Onlayn ictimai-siyasi qəzet
Almaniyanın avtomobil istehsalçısı Audi avtomobil sənayesində yaşanan böhran fonunda qeyri-adi qərar qəbul edib.
Musavat.com xəbər verir ki, şirkət əməkdaşlarına müvəqqəti olaraq müdafiə sənayesi müəssisələrində işləmək imkanı yaradır.
Könüllülük prinsipi əsasında həyata keçiriləcək proqram Diehl, Airbus, MBDA və KNDS kimi iri müdafiə sənayesi şirkətlərini əhatə edir.
İlk növbədə İnqolştadt şəhərində çalışan mühəndislərə, layihə rəhbərlərinə, texniki inkişaf və keyfiyyətə nəzarət şöbələrinin mütəxəssislərinə bu imkan təklif olunur.
Hüquqi baxımdan həmin əməkdaşların müdafiə sənayesi müəssisələrində fəaliyyəti müvəqqəti işçi qüvvəsinin təqdim edilməsi mexanizmi əsasında rəsmiləşdiriləcək.
Bu qərarın əsas səbəbi Almaniyada avtomobil sənayesinin bəzi sahələrində iş həcminin azalması, müdafiə sənayesində isə ixtisaslı kadrlara tələbatın artmasıdır.
Müdafiə müəssisələri aldıqları sifarişləri yerinə yetirmək üçün təcrübəli mühəndislərə və texniki mütəxəssislərə ehtiyac duyurlar.
Audi rəhbərliyinin məlumatına görə, proqram şirkət əməkdaşları arasında artıq böyük maraq doğurub. İşçilərin bu təşəbbüsə marağı “son dərəcə yüksək” qiymətləndirilir.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ