Onlayn ictimai-siyasi qəzet
Rusiyada kriminal aləmlə bağlı ən səs-küylü işlərdən birində gözlənilməz dönüş baş verib.
Musavat.com xəbər verir ki, bir müddət əvvəl həbs edilən nüfuzlu biznesmen İlya Traber Aleksandr Petrovun qətli işi üzrə ittihamlardan tam azad edilib.
Araşdırma müəllifləri İspaniya hüquq-mühafizə orqanlarının vaxtilə əldə etdiyi telefon danışıqlarına istinad edərək bildirirlər ki, Traber və Sankt-Peterburqun kriminal aləmində nüfuzlu şəxs kimi təqdim edilən Gennadi Petrov vaxtilə Bastrıkinin bu vəzifəyə gətirilməsini dəstəkləyən şəxslər arasında olublar. Nəşr Traber barədə son qərarı Bastrıkinin şəxsən vermədiyini vurğulasa da, onun mövqeyinin prosesdə rol oynadığını iddia edir.
Hadisəni daha maraqlı edən başqa məqam isə Traberə qarşı ittihamların Sankt-Peterburqun ən səs-küylü qətllərindən birinin açılmasına hazırlıq getdiyi vaxt götürülməsidir.
Söhbət Baltik Maliyyə-Sənaye Qrupunun baş direktoru Pavel Kapışın 1999-cu ildə öldürülməsindən gedir. Mənbələrin iddiasına görə, istintaq sentyabrda qətlin mümkün icraçılarının saxlanılmasına və axtarışa verilməsinə hazırlaşırdı. Beş mümkün icraçıdan ən azı üçünün hələ də sağ olduğu bildirilir.
Kapış 26 iyul 1999-cu ildə Sankt-Peterburqda öldürülüb. Onun mühafizəçilərin avtomobilləri ilə əhatə olunan zirehli “Chevrolet”inə svetoforda qumbaraatanlardan atəş açılmışdı. Hücumu həyata keçirənlərin avtomobilin zirehindəki zəif nöqtələri əvvəlcədən öyrəndikləri bildirilir.
VÇK-OGPU yazır ki, istintaq hətta hücumdan əvvəl zirehli avtomobil üzərində sınaqların aparıldığı yeri müəyyənləşdirib. Killerlərin istifadə etdiyi avtomobil sonradan məhv edilsə də, onun bəzi qalıqlarının tapılması ehtimalı nəzərdən keçirilirmiş.
Nəşr 2009-cu ildə Rusiya Baş Prokurorluğunun İspaniyaya göndərdiyi sənədə də istinad edir. Həmin sənəddə Kapışın rəhbərlik etdiyi qrupun 1990-cı illərin əvvəllərində “Tambov” mütəşəkkil cinayətkar birliyi ilə əlaqələri olduğu, 1999-cu ildə isə Kapışın müstəqil fəaliyyət göstərməyə başlayaraq İlya Traberlə açıq qarşıdurmaya girdiyi bildirilirdi.
Kapış həmin dövrdə Sankt-Peterburq Dəniz Limanının səhmlərini almağa və öz neft terminalını yaratmağa çalışırdı. Mənbənin versiyasına görə, bu addımlar Traber və Vladimir Barsukov-Kumarinlə iqtisadi maraqların toqquşmasına gətirib çıxarmışdı.
Bunun üçün iddia olunur ki, hüquq-mühafizə orqanları Kapış qətli üzrə ciddi irəliləyişə yaxınlaşsalar da, sonda “90-cı illərin sirlərini” araşdırmamaq barədə yuxarı səviyyədə qərar verilib.
Nəşrin ifadəsi ilə, iyun ayında uzun illərdən sonra ilk dəfə “toxunulmazlığını” itirərək həbs edilən Traber qısa müddət həbsdə qaldıqdan sonra yenidən toxunulmaz fiqura çevrilib.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ