Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada qağayıların insanların əlindən və masalarından yemək oğurlaması artıq milyonlarla avroluq problemə çevrilib.
Musavat.com xəbər verir ki, Compare the Market-in hesabatına əsasən, qağayıların bir il ərzində oğurladığı və ya yararsız hala saldığı yeməklərin ümumi dəyəri təxminən 200 milyon avro təşkil edir.
Bir dəfə oğurlanan yeməyin orta qiyməti təxminən 6,4 avro hesablanıb. Qağayıların ən çox “hədəf aldığı” yeməklər arasında məşhur Britaniya təamı “fish and chips” – qızardılmış balıq və kartof xüsusilə seçilir.
Sorğuda iştirak edənlərin 74 faizi ən azı bir dəfə qağayının onların yeməyini birbaşa əlindən oğurlaması ilə qarşılaşdığını bildirib.
Problem insanların gündəlik vərdişlərinə də təsir göstərib. Respondentlərin 75 faizindən çoxu qağayılara görə açıq havada yemək yediyi yeri və ya yemək üsulunu dəyişdirdiyini deyib. Təxminən hər üç nəfərdən biri isə üzərinə qağayı uçduğunu görəndə yeməyi atdığını və ya quşa verdiyini bildirib.
Hətta qağayı hücumundan yeməyini qoruya bilən britaniyalılar da ehtiyat tədbirləri görməyə başlayıblar. Bəziləri açıq havada yeməkdən imtina edir, digərləri isə boşqablarını salfet və başqa vasitələrlə örtür.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ