Onlayn ictimai-siyasi qəzet
Suriyanın biometrik pasportlarında qeyri-adi dizayn səhvi üzə çıxıb.
Musavat.com xəbər verir ki, pasportun daxili səhifələrində istifadə olunan fotonun üzərində fotoqrafa məxsus “WASEEM ASMAR PHOTOGRAPHY” su nişanının qaldığı məlum olub.
Söhbət Dəməşqin məşhur tarixi Əl-Həmidiyyə bazarının fotosundan gedir. Məlumata görə, fotoqraf Vasim Asmara məxsus görüntü pasportun dizaynında istifadə edilərkən onun üzərindəki müəlliflik nişanı silinməyib. Nəticədə fotoqrafın adı rəsmi dövlət sənədinin daxili səhifəsinə də çap olunub.
Yayılan məlumatlarda fotonun müəllifin əvvəlcədən icazəsi olmadan istifadə edildiyi bildirilir. Asmar da daha əvvəl şəklin onun portfelindən götürüldüyünü və pasportda istifadə olunmasına icazə vermədiyini açıqlayıb.
Maraqlıdır ki, sözügedən biometrik pasport dizaynı 2023-cü ildə, Bəşər Əsəd hakimiyyəti dövründə tətbiq olunmağa başlayıb. Buna görə də səhvin Suriyanın Əsəddən sonrakı yeni hakimiyyəti ilə bağlı olmadığı bildirilir. Köhnə dizaynla hazırlanmış çoxsaylı pasport isə hələ də dövriyyədədir.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ