Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Ermənistanın Baş Prokurorluğu dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı cinayət işi açıb. İş üzrə ölkənin iki keçmiş rəhbəri – ikinci prezident Robert Köçəryan və üçüncü prezident Serj Sərkisyan təqsirləndirilən şəxslər kimi keçir.
Artıq Robert Köçəryan saxlanılıb (saxlanıldıqdan sonra səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirildiyi deyilir), Serj Sərkisyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinin binasına ifadə vermək üçün gətirilib. Keçmiş dövlət başçıları ilə yanaşı, daha 8 nəfərə də ittiham irəli sürülüb.
R.Köçəryan və S.Sərkisyana Azərbaycanda da başqa maddələrlə cinayət işi açıldığı məlumdur. Azərbaycan xalqı da bu iki caninin dəmir barmaqlıqlar arxasına düşməsi və ömürlərinin qalan hissəsini həbsdə keçirməsini illərdir istəyir və gözləyir. Bu mənada Paşinyanın onları qandallatması dolayısı ilə bizim də istəklərimizin gerçəkləşməsi hesab edilə bilərmi?
Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, hər kəs törətdiyi əməllərə, cinayətlərə görə cavab verməlidir, cavab vermək növbəsi Robert Köçəryan və Serj Sərkisyana çatdı: “Köçəryan və Sərkisyan Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı ağır cinayətlər törədiblər. Lakin onların cinayətləri bununla bitməyib. Bu iki cani Ermənistan dövlətinə və xalqına qarşı da çox ciddi cinayətlərə yol veriblər.
Artıq onların Ermənistan daxilində törətdikləri əməllərlə bağlı cinayət işi açılıb və bu cinayətlərinə görə cavab verməlidirlər. Rüşvətxorluq, korrupsiya, dövlət əmlakını talama, mənimsəmə Robert Köçəryanın və Serj Sərkisyanın cinayətlərinin bir epizodudur. Onların daha da ağır cinayətləri var. Ən böyük cinayəti Azərbaycan xalqına qarşı törədiblər. Köçəryan və Sərkisyan, həmçinin bu canilərin ətrafındakı quldur dəstəsi xalqımıza qarşı ən ağır cinayətləri həyata keçirib, azərbaycanlılara qarşı soyqırımına rəhbərlik ediblər. Onlar təkcə Ermənistan məhkəmələri qarşısında yox, həm də Azərbaycan məhkəməsi qarşısında dayanmalıdırlar. Bu, mütləq bir gün baş verəcək. Köçəryan və Sərkisyan həm öz dövlətlərinə qarşı, həm də Azərbaycana qarşı törətdikləri cinayətlərə görə cavab verməlidirlər”.
A.Nağı qeyd edib ki, Köçəryan və Sərkisyanın həbs olunmasını Azərbaycan xalqı çoxdan gözləyir: “Əgər indi bu iki cani öz ölkələrinə qarşı yol verdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunurlarsa, bunun özü də müsbət haldır və gözləntilərin doğrulması istiqamətində bir prosesdir. Paşinyan hökuməti Azərbaycan tərəfinin də Köçəryan və Sərkisyanla bağlı müraciətlərini, mövqeyini nəzərə almalıdır. Azərbaycanda da bu iki şəxsə qarşı cinayət açılıb və onlar axtarışa verilib”.
Etibar Seyidağa,
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ