Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsi ilə tanış olub. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Mirzoyanla birlikdə keçid məntəqəsində xaricdə akkreditə olunmuş Ermənistanın diplomatik nümayəndəliklərinin rəhbərləri də olublar. Səfər zamanı Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan keçid məntəqəsinin təmiri və təchizatı üzrə görülən işlərin nəticələrini təqdim edib. O bildirib ki, “Marqara” keçid məntəqəsi istismara tam hazırdır.

Qeyd edək ki, sərhəd Ankara tərəfindən 1993-cü ildən bağlanıb. Ölkələr arasındakı münasibətlərin gərginliyinə Ankaranın Azərbaycanın Qarabağ məsələsində mövqeyini dəstəkləməsi və Osmanlı imperiyasında 1915-ci il hadisələrinin erməni soyqırımı kimi beynəlxalq səviyyədə tanınması prosesinə Türkiyənin sərt reaksiyası da daxil olmaqla bir sıra amillər səbəb olub.
2022-ci ilin yanvarında Moskvada Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin ilk görüşü keçirilib. Həmin vaxt Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç görüşüblər. Daha sonra Vyanada da bir sıra görüşlər keçirilib.
2022-ci il iyulun 1-də Vyanada Rubinyan və Kılıç arasında keçirilən görüşdə üçüncü ölkə vətəndaşlarının, eləcə də diplomatik pasport sahiblərinin Ermənistan-Türkiyə quru sərhədindən keçməsinə şərait yaradılması barədə razılıq əldə olunub. Lakin bu razılaşma hələ də həyata keçirilməyib.
Xatırladaq ki, Türkiyənin “Yeşiligdir” saytı iki ölkə arasında quru sərhədin Ermənistanda keçiriləcək seçkilərdən əvvəl açılacağını iddia etmişdi. Seçkilər artıq geridə qalıb, Mirzoyanın sərhədə gəlişi ilə bu prosesin başladığını demək olarmı? Azərbaycanla sülh sənədi imzalanmamış və Zəngəzur dəhlizi açılmamış Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkündürmü?

Deputat Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, Mirzoyanın “Marqara” keçid məntəqəsinə gəlməsi hələ sərhədlərin açılması anlamına gəlmir. Deputat xatırladıb ki, mayda da Türkiyə ilə Ermənistan sərhədinin açılmasına dair bənzər açıqlama verilib: “Daha sonra hazırkı parlamentin sədri Türkiyə ilə danışıqlarda məsul şəxs Ruben Rubinyan belə bir ifadə işlətmişdi ki, “Hakan Fidanla danışdıq, Ermənistan-Türkiyə sərhədi Ermənistan-Azərbaycan sərhədi ilə paralel açılacaq”. Mənə elə gəlir ki, qardaş ölkənin mövqeyi budur və bu mövqe dəyişməyəcək”.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan uzun müddətdir ki, öz xarici siyasətini koordinasiyalı şəkildə həyata keçirir: “Xüsusilə, Ermənistana və qonşu ölkələrə münasibətdə qətiyyətli, sabit mövqe nümayiş etdirilir. Buna görə də düşünürəm ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan arasında sərhədlər açılacaqsa, bu, eyni vaxtda baş verəcək”.
Nigar Həsənli
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ