Onlayn ictimai-siyasi qəzet
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi artıq yalnız üç ölkənin təhlükəsizlik əməkdaşlığı çərçivəsində qalmaya bilər. Sazişə yeni dövlətlərin maraq göstərməsi onun gələcəkdə daha geniş regional təhlükəsizlik formatına çevrilməsi ehtimalını artırır. Xüsusilə Banqladeşin bu əməkdaşlığa maraq göstərməsi İslam dünyasında yeni hərbi-siyasi konfiqurasiyanın yarana biləcəyi ilə bağlı müzakirələri gücləndirib. Bu proses Yaxın Şərqdə və Cənubi Asiyada geosiyasi gərginliyin artdığı bir dövrə təsadüf edir. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kimi hərbi və siyasi baxımdan mühüm dövlətlərin təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq etməsi, üzərinə yeni ölkələrin də gəlməsi halında, regiondakı güc balansına təsirsiz ötüşməyəcək.
Banqladeşin mümkün iştirakı isə formatın coğrafi əhatəsini daha da genişləndirəcək. Belə bir proses reallaşarsa, söhbət artıq üç ölkə arasındakı müdafiə əməkdaşlığından deyil, müxtəlif regionları birləşdirən daha geniş təhlükəsizlik mexanizmindən gedə bilər.
Maraqlıdır, Məkkə sazişi gələcəkdə İslam dünyasının kollektiv təhlükəsizlik platformasına çevrilə bilərmi? Banqladeşdən sonra başqa ölkələr də bu formata qoşulmaq istəyəcəkmi? Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı bu əməkdaşlıq hansı güclərin regional planlarına təsir göstərə bilər?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirib ki, Məkkə sazişinin “NATO tipli” kollektiv təhlükəsizlik aliyansına çevrilməsi bir qədər vaxt apara bilər, ancaq funksional təhlükəsizlik platformasına çevrilmək potensialı çox yüksəkdir:
“Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan hər biri fərqli üstünlüklərə malikdir. Xüsusilə, qardaş ölkə Türkiyə inkişaf etmiş müdafiə sənayesi və NATO təcrübəsinə, Pakistan nüvə silahına və böyük canlı qüvvəyə, Səudiyyə Ərəbistanı isə maliyyə resurslarına və İslam dünyasındakı mənəvi/siyasi çəkiyə sahibdir. Ancaq İslam ölkələrinin xarici siyasətdəki fərqli prioritetləri və vahid komandanlıq strukturunun yaradılmasındakı çətinliklər tam inteqrasiyaya mane ola bilər. Buna baxmayaraq, kəşfiyyat mübadiləsi, birgə təlimlər və hərbi texnologiya transferi çərçivəsində bu saziş effektiv platforma kimi fəaliyyət göstərə bilər. Sazişə qoşulmaq istəyən bəzi ölkələr də var, misal üçün Banqladeş. Çox maraqlıdır, İran da rəsmi olaraq bildirib ki, rəsmi Tehranı sazişə qoşulmağa dəvət ediblər. İran tərəfi bunu dəyərləndirir. Ancaq sazişə üzv olan ölkələrdən bununla bağlı heç bir açıqlama verilməyib. Banqladeşin sazişə qoşulmağa maraq göstərməsi paktın cəlbediciliyini sübut edir. Gələcəkdə oxşar təhlükəsizlik ehtiyacları olan digər ölkələrin də bu formata qoşulması və ya tərəfdaş kimi fəaliyyət göstərməsi mümkündür. Misal üçün, Mərkəzi Asiya ölkələri (xüsusən Özbəkistan və Qazaxıstan), Körfəz Əməkdaşlıq Şurasının bəzi üzvləri (Qətər, Bəhreyn) və Şimali Afrika dövlətləri (Mərakeş, Misir) bu formata maraq göstərə bilər. Qeyd etmək yerinə düşür ki, qlobal güclərin (ABŞ, Çin, Rusiya) regional təhlükəsizlik zəmanətlərinin zəiflədiyi bir dövrdə strateji muxtariyyət axtaran dövlətlər üçün bu cür regional alyanslar cəlbedici alternatividir”.
Hərbi ekspertin zənnincə, bu formatın güclənməsi bir sıra qlobal və regional aktora birbaşa təsir edəcək:
“Banqladeş və Pakistanın eyni təhlükəsizlik çətiri altında yaxınlaşması Hindistanın Cənubi Asiyadakı strateji hesablamalarını tamamilə dəyişə bilər. Ona görə də Hindistanın aktivləşməsi, prosesə müəyyən mənada mane olmağa cəhdlər göstərilməsi gözləniləndir. Hesab edirəm ki, sazişə qoşulan ölkələr də bunu nəzərə alıblar. Yaxın Şərqdə Səudiyyə Ərəbistanı və Türkiyənin Pakistanla birgə hərbi çəki qazanması İranın regional nüfuz balansına təsir edə bilər. Ancaq tərəflər İranı birbaşa hədəf almaqdan çəkinməyə çalışacaqlar. Hesab edirəm ki, məhz bu səbəbdən də saziş ölkələri İrana qoşulmaq üçün təklif göndərib. Türkiyə və Səudiyyə Ərəbistanının hərbi müstəvidə yaxınlaşması Yaxın Şərqdə İsrailin təhlükəsizlik arxitekturasında yeni faktor olacaq. Bu minvalla İsraillə Birləşmiş Ərəb ölkələrinin daha da yaxınlaşması müşahidə oluna bilər. Vaşinqton və Avropa İttifaqı bu alyansı həm regional sabitlik faktoru kimi dəstəkləyə, həm də NATO-dan kənar müstəqil bir hərbi blokun yaranması baxımından ehtiyatla qarşılaya bilər”.
Səxavət Məmməd ölkəmiz tərəfdən də durumu dəyərləndirib:
“Rəsmi Bakı bu prosesdə həm təbii müttəfiq, həm də geosiyasi körpü rolunu oynamaq potensialına malikdir. Azərbaycan onsuz da Türkiyə ilə Şuşa Bəyannaməsi əsasında mütfəfiqdir, Pakistan və Səudiyyə Ərəbistanı ilə isə yüksək səviyyəli hərbi-siyasi əlaqələrə sahibdir. Bu baxımdan Bakı üçün bu formata inteqrasiya və ya onunla yaxın tərəfdaşlıq etmək tamamilə təbii addımdır. Azərbaycan Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatı (TDT) müstəvisində təhlükəsizlik əməkdaşlığını dərinləşdirir. Bakı Məkkə Formatı ilə Türk Dünyası (və Mərkəzi Asiya) arasında birləşdirici bənd rolunu oynaya bilər. Hesab edirəm ki, Banqladeşin marağı ilə genişlənmə siqnalı verən bu pakt İslam dünyasında illərdir çatışmayan “özünümüdafiə və strateji çəpər” funksiyasını yerinə yetirə bilər”.
Cavanşir Abbaslı
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ