İnsanlara hürriyət, millətlərə istiqlal!

Marçıltılı situasiya

2026-cı il futbol üzrə dünya çempionatı, xüsusilə onun yarıfinal oyunlarından İngiltərə-Argentina qarşılaşması bəzi azarkeşlərimizin yaddaşına aparıcının ağzını marçıldatması ilə həkk olunacaqdır. Messi və Keyndən çox biz həmin marçıltıya diqqət kəsilmişdik.

Əslində, bu yoldaş kimdirsə əvvəllər də, Çempionlar Liqası oyunlarında da marçıltıyla şərh edirdi. Televiziya məkanımızda ağzını marçıldatmayan şərhçi tapılmırmı? Əlbəttə, tapılır. Bəs niyə belə edirlər? Səbəb sadədir: tamaşaçıların əsəblərini möhkəmləndirirlər. Buna görə bütün Abşeron sakinləri adından dərin minnətdarlığımızı bildiririk.

Həmçinin, ölkəmizdə iqtisadi şərait o qədər gözəlləşib, aparıcılar bəlkə yemək-içməklə şərh edirlər, marçıltı ordan yaranır.


Sözgəlişi, Anton Pavloviç Çexovun bu temada bir maraqlı fikri var, deyir, mədəni insan sousu masaya dağıtmayan insan deyil, mədəni insan – sousu masaya dağıdan insanın hərəkətini görməzlikdən gələn insandır. Yəni, ağzını marçıldadan aparıcıya irad tutmaqla mən mədəniyyətsizlik etmiş oldum. Boynuma alıram. Hələlik buna 15 sutka düşmür.

Qayıdaq mövzuya. Mövzu isə budur ki, ingilislər fubtolu kəşf ediblər, ancaq cəmi 1 dəfə, o da it zülmü və Tofiq müəllimin bayrağı hesabına dünya çempionu ola bilmişlər. Məncə, burda mason sui-qəsdi vardır, onlar özləri çempionluq marağında deyil. Bir top qayırıb atıblar ortalığa, bütün millətlərin başı qarışıb, ingilislər isə dünyanı idarə edirlər. Çağdaş futbol qədim Romanın qladiator döyüşlərinin bir az sivil formasıdır, məzmun eynidir. Biz bunu çoxdan başa düşmüşük, ona görə oynamırıq.

Belə hadisələrə, işarətlərə, simvollara həyatda çox rast gəlinir, bəzən mənim kimi müdrik adamlar lazımdır camaatı başa salsın, vəziyyəti izah eləsin. Yoxsa çətin olar. Bütün fəaliyyətimiz xalq üçündür. İndi bir faktı sayın oxucuların diqqətinə çatdırmaq istəyirəm.

Bakıda bir qadın dondurma reklamından üşüdüyünü... zarafat edirəm, mövzumuz bu dəfə başqadır, qadının şikayəti mənzillə bağlı idi. Deyir, mənə 11-ci mərtəbədən mənzil satıblar, lakin indi bina tikilib qurtaranda gördük, cəmi 10 mərtəbə vardır. Dələduzlar onun 80 min manatını mənimsəmişdir. Deyir, belə şey olarmı, orqanlar hara baxır və sairə.

Əlbəttə, olar. Niyə olmasın? Anar müəllimin “Beşmərtəbəli evin altıncı mərtəbəsi” adlı əsəri vardır. Heç bundan şikayət edən, məhkəməyə verən olubmu? Olmayıb. Əgər beşmərtəbənin altıncı mərtəbəsi varsa, tikinti dələduzları onmərtəbənin onbirinci mərtəbəsindən mənzil satmaqda haqlıdır. İnanmırsa, qadın Konstitusiya Məhkəməsinə müraciət eləsin. Ya da Ali Məhkəməyə - dəqiq bilmirəm, vəkil tutmaq lazımdır. Məhkəmə məhz Anar müəllimin əsərini presedent hüququ kimi təsbit edəcəkdir, qadına 11-ci qatda mənzil veriləcəkdir.

Əgər məhkəmə ədalətli qərar çıxarmasa, yaxşı olar, qadın gedib AYB-nin ofisində otaqlardan birini, məsələn, Anar müəllimin kabinetini zəbt eləsin. Əlbəttə, hər ehtimala qarşı içəridə Spartak adlı yazıçı-filan olmadığına baxmaq məsləhətdir, sonra adı pis çıxar.

Bayaq “vəkil tutmaq” yazanda ağlıma gəldi, siz buna diqqət eləmisinizmi, bizdə vəkillik sanki yaradılışdan, ideya və söz şəklində də tutulmağa və həbsə məhkum peşədir. Yoxsa niyə başqa peşələri də “tutmurlar”? Həkimə “baxdırırıq”, müəllim “yanına gedirik”, ustaya “göstəririk”, yeganə ixtisas sahibi vəkildir ki, onu ancaq “tuturuq”. Müdriklər buna görə demişlər ki, danışın, sizi görək. Bizim vəziyyətimiz ana dilimizdədir.

Bunları yazandan sonra marçıltılı bir nöqtə qoyuram.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2026

16 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR