Onlayn ictimai-siyasi qəzet
İran Prezidenti Məsud Pezeşkianın Qırğızıstan səfəri zamanı Azərbaycan türkcəsində danışması İranda mübahisə yaradıb. İranın farsdilli sosial media seqmentində bəzi istifadəçilər dövlət başçısının xarici səfərdə türkcə danışmasına etiraz edib, digərləri isə bu reaksiyaları ölkədə yaşayan milyonlarla türkün ana dilinə qarşı dözümsüzlük kimi qiymətləndiriblər.
Musavat.com xəbər verir ki, BBC News Azərbaycanca-nın hazırladığı videoreportajda mübahisəyə səbəb olan üç görüntü təqdim edilir.
İlk epizod Pezeşkianın Bişkek hava limanında qarşılanması zamanı qeydə alınıb. Qırğızıstanın milli geyimli qadınları İran Prezidentinə çörək və doşab təqdim ediblər. Pezeşkian təamdan daddıqdan sonra qadınlara Cənubi Azərbaycan danışıq üslubunda:
“Əlləriz ağrımasın”, – deyərək təşəkkür edib.
İkinci görüntü Prezident İlham Əliyevlə Məsud Pezeşkianın görüşündən əvvəl lentə alınıb. Pezeşkian masadakı Gürcüstanın “Borjomi” suyundan içmək istəyərkən İlham Əliyev zarafatla ona Azərbaycan mineral sularını göstərib:
“Gürcü suyundan içirsiniz, Azərbaycan suyundan da için”.
![]()
İlham Əliyev “Sirab”, “Badamlı” və Kəlbəcərin “İstisu” mineral sularından danışıb. Pezeşkian suyun tədbir məkanında olub-olmadığını soruşduqda Azərbaycan Prezidenti onu özü ilə gətirdiyini söyləyib. İran Prezidenti isə gülümsəyərək:
“Özünüz üçün gətirmisiniz, bizə gətirməmisiniz”, – deyə cavab verib.
Bundan sonra İlham Əliyev Azərbaycan suyunu açaraq Pezeşkian üçün süzüb, İran Prezidenti də sudan içib.
Ən çox müzakirə edilən üçüncü epizod protokol fotosunun çəkilməsi zamanı baş verib. Məsud Pezeşkian Qırğızıstan Prezidenti Sadır Japarov və onun xanımı ilə foto çəkdirməyə hazırlaşarkən qızı Zəhra Pezeşkianı Azərbaycan türkcəsində yanına çağırıb:
“Zəhra, gəl bura. Keç, gəl bura”.
Məhz bu görüntülərdən sonra İranda mübahisə daha da genişlənib. Tənqidçilər İran Prezidentinin beynəlxalq tədbirdə ölkənin rəsmi dili olan farscadan istifadə etməli olduğunu iddia ediblər. Bəzi paylaşımlarda Pezeşkianın türkcə danışmasına siyasi məna verilib, onun İranın dövlət başçısı kimi davranmadığı irəli sürülüb.
Pezeşkianı müdafiə edənlər isə bu ittihamları əsassız adlandırıblar. Onlar bildiriblər ki, İran Prezidenti türkcə rəsmi bəyanat verməyib, siyasi çıxış etməyib. O, qeyri-rəsmi məqamlarda – süfrə açan qadınlara təşəkkür edərkən, İlham Əliyevlə zarafatlaşarkən və qızını yanına çağırarkən ana dilində danışıb.
Müdafiəçilərin fikrincə, Prezidentin ana dilində bir neçə cümlə işlətməsinin etirazla qarşılanması İranda türk dilinə münasibətlə bağlı daha dərin problemin mövcudluğunu göstərir. Məsələ artıq Pezeşkianın hansı dildə danışmasından çıxaraq İran türklərinin dil və kimlik hüquqları ətrafında köhnə mübahisəni yenidən gündəmə gətirib.
Türkiyəli jurnalist Nedim Şener də görüntüləri “Türk türkdür – İranda da, Azərbaycanda da” sözləri ilə şərh edib. Jurnalist Ahmet Yeşiltepe isə iki liderin söhbətini “İki türk yanaşı oturub suyun məmləkətini danışır, eyni coğrafiyanın suyundan içirlər” kimi dəyərləndirib.
Videoreportajda xatırladılır ki, Pezeşkianın qızı Zəhra Pezeşkian da avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə Azərbaycan dilində təbrik məktubu ünvanlayıb.
Beləliklə, Pezeşkianın Bişkekdə işlətdiyi üç sadə türkcə ifadə İran daxilində dil, kimlik və dövlət anlayışı ətrafında yeni qarşıdurmanın mövzusuna çevrilib.
Musavat.com BBC News Azərbaycancaya istinadən müzakirələrə səbəb olan videoreportajı təqdim edir:
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ