İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin birinci, Türkiyə ikinci – savaş gəmilərində dünyanı silkələyən rəqəm

Türkiyənin hərbi gəmiqayırma sənayesində çatdığı miqyasla bağlı diqqətçəkən rəqəmlər açıqlanıb. Hazırda Türkiyə tərsanələrində eyni vaxtda 61 savaş gəmisinin inşası aparılır.

Musavat.com xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlu TEKNOFEST Mavi Vatan tədbirində ölkənin hərbi gəmi istehsalı imkanlarından danışıb.

Tatlıoğlunun sözlərinə görə, hazırda 37 savaş gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələri, daha 24 gəmi isə xarici ölkələrin donanmaları üçün inşa edilir. Beləliklə, eyni vaxtda tikilməkdə olan hərbi gəmilərin ümumi sayı 61-ə çatır.

Bu göstərici Türkiyənin yalnız öz donanmasını sürətlə yeniləmədiyini, eyni zamanda hərbi gəmi ixracında böyük istehsal gücünə çevrildiyini göstərir. İnşa edilən 61 gəmidən təxminən 40 faizi xarici sifarişçilər üçündür.

Tatlıoğlu Türkiyənin bu sahədə Avropadakı ölkələri qabaqladığını bildirib. Onun açıqlamasında Fransanın eyni vaxtda 28 hərbi gəmi inşa edə bildiyi də qeyd olunub.

Türkiyədə hazırda milli freqat və korvet proqramları ilə yanaşı, daha böyük və mürəkkəb platformalar üzərində də iş gedir. Bunların sırasında milli təyyarədaşıyan gəmi, hava hücumundan müdafiə esminesi və milli sualtı qayıq layihələri var.

Xüsusilə milli təyyarədaşıyan gəmi Türkiyə donanmasının gələcək əsas layihələrindən biri hesab olunur. Tatlıoğlu gəminin 27 sentyabr 2027-ci ildə suya endirilməsinin planlaşdırıldığını açıqlayıb. Layihədə pilotsuz uçuş aparatları, pilotsuz dəniz və sualtı vasitələrinin birlikdə istifadəsi nəzərdə tutulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR