İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanı fəth edən şuşalı skripkaçı: "Xaricilər musiqimizə heyran qalırlar" - MÜSAHİBƏ

Avropada Azərbaycan musiqisinin və mədəniyyətinin tanıdılmasına töhfə verən gənc istedadlarımız arasında skripkaçı Canel Nəcəflinin adı xüsusi çəkilir.

Əslən Şuşadan olan və hazırda Çexiyada yaşayan gənc musiqiçi son illərdə beynəlxalq müsabiqələrdə qazandığı uğurlar, nüfuzlu səhnələrdəki çıxışları və Azərbaycan bəstəkarlarının əsərlərini dünya auditoriyasına təqdim etməsi ilə diqqət çəkir.

Ötən gün Çexiyanın Plzen Dövlət Konservatoriyasının skripka ifaçılığı fakültəsini uğurla başa vuran Canel Nəcəfli artıq Avropanın müxtəlif ölkələrində keçirilən müsabiqə və festivallarda Azərbaycanı layiqincə təmsil edən gənc sənətçilərdən biri kimi tanınır. O, İtaliyada keçirilən XVI "Concorso Musicale Città di Filadelfia" müsabiqəsində ikinci yerə layiq görülüb, İspaniyanın Barselona şəhərində təşkil olunan "Victoria Music Competition for Violin" müsabiqəsində fəxri diplom qazanıb. Həmçinin "Florida Keys" beynəlxalq müsabiqəsində əldə etdiyi uğur ona Nyu-Yorkun dünyaca məşhur "Weill" konsert salonunda Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Məhəbbət rəqsi" əsərini ifa etmək imkanı yaradıb.

Canel Nəcəfli həmçinin Azərbaycan musiqisinin Çexiyada və Avropada təbliği, iki ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətindəki xidmətlərinə görə Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən təbriknamə ilə təltif olunub. Gənc musiqiçi həmçinin Çexiyada incəsənət sahəsində fərqlənən tələbələrə təqdim olunan nüfuzlu "Orfeus" mükafatına layiq görülüb, Azərbaycanda isə əldə etdiyi nailiyyətlərə görə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" mükafatı ilə təltif edilib.

WhatsApp Image 2026-06-07 at 15.49.24.jpeg (57 KB)

Musavat.com-un əməkdaşı olaraq gənc skripkaçı ilə sənət yolu, beynəlxalq uğurları, Avropada Azərbaycan musiqisinin təbliği və gələcək planları barədə söhbətləşdik:

- Əslən Şuşadan olmağınız bu günə qədər qazandığınız uğurlarda müəyyən rol oynayıbmı?

- Ana tərəfdən əslən şuşalıyam və düşünürəm ki, musiqiyə olan sevgimdə bunun xüsusi rolu var. Babam Tofiq Abdullayev peşəkar qarmon ifaçısı olub, uzun illər tanınmış musiqi kollektivlərində fəaliyyət göstərib və cəbhə bölgələrində konsert proqramları ilə çıxış edib. Ümumiyyətlə, ailəmizdə musiqiyə böyük maraq və sevgi həmişə olub. Musiqi yolumun başlanğıcında isə rəhmətlik nənəm Solmaz xanımın xüsusi əməyi var. Mən iki yaş yarımı tamamlayanda o, məni bəstəkar Oqtay Zülfüqarovun yaratdığı "Aysel" teatrına yazdırıb və daha sonra musiqi təhsili almağım üçün hər zaman mənə dəstək olub.

Uşaqlıqdan klassik və milli musiqi nümunələri ilə böyümüşəm, bu da musiqi zövqümün formalaşmasında mühüm rol oynayıb. Maraqlıdır ki, hələ çox kiçik yaşlarımda skripka istəyirdim və illər sonra məhz bu aləti seçdim. Bu gün də skripka mənim həyatımın ayrılmaz hissəsidir və qazandığım uğurların təməlində ailəmin, xüsusilə də Solmaz nənəmin mənə aşıladığı musiqi sevgisi dayanır.

- Çexiyada tələbə olmağın üstünlükləri və çətinlikləri nədən ibarətdir?Ümumiyyətlə, bir azərbaycanlı gənc Avropada təhsil alarkən və ya fəaliyyət göstərərkən hansı çətinliklərlə üzləşir, hansı imkanlardan yararlanır?

- Çexiyada təhsil almağın əsas üstünlüklərindən biri yüksək səviyyəli təhsil sistemi və zəngin musiqi mühitidir. Konservatoriyada müxtəlif dillər öyrənir, filarmoniyalarda, teatrlarda və konsert salonlarında çıxış etmək imkanı qazanırıq. Müəllimlərimin dəstəyini hiss etmək mənim üçün xüsusi motivasiyadır. Ən böyük çətinlik isə ilk illərdə dil və adaptasiya prosesi oldu. Üstəlik, təhsilimin başlanğıcı pandemiya dövrünə təsadüf etdiyindən ünsiyyət imkanları məhdud idi. Lakin zamanla çex dilini sərbəst mənimsədim və bu gün özümü burada rahat hiss edirəm.

Ümumilikdə hesab edirəm ki, Avropada təhsil alan azərbaycanlı gənclər həm peşəkar inkişaf, həm də beynəlxalq təcrübə baxımından geniş imkanlar əldə edirlər. Eyni zamanda öz ölkələrini və mədəniyyətlərini layiqincə təmsil etmək kimi mühüm missiya da daşıyırlar.

WhatsApp Image 2026-06-07 at 15.49.25.jpeg (87 KB)

- Avropanın müxtəlif ölkələrində və fərqli auditoriyalar qarşısında mütəmadi çıxışlar edirsiniz. Xarici dinləyicilər Azərbaycan musiqisini necə qarşılayırlar? Onların reaksiyaları sizdə hansı təəssüratları yaradır?

- Müxtəlif ölkələrdə konsertlərdə, festivallarda və müsabiqələrdə çıxış etmək imkanım olub. Xarici dinləyicilər Azərbaycan musiqisini böyük maraqla qarşılayırlar. Xüsusilə milli musiqimizin zənginliyi və emosional dərinliyi onlarda xoş təəssürat yaradır. İmkan olduqca konsert proqramlarıma Azərbaycan bəstəkarlarının əsərlərini daxil edir və musiqimiz haqqında məlumat verirəm. Bir neçə gün əvvəl Praqada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsertdə iştirak etdim və dəvət etdiyim xarici qonaqlar musiqimizin gözəlliyindən heyran qaldıqlarını bildirdilər. Bu cür reaksiyalar məni həm qürurlandırır, həm də Azərbaycan musiqisini daha geniş auditoriyalara tanıtmaq üçün əlavə stimul verir.

- Sizcə, bu gün Azərbaycan klassik musiqisini, milli musiqi irsimizi və bəstəkarlarımızın yaradıcılığını Avropada kifayət qədər tanıda bilirikmi? Bu istiqamətdə hansı addımların atılmasına ehtiyac var?

- Düşünürəm ki, Azərbaycan musiqisinin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm işlər görülür, lakin bu potensial daha geniş şəkildə istifadə oluna bilər. Xaricdə təhsil alan və fəaliyyət göstərən gənclər bu sahədə xüsusi rol oynayırlar. Mən də çalışıram ki, çıxışlarım zamanı Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirim, onların yaradıcılığı və musiqi tariximiz haqqında məlumat verim. İnanıram ki, musiqi xalqları birləşdirən ən güclü vasitələrdən biridir. Gələcəkdə Azərbaycan bəstəkarlarının əsərlərinin daha çox xarici tədris proqramlarına daxil edilməsini, beynəlxalq festivallarda və konsert layihələrində daha geniş təmsil olunmasını arzulayıram. Bu istiqamətdə üzərimə düşən töhfəni verməyə hər zaman hazıram.

WhatsApp Image 2026-06-07 at 15.49.25 (1).jpeg (86 KB)

- Bu günə qədər çıxış etdiyiniz çoxsaylı səhnələr və iştirak etdiyiniz beynəlxalq müsabiqələr olub. Bütün bu təcrübələr içərisində sizin üçün ən yaddaqalan səhnə və ya konsert hansıdır? Həmin çıxışı sizin üçün xüsusi edən nə olub?

- İştirak etdiyim müsabiqə və konsertlərin hər biri mənim üçün xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq müsabiqələrdə dəfələrlə I yer və Qran-pri mükafatlarına layiq görülmüşəm. Yaddaqalan uğurlarımdan biri ABŞ-də keçirilən Florida Keys müsabiqəsinin qalibi kimi Nyu-Yorkun məşhur "Carnegie Hall" səhnəsində çıxış etməyim olub. Həmin konsertdə Fikrət Əmirovun əsərini ifa etməyim və bunun yüksək qiymətləndirilməsi mənim üçün böyük qürur mənbəyidir.

Mənim üçün ən dəyərli nailiyyətlərdən biri isə Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş II Respublika müsabiqəsində I yerə layiq görülməyimdir. Bu müsabiqə həm nüfuzu, həm də mənəvi əhəmiyyəti baxımından mənim üçün xüsusi yer tutur.

Konsert fəaliyyətimdə də unudulmaz məqamlar çox olub. Onlardan biri 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin birinci ildönümünə həsr olunmuş, Praqanın nüfuzlu konsert zallarından birində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilən və təxminən bir saat davam edən solo proqramım olub. Həmin konsert diplomatik korpusun nümayəndələri və çoxsaylı qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdı. Bununla yanaşı, Azərbaycanın Çexiyadakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan müxtəlif mədəni tədbirlərdə, dövlət bayramları və əlamətdar günlərə həsr edilmiş konsertlərdə mütəmadi çıxış edirəm. Bu tədbirlərdə ölkəmi musiqi vasitəsilə təmsil etmək mənim üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyidir.

WhatsApp Image 2026-06-07 at 15.49.25 (2).jpeg (76 KB)

- Gələcək yaradıcılıq planlarınız nələrdir? Azərbaycanda da geniş konsert proqramları ilə çıxış etməyi düşünürsünüzmü?

- Hazırda həm musiqi, həm də mədəni layihələrin idarə olunması sahəsində biliklərimi inkişaf etdirməyə çalışıram. Ötən il Çexiyada Diplomatiya Akademiyasının proqramını uğurla başa vurmuşam, bu il isə Praqanın nüfuzlu universitetlərindən biri olan VŞE-nin "Art Management" ixtisası üzrə magistratura pilləsinə qəbul olunmuşam. Gələcəkdə musiqi fəaliyyətimlə yanaşı, beynəlxalq mədəni layihələrin təşkili və idarə olunması istiqamətində də çalışmaq istəyirəm. Musiqi sahəsində əsas hədəflərim tanınmış skripkaçıların ustad dərslərində iştirak etmək, peşəkar inkişafımı davam etdirmək və Azərbaycan musiqisini dünyanın nüfuzlu səhnələrində daha geniş auditoriyalara təqdim etməkdir. Arzularımdan biri də gələcəkdə məşhur konsert salonlarında çıxış etmək, tanınmış orkestr və dirijorlarla əməkdaşlıq etməkdir.

Azərbaycanda çıxış etmək isə hər zaman planlarımın əsas hissəsidir. Xüsusilə böyük simfonik orkestrin müşayiəti ilə Çaykovskinin skripka konsertini ifa etmək ən yaxın arzularımdan biridir. İnanıram ki, gələcəkdə həm ölkəmdə, həm də xaricdə maraqlı layihələr və konsert proqramları ilə çıxış edərək Azərbaycan musiqisinin təbliğinə öz töhfəmi verəcəyəm. Harada fəaliyyət göstərməyimdən asılı olmayaraq, əsas məqsədim ölkəmi layiqincə təmsil etmək, qazandığım bilik və təcrübəni Azərbaycan mədəniyyətinin inkişafına yönəltməkdir.

WhatsApp Image 2026-06-07 at 15.49.25 (3).jpeg (85 KB)

- Fəaliyyətinizi Avropada davam etdirməyi planlaşdırırsınız, yoxsa bir gün Azərbaycana qayıtmaq niyyətindəsiniz?

- Mənim üçün musiqi beynəlxalq bir dildir və fəaliyyət göstərdiyim məkanlardan asılı olmayaraq, əsas məqsədim Azərbaycanı layiqincə təmsil etməkdir. Hazırda təhsil və yaradıcılıq fəaliyyətimi Avropada davam etdirsəm də, Azərbaycanla bağlarım hər zaman çox güclüdür. İkili təhsil almağımın (eyni vaxtda qiyabi olaraq Bakı Musiqi Akademiyası, əyani olaraq Plzen Konservatoriyasında təhsil almışam) səbəblərindən biri də bu əlaqəni qorumaq istəyi olub. Gələcəkdə harada fəaliyyət göstərməyimdən asılı olmayaraq, qazandığım bilik və təcrübəni Azərbaycan musiqisinin inkişafına yönəltmək, ölkəmdə konsert proqramları ilə çıxış etmək və mədəniyyətimizin təbliğinə töhfə vermək niyyətindəyəm.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR