İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan ermənicə danışdı, Putini görəndə ruscaya keçdi

 

Ermənistanın baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində erməni dilində çıxış etməsi  diqqətini çəkib. Paşinyanın bu addımı adi dil seçimi kimi deyil, Rusiya ilə münasibətlər fonunda siyasi mesaj kimi qiymətləndirilib. Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Paşinyan sammitdə çıxış edən MDB ölkələri liderləri arasında ictimai nitqində rus dilindən istifadə etməyən yeganə rəhbər olub. Halbuki Ermənistanın baş naziri Rusiya nümayəndələrinin iştirak etdiyi rəsmi tədbirlərdə əvvəllər əsasən rus dilində danışırdı.Bu dəfə isə Paşinyan nümayişkaranə şəkildə erməni dilini seçib.

Moskva da bu dəyişiklikdən yan keçməyib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Paşinyanın ermənicə çıxışını “qəribə” adlandırıb.“O, yəqin ki, erməni dilindən digər dillərə tərcümənin mümkün olduğunu öyrənib və çıxışını ermənicə edib. Bu, nadir haldır, əvvəllər belə görüşlərdə buna yol vermirdi. Mənə qəribə gəldi, vəssalam”, – Uşakov bildirib.Uşakov bununla yanaşı, erməni dilinin Ermənistanın dövlət dili olduğunu da vurğulayıb. Lakin onun açıqlamasından aydın olub ki, Moskva Paşinyanın əvvəlki davranışı ilə bu dəfəki seçim arasındakı fərqi xüsusi olaraq müşahidə edib. Rusiya Dövlət Dumasında da Paşinyanın dil seçiminə diqqət çəkilib. MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin birinci sədr müavini Konstantin Zatulin Paşinyanın ermənicə danışmasını onun ənənəvi rus dilindən nümayişkaranə imtinası kimi qiymətləndirməyin mümkün olduğunu bildirib. Ermənistan son illərdə Moskva ilə məsafəni artırır, Qərblə əlaqələri genişləndirir və Avropa İttifaqına inteqrasiya istiqamətində addımlar atır. Bu fonda Paşinyanın rus dilindən imtina edərək beynəlxalq platformada yalnız ermənicə danışması İrəvanın siyasi kursundakı dəyişikliklərin simvolik görüntüsünə çevrilib.

Daha diqqətçəkən məqam isə bundan sonra baş verib. Paşinyan Vladimir Putinlə ikitərəfli görüş zamanı yenidən rus dilində danışıb. Yəni Ermənistan baş naziri ümumi sammitdə erməni dilini seçsə də, Rusiya prezidenti ilə birbaşa görüşdə rus dilinə qayıdıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR