Onlayn ictimai-siyasi qəzet
Daşkənddə beynəlxalq mediaforumda iştirak edərkən Özbəkistanın Nizami adına Milli Pedaqoji Universitetinin jurnalistika fakültəsinin tələbələrinə master-klass keçməyə dəvət olunanda, doğrusu, bir az şaşırdım. Birdən-ikiyə öz ölkəmizdə belə şey olmayıb, amma indi Özbəkistandakı həmkarlar istəyirlər ki, müəllif, onların təbirincə desək, “öz zəngin təcrübəsi”ni gələcək özbək jurnalistlər bölüşsün.
Mövzu da elə idi ki, dəvəti məmnunluqla qəbul etdim. Onsuz da illərdir jurnalist olmaq istəyən həmvətənlərimizə bu tövsiyələri verirəm.
Bu sual ətrafında danışmalıydım: “Əgər gənc jurnalist sizdən "Uğurlu jurnalist olmaq istəyirəmsə, haradan başlamalıyam?" deyə soruşsa, ona ilk olaraq nə məsləhət verərdiniz?"
Universitetdə bizi təhsil müəssisənin prorektoru Dilnoza Xalmuradova qarşıladı, qısa məlumat verdi. Aydın oldu ki, böyük şairimiz Nizaminin adını daşıyan universitet 91 ildir fəaliyyət göstərir, ölkədə ən populyar və zəngin tarixə malik təhsil ocağıdır. Hazırda universitetdə 18 min 500 tələbə təhsil alır.

Universitetin foyesində nəzərimi iki nüans cəlb etdi. Onlardan biri indiyə qədər universitetə rəhbərlik etmiş rektorların şəkillərinin vurulduğu lövhə, digəri “Onlar bizim fəxrimiz” stendi idi. Burada universitetin müəllimi olmuş və ölkənin ədəbiyyat və mədəniyyətinə töhfələr bəxş etmiş ədiblərin fotoları yer alırdı. Onların sırasında məşhur həmvətənimiz Maqsud Şeyxzadənin şəklini də gördüm.

Maqsud müəllim Özbəkistanda hər kəsin tanıdığı məşhur pedaqoq, yazıçı-dramaturq, Avropa ölkələrinin klassik ədiblərinin şah əsərini özbək dilinə tərcümə etmiş tərcüməçi olub. Bu gün də onun xatirəsi qardaş ölkədə hörmətlə anılır.
Nəhayət, görüş başladı və moderator yuxarıda qeyd etdiyim sual ətrafında özbək tələbələrə nə kimi tövsiyələrimin olduğunu soruşdu.
Dedim, uğurlu jurnalist olmaq üçün bu peşə sevib-seçmiş (məhz belə) gənc çox oxumalıdır, əlinə düşən bütün mətnləri, o cümlədən bədii əsərləri, elmi-publisistik kitabları, memuarları, tarixə, incəsənətə aid əsərləri “su kimi içməlidir”.

“Özü də uğurlu jurnalist olmaq, parlaq imza daşımaq istəyən gənc bir neçə yüz, hətta bir neçə min yox, bütöv bir kitabxana oxumalıdır. Təbii ki, buna vaxt və həvəs çatışmazlığı ola bilər, amma öz peşəsinndə uğur qazanmaq istəyən tələbə, mütləq bütün sahələrlə maraqlanmalıdır, hər şeydən məlumatlı, anlayışlı olmalıdır. Jurnalistin ensiklopedik biliyi olmalıdır və müasir texnoloji imkanlardan (elektron kitabxanalar, əlçatan virtual mənbələr, tərcümə proqramları, süni intellekt) yararlanmaq üçün nəyi harada, necə, hansı sualla axtarmağı bacarmalıdır”, - əlavə etdim.

Onu da dedim ki, süni intellektin hazırladığı mətnlərə güvənmək olmaz. Onlar vaxtilə dəfələrlə yazılmış mətnlərin analiz edilmiş, yaxşıca yoğrulmuş məcmusudur, içində imza müəllifinə aid olan yeni fikir yoxdur. Jurnalistlər (xüsusilə də publisistlər) isə yaradıcı olmalıdır, özləri fikir ürətməlidir (burasını Anadolu türklərinin təbirincə dedim).
Onu da qeyd edim ki, mən ana dilimizdə, aram-aram, qısa cümlələrlə danışdım və diqqət yetirdim ki, auditoriyada olanların, demək olar ki, hamısı dediklərimim 80-90 faizini anlayırlar. Hər halda, reaksiyalarından belə başa düşdüm.
Tələbələrdən birinin bütün dünyanı sarmış bloqer hərəkatının klassik jurnalistikanı üstələməsi, bu peşənin jurnalistika olub-olmaması barədə sualına cavab olaraq dediyim “Bloqerlik jurnalitikanın plintus səviyyəsidir” ifadəsi məmnunluqla qarşılandı və tələbələrin bir çoxu əlləri ilə “əla” işarəsi göstədilər. Görünür, onlar bloqerlik və jurnalistlik seçimi qarşısındadırlar və təcrübəli həmkarlarından hansı peşənin daha yaxşı, faydalı olduğuna dair rəy istəyirlər.
Arada tələbələrdən bir sıra klassik dünya yazıçılarının (məsələn, Teodor Drayzer, Cek London) əsərlərini oxuyub-oxumadıqlarını soruşdum, 4-5 gənc əlini qaldırdı. Amma klassik özbək yazıçısı Abdulla Qədirinin 100 il əvvəl yazdığı “Ötən günlər” romanını oxuyub-oxumadıqlarını soruşanda bütün auditoriya “bəli” dedi, mən də bildirdim ki, təəccüblü deyil, bunu sizə ədəbiyyat dərsində keçirlər.
Daha sonra uğurlu jurnalist olmaq üçün lazım olan digər şərtləri də saydım: çalışqanlıq, obyektivlik, qərəzsizlik, operativlik, ağıllı şəkildə cəsarətlilik və s. Sözümü onunla yekunlaşdırdım ki, bunların hamısı öz yerində, amma əsas məsələ təbii intellektə malik olmaqdır, bunun da qaynağı çıxışımın birinci cümləsində dediyimdir: oxumaq, oxumaq, yenə də oxumaq.
Hesab edirəm ki, özbək gənclər tövsiyələrimi məmnunluqla qarşıladılar. Öz tələbələrimizə lazım olarsa, eyni sözləri BDU-da və digər jurnalistika fakültəsi olan universitetlərdə təkrar edə bilərəm.

Lap axırda mənə sertifikat da verdilər.
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ