Onlayn ictimai-siyasi qəzet
Böyük turizm imkanlarına malik olan Vətənimizin hər bir guşəsində istirahət üçün geniş imkanlar mövcuddur.
Musavat.com izləyicilərinə bu dəfə Qax rayonunun Ləkit kəndi ərazisində yerləşən Mamırlı şəlalədən bəhs edəcəyik.
Ləkit kəndi Qax rayonunun şimal-qərbində, Qax şəhərindən 16 kilometr aralıda, dağətəyi ərazidə yerləşir. Bu kəndin ərazisində çoxlu sayda istirahət guşələri olsa da, Mamırlı şəlalə xüsusilə seçilir. Yaşıllıqla içərisində qərar tutmuş Ləkit kəndindən şəlaləyə aparan yolla yalnız xüsusi avtomobillərlə getmək mümkündür, 2,5 km-lik yolun gediş-gəlişi 20 AZN-dir. Bizi aparan maşının sürücüsü ilə həmsöhbət olarkən məlum olur ki, kəndin bir çox sakinləri elə Mamırlı şəlalənin valığı hesabına dolanır. Xüsusilə də yay turizmi əlavə imkanlar yaradır. Qışda isə azsaylı turistlər bu ünvana gəlir. Kəndin yuxarı hissəsində avtopark mövcuddur, burada dağ yollarını “yarıb keçmək” imkanlarına malik müxtəlif rəngli avtomobillər göz oxşayır. Qoz, fındıq, şabalıd, zoğal ağaclarının kölgəsi ilə irəliləyib, gur sulu Ləkit çayını keçirik, piyada körpüsünün yanından...Bəzi yerlərdə paytaxtdakı kimi, tıxac da var. Nəhayət, avtomaşınların sonuncu məntəqəsinə çatırıq və buradakı insan seli, dağ çayının səsinə səs verən insanların izdihamı maraqlı atmosfer yaradır.
Yeri gəlmişkən, Azərbaycanın qədim yaşayış məskənlərindən olan Ləkit kəndinin yaxınlığında yerləşən Qafqaz Albaniyasının yadigarları olan V əsrə aid Dairəvi məbəd və VI-VII əsrlərə aid Yeddi kilsə monastr kompleksi də turistlərin üz tutduğu ünvanlardandır. Bu yerdə qeyd edək ki, tədqiqatçıların fikrincə, “Ləkit” coğrafi adı Qafqaz Albaniyasında yaşamış qədim lək tayfasının adından götürülüb.
Şəlaləyə doğru piyada irəlilədikcə sağ-solumuzda sac üstündə qutab, maxara bişirən qızlar, qadınlar, baldan tutmuş, mürəbbələrə, qarşıdalı bişmişinə, çeşidli müyvələrdən hazırlanmış sirkələrə qədər ən müxtəlif məhsullarını alıcılara təklif edən sakinlər, ətirli çiçəklərlə dəmlənmiş smovar çayını təklif edən mehriban insanlar və çeşidli mahnıları təqdim edən ansambl müşayiət edir... Əl işləri, tikmələr və toxumalar da ziyarətçilərə təqdim olunur. Kəsəsi, kimin “kisə”sində nə varsa, hansı istedad sahibidirsə, əlindən gələni edir və hünərini göstərir, kimsədən asılı qalmır, dolanır...
Burada köhnə tanışlardan biri ilə rastlaşırıq: Ləkit kənd sakini rəssam Rövşən Şirinov fırça ilə kətana köçürdüyü qiymətli əsərlərini elə bu, dağlar qoynunda turistlərə təqdim edir. Bir-birindən maraqlı və cazibədar əsərlərdir. Əsərləri müxtəlif qiymətədir. Ancaq satmadığı bir əsər də var: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın portreti. Bu əsəri sadəcə, turistlərə təqdim etməkdən ötrü gətirir bu ünvana. Şəhid generalımız Polad Həşimovun portreti qarşısında dayanıb, ruhuna təzim edirik, belə xoşbəxt günlərə görə bütün şəhidlərimizə minnətdarlıq hissi ilə…
Bu məkanda o qədər gözəl atmosfer var ki...Nəhayət, yaşıl mamır örtüyünə bürünmüş, salxım suları hörük kimi üzərindən aşıran qayalığa yetişirik. Qarşılaşdığımız məlumat lövhəsində Mamırlı şəlalənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli 5 avqust qərarı ilə Qax Təbiət Abidəsi kimi qeydiyyata alındığı və dövlət tərəfindən mühafizə olunduğu qeyd edilib. Şəlalənin eni 30, hündürlüyü isə 7-8 metrdir. Çoxsaylı turistlərlə əhatə olunan bu gözəlliyə baxmaqla doymaq olmur. Uşaqdanö-böyüyə hər kəs sehirli aləmə düşmüş kimidir. Mədəni xidmət də öz yerində. Gözəlliklərdən zövq ala-ala kəklikotulu çaydan dadmağın öz yeri var. Üstəlik, ballı maxara və sumaxlı qutab...Bəh-bəh, adam bu gözəllikləri qoyub, niyə böyük xərclər hesabına dünyanın o başına getsin ki?..
Maraq götürür və cığırlarla şəlalənin başına qalxırıq. Burada hovuz da tikilib, göz yaşı kimi su ürəyimizə sərinlik gətirir. Təhlükəli olsa da, ehtiyatlı davranırıq. Ək halda sürüşkən daşların üstü ilə aşağı yuvarlanmaq riski var, ona görə də hər kəs ehtiyatlı olmalıdır...Oksigen bolluğundan ciyərlər rahat nəfəs alır, ətraf dağlar meşələrlə örtülüb, aşağıda coşqulu Ləkit çayı, füzunkar mənzərə...Gəlin, gəzin, zövq alın...
Videomüşahidə və videomüsahibələri Musavat.com-un dəyərli izləyicilərinə təqdim edirik:
Elşad Paşasoy,
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ