İnsanlara hürriyət, millətlərə istiqlal!

Forbes-dən Azərbaycanla bağlı diqqətçəkən proqnoz – Cənubi Qafqazın səmasında yeni güc doğulur

Azərbaycan hərbi hava qüvvələri və hava hücumundan müdafiə imkanlarını sürətlə gücləndirir.

Musavat.com xəbər verir ki, Forbes nəşri Azərbaycanın 4,2 milyard dollarlıq müqavilə çərçivəsində 40 müasir JF-17C Block III qırıcısı almasına diqqət çəkib.

Nəşr yazır ki, 4,5-ci nəsil JF-17C Block III qırıcılarının Azərbaycanın köhnəlməkdə olan MiQ-29 təyyarələrini əvəz etməsi Bakını həm keyfiyyət, həm də say baxımından Cənubi Qafqazın ən güclü Hərbi Hava Qüvvələrinin sahibinə çevirə bilər.

Azərbaycan, həmçinin Çindən alınmış yeni HQ-9BE strateji zenit-raket komplekslərini nümayiş etdirib. Bu sistemlər ölkənin arsenalında olan Rusiyanın S-300 və İsrail istehsalı Barak sistemlərini tamamlayır.

Forbes diqqət çəkir ki, milyardlarla dollarlıq hərbi investisiyalar martın 5-də Naxçıvana dron hücumundan sonra həyata keçirilib. İranın iştirak etdiyi müharibə başlayandan sonra isə Azərbaycan ərazisinin yeni hücumlara məruz qalmadığı bildirilir.

İyulun ortalarında Azərbaycan Hərbi Hava Qüvvələrinin yeni JF-17C qırıcıları müxtəlif yüksəkliklərdə döyüş manevrləri keçirib. Təlimlərdə JF-17C-lərlə yanaşı, Su-25ML hücum təyyarələri və Çexiya istehsalı L-39 Albatros təlim-döyüş təyyarələri də iştirak edib.

Bakı ilk JF-17 qırıcısını 2024-cü ilin sentyabrında əldə edib. 2025-ci ilin may ayının sonuna qədər sifariş 16 təyyarədən 40-a çatdırılıb, müqavilənin ümumi dəyəri isə 1,6 milyard dollardan 4,2 milyard dollara yüksəlib. Bu, həmin dövrdə Pakistanın tarixində ən böyük ixrac müdafiə müqaviləsi olub. JF-17 Pakistan və Çinin birgə istehsalıdır.

Forbes-in qiymətləndirməsinə görə, bu, Azərbaycanın köhnəlməkdə olan MiQ-29 parkı ilə müqayisədə əhəmiyyətli yenilənmədir və Azərbaycanı həm keyfiyyət, həm də say baxımından Cənubi Qafqazın ən güclü Hərbi Hava Qüvvələrinə sahib ölkəsinə çevirə bilər.

JF-17-lərin alınmasının təsdiqlənməsi Çindən əldə edilmiş HQ-9BE strateji hava hücumundan müdafiə komplekslərinin ilk dəfə ictimaiyyətə nümayiş etdirilməsindən qısa müddət sonraya təsadüf edib. Bu sistemlər 2025-ci ilin noyabrında ictimaiyyətə təqdim olunub.

Nəşr hesab edir ki, JF-17C və HQ-9BE sistemlərinin alınması Azərbaycanın Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə sistemində son onilliklərin ən böyük modernləşdirməsidir.

Forbes xatırladır ki, Azərbaycan MiQ-29 qırıcılarını SSRİ-dən miras almayıb. Bakı bu təyyarələri 2000-ci illərdə Ukraynadan ikinci əl olaraq alıb və onlar tədarükdən əvvəl modernləşdirilib. SIPRI-nin məlumatına görə, Azərbaycan bir neçə ikiyerlik MiQ-29UB təlim-döyüş təyyarəsi də daxil olmaqla ümumilikdə 16 MiQ-29 əldə edib. Tədarük 2011-ci ildə başa çatıb. Ukrayna Azərbaycana ən azı 43 ədəd R-73R/T “hava-hava” raketi də verib.

Nəşr onu da xatırladır ki, 2021-ci ildə İranla münasibətlərdə gərginliyin artdığı dövrdə Azərbaycan İsraildən atmosferdən kənarda ballistik raketləri vurmaq üçün nəzərdə tutulmuş müasir Arrow 3 raketdən müdafiə sistemlərinin alınması imkanını da nəzərdən keçirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR