İnsanlara hürriyət, millətlərə istiqlal!

Facebook və Instagram yeniyetmələr üçün bağlanacaq – Meta 18 milyard dollar ödəyir - RƏSMİ

“Meta” şirkəti yeniyetmələrin “Facebook” və “Instagram”dan istifadəsinə sərt məhdudiyyətlər tətbiq etməyi qəbul edib. Yeni qaydalara əsasən, 18 yaşdan aşağı istifadəçilər hər iki platformadan gün ərzində ümumilikdə maksimum iki saat istifadə edə biləcəklər.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, qərar “Meta” ilə ABŞ ştatları, əraziləri və Kolumbiya dairəsini təmsil edən 52 baş prokuror arasında əldə olunmuş razılaşmada əksini tapıb. Razılaşma şirkətin sosial şəbəkələri yeniyetmələrdə asılılıq yaradacaq formada hazırlaması və uşaqların psixi sağlamlığına zərər vurması ilə bağlı məhkəmə iddialarını əhatə edir.

Yeni qaydalara əsasən, iki saatlıq gündəlik limit “Facebook” və “Instagram” üçün birlikdə hesablanacaq. Yeniyetmənin bir neçə hesabdan istifadə etdiyi müəyyənləşdirilərsə, həmin hesablarda keçirilən vaxt da ümumi müddətə daxil ediləcək. Limiti yalnız valideyn icazəsi ilə aradan qaldırmaq mümkün olacaq.

Gecə saat 00:00-dan səhər 06:00-dək yeniyetmələrin xəbər lentinə, hekayələrə, “Reels” və “Explore” bölmələrinə girişi standart olaraq bağlanacaq. Dərs saatlarında – 08:00-dan 15:00-dək isə şəxsi mesajlar və təhlükəsizlik bildirişləri istisna olmaqla, platformaların göndərdiyi bildirişlər susdurulacaq.

Yeniyetmələrə hər 15 dəqiqəlik fasiləsiz istifadədən sonra xəbərdarlıq göstəriləcək. Gündəlik istifadə müddəti 60 və 90 dəqiqəyə çatdıqda əlavə xatırlatmalar göndəriləcək.

Bəyənmə sayları gizlədiləcək

instagram_1400.jpg (115 KB)

Razılaşmaya əsasən, yeniyetmələr başqa istifadəçilərin və öz paylaşımlarının bəyənmə saylarını standart olaraq görməyəcəklər. Onlara alqoritmin maraqlarına uyğun hazırladığı lent əvəzinə, paylaşımları ardıcıllıqla göstərən qeyri-alqoritmik lent seçimi veriləcək.

Avtomatik video nümayişini söndürmək, estetik əməliyyat və ifrat makiyaj effektləri yaradan filtrlərdən istifadəni məhdudlaşdırmaq da yeni tədbirlər sırasındadır.

“Meta” 13 yaşdan aşağı şəxslərin hesablarını aşkarlamaq, yaşını yanlış göstərən 13–17 yaşlı istifadəçiləri müəyyənləşdirmək üçün daha güclü yaş yoxlama texnologiyaları tətbiq etməyi öhdəsinə götürüb.

Razılaşmanın əsas müddəaları 10 il qüvvədə qalacaq. Şirkətin öhdəlikləri yerinə yetirməsinə müstəqil auditor nəzarət edəcək.

Meta 18 milyard dollaradək ödəyəcək

Sy8ivXpzT_0_0_1000_667_0_x-large.jpg (198 KB)

Razılaşma çərçivəsində “Meta”nın növbəti 10 ildə 18 milyard dollaradək ödəniş etməsi nəzərdə tutulur. Bunun 12,7 milyard dollarlıq hissəsi təminatlı ödənişdir.

Qalan 5,3 milyard dollar isə “TikTok” və “YouTube”un oxşar təhlükəsizlik tədbirlərini qəbul etməsindən və maliyyə ödənişlərinə qoşulmasından asılıdır. “Meta” həmin platformaları yeniyetmələr üçün bir saatlıq gündəlik limit, gecə rejimi və yaş yoxlaması tətbiq etməyə çağırıb.

Şirkət razılaşma ilə bağlı hər hansı qanun pozuntusunu etiraf etməsə də, yeni tədbirləri sosial media sənayesi üçün vahid təhlükəsizlik standartı kimi təqdim edir.

Cənubi Koreyanın media tənzimləyicisi də yeniyetmələri alqoritmik asılılıqdan qoruyan bu dəyişikliklərin yalnız ABŞ-də deyil, bütün ölkələrdə tətbiq edilməsinin məqsədəuyğun olduğunu bildirib.

Azərbaycanda da 16 yaş məhdudiyyəti qəbul edilib

65d728025353c65d728025353d170859929865d728025353a65d728025353b.jpg (95 KB)

Azərbaycanda azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran xüsusi qanun artıq mövcuddur. Prezident İlham Əliyevin 30 iyun 2026-cı ildə imzaladığı 431-VIIQD nömrəli qanuna əsasən, 16 yaşı tamam olmayan şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdə fərdi hesab yaratmasına icazə verilməyəcək.

16–18 yaşlı yeniyetmələr isə yalnız qanuni nümayəndələrinin razılığı ilə qeydiyyatdan keçə biləcəklər. Valideynlər həmin hesabda göstərilən məzmun və reklamları, eləcə də uşağın platformadan istifadə saatlarını idarə etmək imkanına malik olmalıdırlar. Yeniyetmələrin hesablarında sonsuz sürüşdürmə, videoların avtomatik başladılması və asılılıq yaradan digər manipulyativ funksiyalar da məhdudlaşdırılacaq.

Qanun dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək. Bundan sonra platformalar 16 yaşdan aşağı uşaqlara məxsus mövcud hesablara girişi məhdudlaşdırmalı, istifadəçi yaşını təsdiqləmədikdə isə hesabı və fərdi məlumatları silməlidirlər. Yaş məhdudiyyətinin konkret hansı sosial şəbəkələrə tətbiq ediləcəyini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müəyyənləşdirəcək.

Beləliklə, “Meta”nın ABŞ-də qəbul etdiyi məhdudiyyətlər Azərbaycan üçün yalnız mümkün nümunə deyil: ölkəmiz daha sərt – 16 yaşdan aşağı şəxslərin hesab açmasını qadağan edən hüquqi modeli artıq qəbul edib. Əsas məsələ qanun qüvvəyə mindikdən sonra “Facebook”, “Instagram”, “TikTok” və digər platformaların yaş yoxlamasını texniki olaraq necə həyata keçirəcəkləridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR