Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi 28-29 mart tarixlərində Londonda İranın gələcəyi ilə bağlı “İranın Azadlığı” adlı konqres keçirilib.
Musavat.com xəbər verir ki, iki günlük konfransda İranın tanınmış siyasi aktorları bir araya gəlib.
Onların arasında azərbaycanlı nümayəndələr də iştirak edib. Konfransın ikinci günündə Duman Radmehr (OCAQ – Azərbaycan Demokratiya və İnkişaf Mərkəzi sədri), Əlirza Ərdəbili (OCAQ İdarə Heyətinin üzvü), Simin Səbri (ADP sözçüsü), Jalə Təbrizi (ƏRK – Azərbaycan İnsan Haqları Müdafiəsi Cəmiyyətinin sədri) və Yunis Şamili (ADP üzvü) çıxış ediblər.
OCAQ İdarə Heyətinin üzvü Əlirza Ərdəbili çıxış edərək “Demokratiyanın inkişafında partiyaların rolu” mövzusunda danışıb. O bildirib ki, siyasi partiyaların rolunu nəzərə almadan demokratiyadan danışmaq, əslində bu sistemin əsas sütunlarını görməzdən gəlmək deməkdir. Demokratiya yalnız seçkilərdən ibarət deyil; o, institutlar, qaydalar və davamlı münasibətlərdən ibarət mürəkkəb bir sistemdir. Bu sistemdə siyasi partiyalar cəmiyyətlə dövlət arasında körpü rolunu oynayan əsas dayaqlardır.
ADP sözçüsü Simin Səbri iştirakçıları Azərbaycan dilində salamlayaraq çıxışını edib. O vurğulayıb ki, demokratiya praktikada obyektiv və tərəfsiz olmadığı halda, öz əsl mənasını itirir:
"İnkişaf etmiş ölkələrdə siyasi partiyalar xalqın idarəsini təşkil edir, onları təmsil edir və iradələrini həyata keçirirlər. Xalqın səsi tək-tək fərdlərə deyil, partiyaların təqdim etdiyi proqramlar və siyasət xəttləri vasitəsilə əhəmiyyət qazanır".
Simin Səbri bildirib ki, siyasi partiyalar qısa, orta və uzun müddətli proqramlar hazırlayaraq ölkənin idarəsi üçün cəmiyyətə ən yaxşı perspektivi təqdim etməyə çalışırlar:
"Bu proqramlar olmadan xalqın məlumatlı seçimi mümkün olmaz. İnsanlar qərar verir ki, gələcək üçün hansı yol, hansı proqram və hansı baxış daha uyğun görünür. Amma seçkilərin nəticəsi həmişə belə olmur ki, bir partiya tək başına hakimiyyətə gəlsin.
Belə hallarda koalisiya və ya ittifaq anlayışı ortaya çıxır. Partiyalar fikir ayrılıqlarına baxmayaraq, milli maraqlar və siyasi blokajların qarşısını almaq üçün bir-biri ilə razılaşırlar. Tarixdə hətta ciddi mübahisələr yaşamış olsalar da, birgə işləmək üçün əl uzadır, hökumət qurur, kabinet təşkil edir və ölkəni idarə edirlər.
Bəluç nümayəndəsi Fəriba Bəluc çıxış edərək ana dili və bərabərlik mövzusuna toxunub:
“Belə şəraitdə həqiqi bərabərlik o zaman həyata keçirilir ki, qərarvermə strukturları bütün qrupların öz səsini effektiv şəkildə ifadə edə bilsin və siyasi, mədəni, təhsil proseslərində real rol oynasın. Bu isə yerli və milli qurumlarda fəal iştirak, təhsil və inkişaf üçün bərabər imkanların yaradılması, dil, mədəniyyət və dini müxtəlifliyə hörmət göstərilməsi deməkdir.
Vətəndaşlar öz kimliklərinin tanındığını və talelərinin müəyyən edilməsində iştirak etdiklərini hiss etdikdə, cəmiyyətlə hakimiyyət arasında etimad artır və sosial həmrəylik güclənir. Belə bir mühitdə ana dilində təhsil təhlükə deyil; əksinə, daha çox iştirak, uşaqların inkişafı və mədəni müxtəlifliyin qorunması üçün körpü rolunu oynayır.
Həqiqi bərabərlik yalnız hamıya eyni münasibət göstərmək deyil, həm də hər bir fərdin və hər bir cəmiyyətin öz şəraiti və keçmişi nəzərə alınaraq inkişaf üçün bərabər imkanlara sahib olmasını təmin etməkdir. Belə yanaşma daha ədalətli, davamlı və inklüziv bir cəmiyyətin formalaşmasına zəmin yaradır; belə bir cəmiyyətdə heç kim dilinə, mədəniyyətinə və kimliyinə görə özünü kənarda qalmış hiss etmir və hamı ortaq gələcəyin qurulmasında iştirak edir".
Konfrans müzakirələr ilə başa çatıb.
Qeyd edək ki, konqres, İran tarixində kritik bir dövrdə ciddi, məsuliyyətli və gələcəyə yönəlmiş dialoqu asanlaşdırmaq üçün strukturlaşdırılmış platforma kimi təşkil olunub.
Xalidə Gəray,
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ