Onlayn ictimai-siyasi qəzet
“Beynəlxalq münasibətlərdə ənənəvi olaraq bir dövlətin çəkisi hərbi potensialı, ərazisinin həcmi və iqtisadi göstəriciləri ilə ölçülüb. Lakin 21-ci əsrin ikinci yarısında bu düsturun üzərinə yeni bir amil əlavə olunub. Bir ölkənin iri iqtisadi məkanları bir-birinə nə dərəcədə bağlaya bilməsi. Məhz bu prizmadan baxdıqda Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) münasibətləri xüsusi maraq doğurur. Burada söhbət tam inteqrasiya prosesindən deyil, coğrafi mövqeyin funksional kapitala çevrilməsi strategiyasından gedir”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun fikrincə, 2026-cı ildə 25 illiyini qeyd edən ŞƏT-in artıq ilkin formatı ilə heç bir oxşarlığı qalmayıb:
“Təşkilat bu gün 10 tam hüquqlu üzvü, təxminən 36 milyon kvadratkilometr ərazisi, 3,4 milyardı keçən əhalisi və 2025-ci il göstəricilərinə görə 27,4 trilyon dollara yaxın ümumi ÜDM-i ilə qlobal miqyasda nadir konfiqurasiyanı təmsil edir. Eyni platformada həm nəhəng istehlak bazarları (Çin, Hindistan), həm əsas enerji istehsalçıları (Rusiya, İran, Qazaxıstan), həm də yeni nəqliyyat dəhlizlərinin mərkəzində duran Mərkəzi Asiya dövlətləri birləşir”.

Parlament təmsilçisi bir məsələni xüsusi qabardıb:
“Burada bir nüansı ayırd etmək vacibdir. ŞƏT-i NATO tipli hərbi-siyasi blokla eyniləşdirmək metodoloji səhv olardı. Təşkilatın əsasında suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsipləri dayanır. Bu, onu hərbi ittifaqdan çox, müxtəlif maraqları ortaq məxrəcə gətirən çoxşaxəli əməkdaşlıq platformasına çevirir. Paradoksal olsa da, məhz bu “yumşaq” struktur ŞƏT-in diplomatik manevr sahəsini genişləndirir və onu təhlükəsizlikdən kənar sahələrdə, ticarət, energetika, nəqliyyat, texnologiya sahələrində daha çevik əməkdaşlığa açıq edir. Azərbaycanın ŞƏT məkanı üçün əhəmiyyətini sadəcə iqtisadi göstəricilərlə izah etmək kifayət deyil. Ölkənin əsl kapitalı - Xəzərin qərb sahilində, Mərkəzi Asiya ilə Avropanın, Rusiya ilə İranın kəsişməsində yerləşməsidir. Lakin bu təhlildə diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan sadəcə coğrafi təsadüfə etibar etmir. O, bu mövqeyi konkret infrastruktur layihələri ilə funksional aktivə çevirib: Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi bunun bariz göstəricisidir. Bu yanaşmanın məntiqi sadədir. Sırf coğrafi mövqe passiv aktivdir, onu aktivləşdirən yalnız real infrastrukturdur. Azərbaycan bu baxımdan nəzəri üstünlüyü praktiki alətə çevirən nadir tranzit ölkələrindən biridir. Bu da onu ŞƏT üçün sadə “tərəfdaş” statusundan çıxarıb əslində marşrutun özünə çevirir. Analoji məntiq enerji sahəsində də özünü göstərir. ŞƏT məkanında həm dünyanın ən böyük enerji istehsalçıları, həm də ən böyük istehlakçıları toplaşıb. Azərbaycan bu iki qütb arasında körpü rolunu artıq sınaqdan çıxarıb. Cənub Qaz Dəhlizi vasitəsilə 2025-ci ildə Avropa İttifaqı ölkələrinə 12,5 milyard kubmetr qaz nəql edilib. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP layihələri isə bu təcrübəni sistemli şəbəkəyə çevirib”.
Deputat bir diqqətəlayiq nüansa da toxunub:
“Azərbaycan burada ŞƏT-in enerji nəhəngləri (Rusiya, İran) ilə rəqabətə girmir. Bu, kiçik və orta güc balansında olan ölkələr üçün nadir rast gəlinən strategiya nümunəsidir. Azərbaycan 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşı statusundadır, lakin son illərin inkişafı göstərir ki, bu status artıq formal çərçivəni aşıb. Çinlə münasibətlərin strateji səviyyəyə qalxması, xüsusilə 2024-cü ildə Astanada imzalanan sənəddə Pekinin Azərbaycanın ŞƏT çərçivəsindəki əməkdaşlığını dəstəkləməsi mühüm siqnaldır. Bunu Prezident İlham Əliyevin 2022–2025-ci illər arasında Özbəkistan, Qazaxıstan və Çində keçirilən ŞƏT tədbirlərindəki ardıcıl iştirakı da təsdiqləyir. Bu ardıcıllıq təsadüfi deyil. O, Azərbaycanın xarici siyasətində Şərq istiqamətinin getdikcə daha çox konkret iqtisadi məzmun qazandığının struktur göstəricisidir. Bu münasibətlərin analitik cəhətdən ən maraqlı tərəfi onun ikitərəfli xarakteridir. Azərbaycan ŞƏT-in nəhəng bazarlarına, investisiya potensialına və Çin-Mərkəzi Asiya yük axınlarına çıxış axtarırsa, ŞƏT dövlətləri də Azərbaycan üzərindən Avropaya alternativ çıxış yolu, Xəzər üzərindən yeni logistika marşrutları əldə edir. Bu qarşılıqlılıq münasibətləri sabit və davamlı edən əsas amildir. Çünki hər hansı birtərəfli asılılıq modelindən fərqli olaraq, hər iki tərəf konkret, ölçülə bilən mənfəət əldə edir. Bu tənliyə əlavə dəyər qatan amil Azərbaycanın Mərkəzi Asiya dövlətləri - Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanla əlaqələrinin sürətli inkişafıdır. Xüsusilə Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi bu kontekstdə ayrıca əhəmiyyət kəsb edir. Bu, təkcə ikitərəfli nailiyyət deyil, Azərbaycanın Xəzərin qərb sahilindəki mövqeyini daha da funksional edən, ŞƏT platformasında əlavə siyasi çəki yaradan addımdır. Məntiq aydındır. Mərkəzi Asiya ilə əlaqələr nə qədər güclənirsə, Azərbaycanın ŞƏT-Qərb bağlantısındakı rolu da bir o qədər artır”.
Deputat qeyd edib ki, mövcud tendensiyaya Cənubi Qafqazdakı yeni siyasi reallıqlar da əlavə təkan verir:
“Azərbaycan-Ermənistan sülh prosesinin irəliləməsi və Zəngəzur dəhlizi ilə bağlı perspektivlər regional kommunikasiya xəritəsini dəyişmək potensialına malikdir. Bu da, geniş mənada, Çin və Mərkəzi Asiyadan gələn yük axınlarının Türkiyə və Avropaya daha əlverişli çıxarılması deməkdir”.
Cavanşir Abbaslı
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ