İnsanlara hürriyət, millətlərə istiqlal!

Almanlar Almaniya avtomobilini Çindən almağa başladı – ikiqat qiymət fərqi

Almaniyada Çin bazarı üçün istehsal edilən AUDI elektromobillərinin paralel idxalı diqqət çəkir.

Musavat.com xəbər verir ki, söhbət Audi və SAIC Motor-un birgə hazırladığı, ənənəvi dörd halqalı Audi loqosu olmayan E5 Sportback və E7X modellərindən gedir. Bu avtomobillər əvvəlcə yalnız Çin bazarı üçün nəzərdə tutulub və Avropada rəsmi satışa çıxarılmayıb. İndi isə avtomobillər dəniz yolu ilə Almaniyaya gətirilir və yerində sertifikatlaşdırılır.

Logistika və müxtəlif bürokratik prosedurlar səbəbindən Almaniyada onların qiyməti Çindəkindən xeyli yüksəkdir. E5 Sportback 59 980 avroya, E7X krossoveri isə 72 900 avrodan başlayan qiymətlə təklif olunur.

Çində isə eyni avtomobillərin qiyməti demək olar ki, iki dəfə aşağıdır. E5 Sportback 205 900 yuandan, E7X isə 269 800 yuandan başlayır. Bu, müvafiq olaraq təxminən 26 min və 34 min avro deməkdir.

Buna baxmayaraq, qiymət və təchizat nisbətinə görə Çində istehsal olunan bu modellər Almaniyada satılan bəzi yerli Audi elektromobillərindən daha sərfəli görünür. Müqayisə üçün, Audi S6 Sportback e-tron-un Almaniyada başlanğıc qiyməti 99 500 avro, SQ6 e-tron-un qiyməti isə 93 800 avrodur.

Lakin paralel idxal yolu ilə gətirilən avtomobillərin sahibləri müəyyən risklərlə üzləşə bilərlər. Ekspertlər xatırladırlar ki, üç il əvvəl Volkswagen Çindən paralel idxal edilən ID.6 avtomobilləri ilə bağlı məhkəməyə müraciət etmiş və işi udmuşdu. Nəticədə gətirilən 20 avtomobil məhv edilmişdi.

Audi-nin də oxşar hüquqi addım ata biləcəyi istisna edilmir. Bundan başqa, belə avtomobillərin sahiblərinin Almaniyadakı rəsmi Audi dilerlərində zəmanət xidmətindən yararlana bilməyəcəyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR