Onlayn ictimai-siyasi qəzet
Başı bəlalar çəkən Ukraynanın dünən Müstəqillik Günü idi. Həmin gün, 24 avqust 1991-ci il tarixdə Ukrayna Ali Radası Müstəqillik Bəyannaməsini qəbul edib – Sovet totalitar rejiminin bərpasına yönəlmiş məşhur “QKÇP” qiyamından cəmi iki gün sonra.
Ermənistan Baş naziri Nikol Paşinyan da bir sıra digər dövlət rəhbərlərindən geri qalmayıb və əlamətdar ildönümlə bağlı prezident Volodomir Zelenskiyə təbrik ünvanlayıb. Bəlkə də burada qeyri-adi bir şey yoxdur, amma və lakin...
Əvvəla, quruca təbrikin özü Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək anlamına gəlir və o səbəbə Rusiyanı, onun lideri Vladimir Putini qıcıqllandırmaya bilməz. Bunu belə də mənalandırmaq olar ki, “Ukrayna işğala qarşı mübarizə aparmaqda düz edir və biz onun yanındayıq”.
Məsələ də ondadır ki, Azərbaycandan fərqli olaraq, Ermənistan aradakı gərginliyə rəğmən, Rusiya üçün indi də xüsusi statusda olan ölkədir. O da məlumdur ki, tərəflər arasında 2047-ci ilədək qüvvədə olacaq (əgər ona qədər ləğv olunmazsa) müttəfiqlik sazişi var və Gümrüdəki Rusiya hərbi bazası da məhz o sənəd əsasında dislokasiya olunub. Yəni, bir var, Prezident İlham Əliyevin təbriki, bir də var, Rusiyanın orbitində çabalayan Ermənistanın rəhbərinin məktubu.
Hərçənd, elə dünən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ümumən bu qəbil təbriklərdən narazılığını ifadə edərək, dodaq altı nəsə mızıldanmış, hətta hədə xarakterli bəzi sözlər işlətmişdi. Amma çifayda? Bütün dünyaya qarşı getmək olmaz ki...
Mətləbdən uzaqlaşmayaq və yada salaq ki, İrəvan Ukrayna konfliktində lap əvvəldən Kremlin qəzəbindən çəkinməyərək, beynəlxalq birliyin yanında yer alıb. Bu yaxınlarda Nikol yenə bəyan elədi ki, “bu bizim müharibə deyil”. Hansını ki, Putin “xüsusi hərbi əməliyyat” hesab edir, “Vətən uğrunda mübarizə” adlandırır.
Nikol Paşinyan isə öz təbriki ilə bir növ mesaj göndərir ki, “sizin vətən uğrunda mübarizəniz” bizim vecimizə deyil, çünki bu, ukraynalıların vətən müharibəsidir. Bu da azmış kimi iki ay öncə Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Forumuna Ermənistan Təhlükəsizlik Şurasının ovaxtkı katibi Armen Qriqoryan da qatılmışdı. Odur ki, həmin bəyanatı belə də oxumaq mümkündür: Moskva qonşu dövlətə qarşı təcavüzkar müharibə aparır və onun nəticələrini bütün dünya kimi Ermənistan da tanımayacaq...

Təbrikə gəlincə, orada bir sitata xüsusi diqqət eləməyə dəyər: “Mən İrəvanda keçirilən və ikitərəfli münasibətlərimizə həqiqətən yeni nəfəs verən 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirakınızı yüksək qiymətləndirirəm. Əminəm ki, görüşümüz zamanı aparılan səmimi müzakirələr və əldə edilən razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi qarşılıqlı etimadın möhkəmləndirilməsinə, ölkələrimiz arasında iqtisadi və humanitar əlaqələrin genişləndirilməsinə və iki xalqın rifahı naminə tərəfdaşlığımızın bütün potensialının tam şəkildə reallaşmasına töhfə verəcək”.
Söhbət Zelenskinin müharibə dövründə ilk dəfə İrəvana səfər eləməsindən gedir. Hansı səfər ki, rəsmi Moskvanı cin atına mindirmişdi. Paşinyan sanki Kremlin acığına məktubda bu faktı bir daha xatırladır. Halbuki axır 4 il yarımda Putin Bakıya səfər eləsə də, bircə dəfə belə İrəvana getməyib. Həm də ehtiyat edib. Ona görə ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) onun haqqında axtarış elanı var. Ermənistan isə BCM-nin Roma Statutuna qoşularaq onun 124-cü üzvü olub.
Bu da hamısı deyil. Təbrikin sonunda deyilir: “Ermənistan Ukraynada ədalətli və davamlı sülhün bərqərar olmasını qətiyyətlə dəstəkləyir və Ukrayna xalqına humanitar yardım göstərməyə davam etməyə hazırdır. Sizə uğurlar, dost Ukrayna xalqına isə sülh və dəyanət arzulayıram”.
“Dost Ukrayna xalqı”na “sülh və dəyanət” arzusu. Hansı xalq ki, 5 ildir Rusiya işğalına qarşı ölüm-dirim mücadiləsi verir. Həm də digər postsovet ölkələri naminə.
Слава Україні!..
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ