu xüsusiyyət ŞƏT-in əhəmiyyətini azaltmır, əksinə, onun diplomatik imkanlarını genişləndirir. Təhlükəsizliklə yanaşı, ticarət, investisiya, energetika, nəqliyyat, texnologiya, təhsil, səhiyyə və humanitar əlaqələr də təşkilatın gündəliyindədir.
Yəni ŞƏT-in qarşıdakı mərhələdə əsas sualı yalnız “təhlükəsizlik” olmayacaq. Daha böyük sual Avrasiyanın iqtisadi məkanlarının necə birləşdiriləcəyi ilə bağlıdır. Və bu məqamda Azərbaycan amili xüsusi əhəmiyyət qazanır.

Azərbaycanın ŞƏT qarşısındakı əsas üstünlüyü coğrafiyadır. Ölkəmizin ŞƏT dövlətləri ilə müqayisədə üstünlüyünü yalnız iqtisadi göstəricilərlə ölçmək mümkün deyil. Azərbaycanın əsas strateji kapitalı coğrafi mövqeyidir. Ölkəmiz Xəzərin qərb sahilində yerləşir. Xəzərin o biri tərəfində Mərkəzi Asiya, daha şərqdə isə Çin dayanır. Şimal istiqamətində Rusiya, cənubda İran, qərbdə Türkiyə və Avropa yerləşir. Başqa sözlə, Azərbaycan ŞƏT məkanının Qərbə açılan mühüm bağlantı nöqtələrindən birinə çevrilmək imkanına malikdir. Bu, adi coğrafi üstünlük deyil, iqtisadi dəyərə çevrilə bilən geosiyasi aktivdir. Azərbaycanın yaratdığı nəqliyyat infrastrukturu da bu üstünlüyü daha da gücləndirir. Bakı Limanı, Bakı-Tiflis-Qars dəmir yolu, Orta Dəhliz və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəni müxtəlif istiqamətlərdən gələn yük axınlarının kəsişdiyi mühüm mərkəzə çevirir. Deməli, ŞƏT üçün Azərbaycan yalnız tərəfdaş ölkə deyil. Azərbaycan həm də marşrutdur.

Pekindən Avropaya uzanan xəttdə Bakı niyə vacibdir?

ŞƏT məkanının iqtisadi gücünün artması avtomatik olaraq nəqliyyat ehtiyaclarının da böyüməsi deməkdir. Çindən çıxan məhsulların Avropa bazarlarına çatdırılması, Mərkəzi Asiyanın ixrac imkanlarının genişləndirilməsi, Xəzər üzərindən yeni logistika xətlərinin qurulması və alternativ marşrutların inkişaf etdirilməsi Azərbaycanın əhəmiyyətini artırır. Orta Dəhliz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiyadan başlayan yük axınları Xəzər üzərindən Azərbaycana, daha sonra Gürcüstan və Türkiyə vasitəsilə Avropaya istiqamətlənə bilər. Beləliklə, Azərbaycanın üstünlüyü yalnız “yolda yerləşməkdən” ibarət deyil. Məsələ ondadır ki, ölkə həmin yolun infrastrukturunu, limanını, dəmir yolunu, logistika imkanlarını və enerji bağlantılarını formalaşdırır. Bu isə geosiyasi mövqeni iqtisadi üstünlüyə çevirmək deməkdir.
Azərbaycanın ŞƏT üçün əhəmiyyətini yalnız nəqliyyatla məhdudlaşdırmaq da düzgün olmaz. Belə ki, enerji məsələsində də oxşar vəziyyət yaranır. ŞƏT məkanında dünyanın ən böyük enerji istehsalçıları ilə yanaşı, nəhəng enerji istehlakçıları yerləşir. Azərbaycan isə bu iki tərəf arasında enerji bağlantılarının yaradılmasında mühüm təcrübəyə malikdir. Cənub Qaz Dəhlizi bunun bariz nümunəsidir. Azərbaycan qazının Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxarılması ölkəmizin enerji xəritəsindəki rolunu əhəmiyyətli dərəcədə artırıb. 2025-ci ildə Azərbaycan bu dəhliz vasitəsilə Avropa İttifaqı ölkələrinə 12,5 milyard kubmetr qaz tədarük edib. Bakı-Tiflis-Ceyhan, TANAP və TAP kimi layihələr isə Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması imkanlarını genişləndirib. Bu mənada Azərbaycan ŞƏT-in enerji nəhəngləri ilə rəqabət aparan ölkə deyil. Dövlətimizin əsas üstünlüyü enerji resursunu marşruta, marşrutu isə geosiyasi təsir imkanına çevirə bilməsidir.

Bakı üçün ŞƏT niyə getdikcə daha vacibdir?

Azərbaycan 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşıdır. Bu status ölkəyə təşkilatın siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar gündəliyi ilə daha sıx təmas qurmaq imkanı verib. Lakin son illərdə münasibətlər artıq sadəcə formal dialoq səviyyəsində qalmır. Çinlə əlaqələrin strateji səviyyəyə yüksəlməsi, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin intensivləşməsi və Azərbaycanın ŞƏT-in yüksək səviyyəli tədbirlərində fəal iştirak etməsi yeni siyasi dinamikanın formalaşdığını göstərir. 2024-cü ildə Astanada Azərbaycan və Çin arasında imzalanmış strateji tərəfdaşlıq sənədində Pekinin Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının gücləndirilməsini dəstəkləməsi xüsusilə diqqət çəkir. Prezident İlham Əliyevin 2022-ci ildə Özbəkistanda, 2024-cü ildə Qazaxıstanda və 2025-ci ildə Çində keçirilən ŞƏT tədbirlərində iştirakı da bu münasibətlərin siyasi çəkisini göstərən mühüm faktorlardandır. Burada təsadüfi bir dinamika axtarmaq çətindir. Çünki Azərbaycanın xarici siyasətində Şərq istiqaməti son illərdə getdikcə daha çox iqtisadi və geosiyasi məzmun qazanır.

Azərbaycan ŞƏT-dən nə istəyir?

Azərbaycan üçün əsas məsələ ŞƏT-in yaratdığı nəhəng iqtisadi məkanı öz milli nəqliyyat və logistika imkanları ilə birləşdirməkdir. Çinlə ticarətin artırılması, Mərkəzi Asiyadan Avropaya yük axınlarının Azərbaycandan keçməsi, Xəzər üzərindən daşımaların genişləndirilməsi, investisiyaların cəlb olunması, qeyri-neft sektorunda əməkdaşlığın artırılması və enerji bağlantılarının şaxələndirilməsi Bakı üçün daha real və praktiki hədəflərdir. Başqa sözlə, Azərbaycan ŞƏT-ə yalnız siyasi platforma kimi baxmamalıdır. ŞƏT Azərbaycanın yeni iqtisadi imkanlar xəritəsinin mühüm elementlərindən biri ola bilər.

Eyni zamanda ŞƏT Azərbaycandan nə qazanır?

Məsələnin digər tərəfi daha maraqlıdır. Çünki ŞƏT ölkələri də Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxış, alternativ nəqliyyat yolları və Xəzər üzərindən yeni logistika imkanları əldə edə bilərlər. Bu baxımdan münasibətlər birtərəfli deyil.
Bu qurumun nəhəng bazarları Azərbaycana lazımdırsa, Azərbaycanın tranzit imkanları da ŞƏT məkanının getdikcə böyüyən iqtisadi potensialı üçün əhəmiyyətlidir.
Məhz buna görə Azərbaycanın ŞƏT qarşısındakı əhəmiyyətini yalnız “dialoq tərəfdaşı” statusu ilə izah etmək kifayət deyil. Bakı getdikcə bu birliklə ilə Avropa arasında bağlantı məkanına çevrilən ölkələrdən biri kimi çıxış edir. Mərkəzi Asiya faktoru Azərbaycanın mövqeyini daha da gücləndirir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin sürətli inkişafı da ŞƏT kontekstində ayrıca əhəmiyyət daşıyır. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanla siyasi və iqtisadi əlaqələrin dərinləşməsi Azərbaycanın Xəzərin qərb sahilindəki mövqeyini daha funksional edir. Xüsusilə Qırğızıstanla müttəfiqlik münasibətlərinin yeni mərhələyə keçməsi və Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin genişləndirilməsi Azərbaycan üçün ŞƏT platformasında əlavə siyasi imkanlar yaradır.

Bu prosesin məntiqi sadədir:


Mərkəzi Asiya ilə Azərbaycan arasında əlaqələr nə qədər güclənirsə, ŞƏT məkanının Qərblə bağlantısında Azərbaycanın əhəmiyyəti də bir o qədər artır. Sülh dəhlizləri ölkəmizin rolunu daha da böyüdə bilər. Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar da bu mənzərəyə əlavə imkanlar gətirir. Azərbaycan-Ermənistan sülh gündəliyinin inkişafı, regional kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin inkişaf perspektivi Şərq-Qərb bağlantılarının coğrafiyasını dəyişə bilər.
Bu, yalnız Azərbaycan-Ermənistan münasibətləri məsələsi deyil. Söhbət Çin və Mərkəzi Asiyadan gələn nəqliyyat axınlarının Türkiyə və Avropaya daha geniş şəkildə çıxarılmasından gedir. Deməli, Cənubi Qafqazda sabitlik artdıqca Azərbaycanın tranzit və logistika imkanlarının da genişlənməsi üçün şərait yaranır.

Azərbaycanın məqsədi nə olmalıdır?

ŞƏT-in böyüməsi Azərbaycanın qarşısında yeni suallar yaradır. Rəsmi Bakı bu təşkilatla əməkdaşlığı hansı səviyyəyə qaldırmalıdır? Ölkəmiz ŞƏT-in iqtisadi layihələrində daha fəal iştirak edə bilərmi? Bakı öz tranzit imkanlarını Çin və Mərkəzi Asiyanın artan ixrac potensialı ilə necə birləşdirə bilər? ŞƏT ölkələrinin investisiyalarını Azərbaycana cəlb etmək üçün hansı yeni mexanizmlər yaradılmalıdır?

Bütün bunların fonunda bir məsələ artıq aydındır:

ŞƏT Azərbaycanın xarici siyasətində sadəcə növbəti beynəlxalq platforma deyil. Bu təşkilat dünya iqtisadiyyatının mühüm hissəsini, nəhəng əhali kütləsini, enerji resurslarını və Avrasiyanın əsas nəqliyyat xətlərini bir araya gətirən böyük geosiyasi məkandır. Azərbaycan isə həmin məkanın Qərbə çıxış istiqamətində yerləşən mühüm bağlantı nöqtələrindən biridir.
Gəlinən nəticə budur ki, ŞƏT böyüdükcə Bakının coğrafiyası daha qiymətli olur. Bu qurumun gələcəkdə iqtisadi və siyasi çəkisinin daha da artacağı ehtimalı Azərbaycan üçün mühüm imkanlar yaradır. Ancaq bu imkan avtomatik üstünlüyə çevrilməyəcək. Bunun üçün Azərbaycanın öz coğrafiyasını logistika gücünə, logistika gücünü iqtisadi gəlirə, iqtisadi əlaqələri isə siyasi təsir imkanlarına çevirməsi lazımdır.
ŞƏT-in üstünlüyü miqyasındadır: 36 milyon kvadratkilometr ərazi, 3,4 milyarddan çox insan və təxminən 27,4 trilyon dollarlıq iqtisadi potensial. Azərbaycanın üstünlüyü isə başqa yerdədir, bu nəhəng məkanın kənarında deyil, onunla Avropa arasında bağlantı xəttinin üzərində yerləşməsində. Bu səbəbdən gələcək Avrasiya rəqabətində əsas sual yalnız “kim daha böyük iqtisadiyyata malikdir?” olmayacaq.

Daha mühüm sual belə olacaq:
Kim böyük iqtisadi məkanları bir-birinə daha səmərəli bağlaya biləcək?
Bu sualın cavabında Azərbaycanın adı artıq ciddi şəkildə görünür. Və ŞƏT-in qarşıdakı illərdə böyüyən çəkisi fonunda Azərbaycanın coğrafi mövqeyi ölkəmizin ən böyük strateji kapitalına çevriləcək.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR