Onlayn ictimai-siyasi qəzet
Sentyabr ayının ilk həftəsini yaşayırıq. Yayın son günləri geridə qalır, payız artıq özünü hiss etdirməyə başlayır. Bu dövr eyni zamanda bazarlarda yerli meyvə-tərəvəzin bol olduğu mövsüm kimi xarakterizə olunur. Ancaq məhsul bolluğu müşahidə edilsə də, qiymətlərdə gözlənilən ucuzlaşma baş verməyib, əksinə, bəzi məhsullarda bahalaşma qeydə alınır.
Məsələni yaxından araşdırmaq üçün “8-ci kilometr” bazarında olduq. Bakının ən münasib qiymətli bazarlarından biri kimi tanınan bu məkanda kifayət qədər məhsul çeşidi olsa da, xüsusilə mövsümi meyvələrdə qiymətlərin heç də ucuz olmadığı diqqət çəkir.
Bazarda şaftalının qiyməti 2-2,50 manatdan başlayır. Üzüm 2,50 manata, qarpız 60-70 qəpiyə, yemiş 1,20 manata satılır. Təmizlənmiş təzə fındığın kiloqramı 6 manat, qoz isə 8-10 manatdır. Təzə alma və armudun qiyməti isə 1,50 manatdan başlayır.
Çiyələk meyvəsinin də qiymətində bahalaşma var. Ötən ay 1,50 manatdan başlayan qiymətə satılan çiyələk indi 2,50 manata və daha baha qiymətə satılır.
Tərəvəzlərin qiymətində də alıcını sevindirəcək ciddi ucuzlaşma müşahidə olunmur. Pomidorun kiloqramı 1 manatdan başlayır, daha keyfiyyətli pomidor isə 2 manatdan baha satılır. Xiyarın qiyməti 80 qəpik-1 manat arasında dəyişir.
Təzə lobyanın qiymətində də artım var. Bir müddət əvvəl 2,20 manata satılan lobyanın kiloqramı hazırda 2,50 manata təklif olunur. Badımcanın qiyməti isə 1 manatdır.
Bahalaşma xüsusilə kartof və soğanın qiymətində daha qabarıq hiss olunur. Əvvəllər 80 qəpiyə satılan kartof hazırda 90 qəpik-1 manat arasında dəyişir. Ötən ay 50-60 qəpiyə almaq mümkün olan soğanın kiloqramı isə bu gün 1 manatdan başlayan qiymətlərlə satılır.
Bazarda satıcılarla da söhbətləşdik. Onların sözlərinə görə, bəzi məhsulların mövsümü tədricən başa çatdıqca bazara daxil olan məhsulun miqdarı azalır və bu da qiymətlərə təsir göstərir.
Satıcılardan biri bildirdi ki, ötən il eyni dövrdə qiymətlər indiki ilə müqayisədə daha münasib olub:
“Ötən il qiymətlər bu ilə nisbətən yaxşı idi. Amma indi məhsulu yerində baha aldığımız üçün biz də baha satmalı oluruq. Alıcılıq qabiliyyəti də azalıb. Alıcıları da başa düşürük, qiymətlər bazarda bahadır”.
Alıcılar da bazardakı qiymətlərdən narazıdırlar. Xüsusilə mövsümi meyvələrin bol olduğu bir vaxtda onların daha münasib qiymətə satılacağını gözləyən vətəndaşlar hazırkı qiymətləri yüksək hesab edirlər.
Bəs qarşıdakı həftələrdə bazarda vəziyyət necə dəyişəcək?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, meyvə-tərəvəzin qiymətlərinin bu il yüksək olmasının bir neçə səbəbi var:
"Səbəblərdən biri kənd təsərrüfatı məhsullarının ixracının artmasıdır. İxrac statistikasına baxanda da bunu görürük. Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracı artıb. Bizdə yerli istehsal hələ o qədər yüksək səviyyədə deyil ki, həm daxili bazarı tam təmin edək, həm də ixracı artıraq.
Nəticədə ixracın artması daxili bazarda məhsulun azalmasına, bu isə avtomatik olaraq qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Bu, əsas səbəblərdən biridir".
İqtisadçının fikrincə, ikinci səbəb ümumi ərzaq inflyasiyasının yüksək olmasıdır:
"Fermerlər, meyvə-tərəvəz istehsalı ilə məşğul olan şəxslər də öz məhsullarının qiymətini artırmağa çalışırlar. Əslində, müəyyən mənada buna məcburdurlar. Çünki fermer məhsulunu satdıqdan sonra həmin pulla ət, yağ, düyü və digər ərzaq məhsulları alır. Əgər onların qiyməti artırsa, fermer də öz məhsulunun qiymətini yüksəltməyə məcbur olur.
Üçüncü və çox vacib məsələ isə tarladan süfrəyə qədər olan zənciri hələ də düzgün qura bilməməyimizdir. Hazırda elə bir sistem formalaşıb ki, fermer daha az qazanır, məhsulun tarladan istehlakçıya çatdırılması prosesində iştirak edən aradakı şirkətlər və ya şəxslər isə daha çox gəlir əldə edirlər. Məncə, bu, düzgün yanaşma deyil.
İstərdim ki, məhsulun satışından əldə olunan gəlirin daha böyük hissəsi fermerin özündə qalsın. Belə olarsa, fermer daha çox məhsul istehsal etməkdə maraqlı olacaq, onun istehsala stimulu artacaq".
Natiq Cəfərli vurğulayıb ki, qeyd olunan problemlər aradan qaldırılmayınca, nəticə dəyişməyəcək:
"Üstəlik, ənənəvi olaraq Azərbaycanda noyabr ayından başlayaraq bir çox sahələrdə qiymət artımı müşahidə olunur. Yeni il bayramları ilə əlaqədar tələbat artır. Qış mövsümü də ümumilikdə meyvə-tərəvəzin qiymətlərinin yüksəldiyi dövrdür.
Bu səbəbdən hansısa məhsul növündə ciddi ucuzlaşma gözləmək, məncə, əbəsdir. Təəssüf ki, qiymət artımının əsasən qış aylarına doğru yüksələn xətt üzrə davam edəcəyini düşünürəm".
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ