Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti və hərbi ekspert Vladimir Yeranosyan bildirib ki, Ermənistan hökumətinin Rusiyaya qarşı atdığı addımları-Volodimir Zelenskini İrəvanda qəbul etməsi və Avropa rəsmiləri və Avropa liderlərinin rusofobik sammitini təşkil etməsi-cavabsız qala bilməz. Onun sözlərinə görə, Ermənistan geosiyasi seçimlərini edərkən qonşuluqda - İranda baş verənləri unutmamalıdır (Bakı-Xəbər).
Yeranosyanın fikrincə, ABŞ üçün Ermənistan geosiyasi oyunda açıq-aydın xərclənə bilən bir ölkədir: “TRIPP layihəsi Türkiyənin maraqlarının hər şeydən üstün olduğu bir layihədir. Bunun üçün Xəzər neftinə çıxış və türk dünyası ilə birbaşa əlaqə lazımdır. Amerikalılar bu layihə üçün müəyyən maliyyə ayıra bilərlər, amma vəssalam. Qonşu İran üçün Ermənistan ərazisindən keçən və müxtəlif Qərb kəşfiyyat orqanları tərəfindən qorunan bir yol qanuni hədəfə çevriləcək. Buna misal olaraq Cənubi Qafqazdakı əsas marağını Bakının nefti olan Britaniyanı göstərmək olar. Lazım gələrsə, ingilislər regiondakı hər kəslə döyüşməyə və Azərbaycanı müdafiə etməyə hazır olduğunu başa düşmək lazımdır, amma bu, əlbəttə ki, Ermənistan üçün olmayacaq. Britaniya, məsələn, “British Petroleum” şirkətinin maraqları naminə canlarını qurban verməyə hazırdır və yalnız Azərbaycanın maraqlarını müdafiə edəcəklər”.
Rusiyalı mütəxəssis açıq şəkildə Zəngəzur dəhlizini İran raketləri ilə hədələyib. Moskva və Tehranın “Tramp yolu”na qarşı təhdidləri sinxronluq təşkil edir.
Yada salaq ki, iranlı general-mayor Rəhim Səfəvi bu yaxınlarda oxşar ritorika ilə çıxış etmişdi. İranlı generalın sözlərinə görə, oradakı təhlükəsizlik məsuliyyəti ABŞ ordusuna keçərsə, İran qisas almaq və müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır.

Bu təhdidlərin artması nədən xəbər verir? Rusiya İranın əli ilə TRİPP layihəsinə hərbi müdaxilə edə bilərmi?
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, Azərbaycanın Ermənistanla bağlı mövqeyində əsas prinsip dəyişməz olaraq qalır: "İrəvanın hansı dövlətlə münasibət qurması, kimlə əməkdaşlıq etməsi və xarici siyasətində hansı istiqaməti seçməsi Bakının müdaxilə etdiyi məsələ deyil. Azərbaycanı yalnız Ermənistanın xarici və daxili siyasətinin ölkəmizin milli maraqlarına, suverenliyinə və ərazi bütövlüyünə təsir göstərə biləcək tərəfləri maraqlandırır. Azərbaycan artıq özünün qarşısında dayanan tarixi vəzifəni həll edib. Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar Azərbaycan Ordusu tərəfindən Ali Baş Komandanın rəhbərliyi ilə azad edilib və ərazi bütövlüyümüz bərpa olunub. Bu baxımdan Bakı üçün əsas hədəf artıq yeni münaqişə yaratmaq deyil, əldə edilmiş reallıqları beynəlxalq hüquqi müstəvidə möhkəmləndirmək və regionda davamlı sülhə nail olmaqdır. Bu istiqamətdə ən mühüm məsələ Azərbaycan-Ermənistan sülh prosesidir. Vaşinqtonda paraflanan sülh sənədi iki ölkə arasında münasibətlərin hüquqi əsaslarının müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir. Lakin Azərbaycanın mövqeyi aydındır. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırılması vacib şərtdir”.

Deputatın fikrincə, Ermənistanda yeni konstitusiya üzərində işlərin aparılması da məhz bu kontekstdə diqqət çəkir: “Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın əsas qanununda ərazi iddiası aradan qaldırıldığı halda sülh müqaviləsinin imzalanması üçün siyasi iradə mövcuddur. Sülh müqaviləsinin imzalanması isə yalnız bir sənədin kağız üzərində təsdiqlənməsi demək deyil. Bu, iki ölkə arasında diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, humanitar münasibətlərin inkişafı və Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsinin başlanması deməkdir. Bununla yanaşı, Zəngəzur dəhlizi məsələsi də Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu məsələ artıq yalnız Bakı ilə İrəvan arasındakı münasibətlərin çərçivəsində qalmır və böyük geosiyasi maraqların predmetinə çevrilib. Dəhlizin açılması həm regional, həm də qlobal nəqliyyat-kommunikasiya sisteminin mühüm elementlərindən birinə çevrilə bilər. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Ermənistan üçün də ciddi iqtisadi imkanlar yarada bilər. Nəqliyyat tranzitindən əldə ediləcək gəlirlər, yeni iş yerləri, infrastruktur layihələri və beynəlxalq ticarət imkanlarının genişlənməsi İrəvanın öz iqtisadi maraqlarına cavab verir. ABŞ-nin də bu layihəyə xüsusi maraq göstərməsi Zəngəzur istiqamətinin geosiyasi əhəmiyyətini daha da artırır. Dəhlizin regional və qlobal nəqliyyat marşrutlarını birləşdirən mühüm halqaya çevrilməsi Şərqlə Qərb arasında əlaqələrin gücləndirilməsi baxımından yeni perspektivlər açır. Ancaq bütün bunlarla yanaşı, Bakının mövqeyi yenə də dəyişmir. Ermənistanın digər dövlətlərlə münasibətlərinin hansı istiqamətdə inkişaf etməsi İrəvanın seçimidir. Ermənistan kiminlə dostluq edəcək, hansı ölkə ilə siyasi, iqtisadi və hərbi əməkdaşlıq quracaq, Azərbaycan bu məsələlərə müdaxilə etmək niyyətində deyil. Azərbaycanı maraqlandıran konkret məsələlər var, sülh müqaviləsinin imzalanması, ərazi iddialarının aradan qaldırılması, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət və Zəngəzur dəhlizinin açılması. Qalan məsələlər isə Ermənistanın öz daxili və xarici siyasət seçimləridir. Əsas sual bundan sonra Ermənistanın seçimlərinin hansı istiqamətdə olacağıdır. Azərbaycan öz mövqeyini ortaya qoyub, sülh mümkündür, sərhədlər açıla bilər, regionda yeni iqtisadi reallıq yaradıla bilər. Bunun üçün isə Ermənistanın üzərinə düşən əsas öhdəlikləri yerinə yetirməsi lazımdır".
Cavanşir Abbaslı
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ