İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın dəmir yolu strategiyası: Rusiya faktoru yenidən gündəmdə

Ermənistanda dəmir yolu idarəçiliyi məsələsi tədricən iqtisadi müzakirədən çıxaraq geosiyasi müstəviyə keçir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun eksperti Vahe Davtyan Ermənistanın dəmir yolu sistemində Rusiyanın rolunun mümkün yenidən baxılmasının Moskvanın narazılığına səbəb ola biləcəyini və bu istiqamətdə İrəvana siyasi siqnallar göndərilə biləcəyini vurğulayıb.

Məqalədə xatırladılır ki, Ermənistan dəmir yollarının idarəçiliyi 2008-ci ildən etibarən 30 illik konsessiya müqaviləsi əsasında “Rusiya Dəmir Yolları” şirkəti tərəfindən həyata keçirilir. İnfrastrukturun mülkiyyəti isə Ermənistan dövlətinə məxsus olaraq qalır.

Müəllif qeyd edir ki, baş nazir Nikol Paşinyanın ictimai müzakirəyə çıxardığı – dəmir yolunun idarəetmə hüququnun üçüncü tərəfə verilməsi ehtimalı – artıq sırf əməliyyat effektivliyi məsələsi kimi qiymətləndirilmir. Məqalədə iddia ki, Ermənistan dəmir yollarında Rusiya kapitalının mövcudluğu ilk növbədə Türkiyə və Azərbaycan üçün həssas mövzudur və bu ölkələr Moskvanın regiondakı təsirini məhdudlaşdırmağa çalışırlar.

Digər tərəfdən, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinin, eləcə də Gürcüstan və İranın Rusiya ilə nəqliyyat sahəsində əməkdaşlıq etdikləri və oxşar etirazlar irəli sürmədikləri bildirilir.

Davtyanın fikrincə, bu proses Ermənistanın nəqliyyat sistemində Rusiyanın mövqeyinə mümkün yenidən baxılması siqnalıdır. O, qeyd edir ki, regionda formalaşan nəqliyyat dəhlizləri şəraitində dəmir yolu təkcə logistika vasitəsi deyil, həm də geo-iqtisadi alət kimi çıxış edir və idarəetmə modelində dəyişiklik qüvvələr balansına təsir göstərə bilər.

Məqalədə diqqət çəkən məqamlardan biri də ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvana səfəri zamanı dəmir yolunun gələcək idarəçiliyi məsələsinin əsas mövzulardan biri olması ilə bağlı iddiadır. Müəllif yazır ki, ABŞ tərəfindən təşviq olunan yeni regional marşrut konfiqurasiyası Rusiyanın Ermənistan dəmir yollarındakı iştirakını artıq zəruri etməyə bilər.

Eyni zamanda qeyd olunur ki, konsessiya müqaviləsinin hüquqi mexanizmi kifayət qədər sərtdir və birtərəfli qaydada dəyişiklik imkanları məhduddur. Müqaviləyə xitam verilməsi üçün ciddi və sübuta yetirilmiş öhdəlik pozuntuları tələb olunur. Siyasi məqsədəuyğunluq isə hüquqi əsas hesab edilmir. Müqavilənin əsassız ləğvi beynəlxalq arbitraj mübahisəsinə səbəb ola bilər və bu proses Ermənistan yurisdiksiyasından kənarda aparıla bilər.

Maliyyə aspektinə də toxunan müəllif iddia edir ki, mümkün kompensasiya riskləri təxminən 273 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Bu məbləğə hərəkət tərkibinin geri alınması ilə bağlı öhdəliklər daxil deyil.

Məqalənin sonunda vurğulanır ki, məsələ təkcə bir müqavilə ilə bağlı deyil, Ermənistanın strateji infrastrukturunda Rusiyanın uzunmüddətli iştirakının arxitekturası ilə əlaqədardır. Siyasi ritorika ilə müqavilə reallığı arasında yaranacaq hər hansı uyğunsuzluq isə dəmir yolu sektorundan kənara çıxan nəticələr doğura bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR