İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskiyə qarşı “Saakaşvili kartı” açıldı, Qərbə ŞOK MESAJ verildi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin son açıqlamaları Kremlin qarşıdurma ilə bağlı mövqeyinin yumşalmadığını, əksinə, Moskvanın öz hərbi və siyasi gücünü nümayiş etdirməyə hesablanan mesajlarını davam etdirdiyini göstərdi. Medvedyev bu dəfə yalnız Ukrayna rəhbərliyini deyil, bütövlükdə Qərbin Rusiyaya qarşı siyasətini hədəfə alıb.

Medvedyev 2008-ci ildə Cənubi Osetiya və Abxaziya hadisələrindən sonra Qərbin əsas nəticə çıxarmalı olduğunu bildirib. Onun fikrincə, Qərb Rusiya ilə hərbi qarşıdurmaya getməməlidir. Rusiya rəsmisi Moskvanın tarix boyu özünə qarşı yönəlmiş belə cəhdlərdən qalib çıxdığını iddia edib və bunu “rus ruhunun və Rusiya silahlarının gücü” ilə əlaqələndirib.

0c007925-9cfe-33de-98d6-edf7e83027b8_1200.jpg (42 KB)

Medvedyev bununla kifayətlənməyərək Ukrayna Prezidenti Volodimir Zelenskinin gələcək taleyinin keçmiş Gürcüstan rəhbəri (hazırda həbsdə olan) Mixail Saakaşvilinin aqibətinə bənzəyə biləcəyini irəli sürüb.

Rusiya rəsmisi Zelenskinin gələcəkdə nə Ukrayna xalqı, nə də Qərb üçün faydalı olacağını iddia edib və onun beynəlxalq tribunal qarşısında məsuliyyət daşıyacağını söyləyib. Medvedyev həmçinin Zelenskini “Kiyev xuntasının lideri” və “neonasist” kimi təqdim edərək onun qarşısında ağır aqibət dayanacağını bildirib.

Zelenskinin Saakaşvili ilə müqayisə edilməsi Moskvanın hansı mesajını daşıyır? Medvedyevin beynəlxalq tribunal barədə açıqlamaları nə dərəcədə real hüquqi perspektivə malikdir?

REHMAN.jpg (114 KB)

Politoloq Rəhman Bayramov Musavat.com-a bildirib ki, Medvedyevin Zelenskinin taleyini Saakaşvili ilə müqayisə etməsi Moskvanın Ukrayna müharibəsinə yanaşmasında ciddi dəyişiklik olmadığını göstərir:

“Medvedyev faktiki olaraq demək istəyir ki, Qərbin dəstəyinə arxalanaraq Rusiya ilə qarşıdurmaya gedən postsovet ölkələrinin rəhbərləri sonda bunun siyasi nəticələri ilə üzləşirlər. Onun 2008-ci il Rusiya-Gürcüstan müharibəsini xüsusi xatırlatması da təsadüfi deyil. Zelenskinin Saakaşvili ilə müqayisəsi isə daha çox siyasi və psixoloji təzyiq vasitəsidir. Gürcüstanla Ukraynanın vəziyyəti eyni deyil. Ölkələrin miqyası, müharibələrin xarakteri və ən əsası, Qərbin Ukraynaya verdiyi hərbi və siyasi dəstək 2008-ci ildə Gürcüstanın aldığı dəstəklə müqayisə olunmayacaq dərəcədə böyükdür. Ona görə də Zelenskinin Saakaşvilinin taleyini yaşayacağı barədə deyilənləri real proqnozdan çox siyasi hədə kimi qəbul etmək lazımdır. Medvedyevin Zelenskinin beynəlxalq tribunal qarşısına çıxarılacağı barədə fikirlərinin də indiki mərhələdə real hüquqi mexanizmdən daha çox siyasi ritorika olduğunu düşünürəm. Beynəlxalq tribunal hansısa dövlət rəsmisinin bəyanatı ilə yaradılmır. Bunun üçün hüquqi əsas, yurisdiksiya və beynəlxalq səviyyədə qəbul olunan mexanizm olmalıdır.

Burada diqqət çəkən başqa bir məsələ Medvedyevin milli məsələlərin qızışdırılmasının ağır nəticələrindən danışmasıdır. Moskva başqa dövlətlərə bu mövzuda xəbərdarlıq edirsə, özünün postsovet məkanında apardığı siyasətlə bağlı yaranan suallara da cavab verməlidir. Abxaziya, Cənubi Osetiya və Ukraynada baş verənlər göstərir ki, milli və ərazi məsələlərindən siyasi təsir vasitəsi kimi istifadə olunması ilə bağlı ittihamlar uzun illərdir Rusiyanın özünə də ünvanlanır. Hesab edirəm ki, Medvedyevin son açıqlamasının əsas ünvanı əslində Zelenski deyil, Qərbdir. Moskva göstərmək istəyir ki, Ukraynaya silah və siyasi dəstəyin davam etməsi Rusiyanı geri çəkilməyə məcbur etməyəcək. Eyni zamanda Rusiya Qərbə qarşıdurmanın daha təhlükəli mərhələyə keçə biləcəyinin mesajını verir. Amma indiyə qədər sərt ritorika Qərbi Ukraynaya dəstəkdən çəkindirə bilməyib. Əksinə, bəzi hallarda Rusiyadan gələn təhdidlər Qərbdə Ukraynaya yardımın davam etdirilməsi üçün əlavə arqumentə çevrilib. Problem də bundadır ki, tərəflər hələ də kompromis axtarmaqdan daha çox bir-birini geri çəkilməyə məcbur etməyə çalışırlar. Bu gün Ukrayna müharibəsi artıq yalnız Rusiya ilə Ukrayna arasındakı müharibə deyil. Burada Rusiya ilə Qərbin daha böyük geosiyasi maraqları toqquşur və Ukrayna həmin qarşıdurmanın əsas meydanına çevrilib. Məncə, ən təhlükəli məqam da Medvedyevin konkret olaraq hansı ifadəni işlətməsi deyil. Əsas təhlükə Rusiya-Qərb münasibətlərində diplomatiyanın yerini getdikcə daha çox ultimatumların, qarşılıqlı təhdidlərin və hərbi güc nümayişinin tutmasıdır. Bu davam edərsə, söhbət təkcə Ukraynadakı müharibənin uzanmasından deyil, bütövlükdə Avropanın təhlükəsizliyi üçün daha ciddi risklərin yaranmasından gedəcək”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR