Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, İranla gərginlik azaldıqdan sonra neft qiymətləri düşəcək və 40 dollara qədər enə bilər. Bessent bildirib ki, İranla gərginliyin sona çatması faiz dərəcələrinin aşağı düşməsinə və ümumi inflyasiyanın azalmasına da səbəb olacaq: "İranla olan bu gərginliyi aradan qaldıracağıq və neft qiymətlərinin düşəcəyini gözləyirəm. Bu prosesdən sonra neft bazarında əhəmiyyətli bir profisit yaranacaq. Bazara daxil olan çoxlu sayda yeni təklif səbəbindən xam neftin qiymətlərinin 50 dollara, hətta bəlkə də 40 dollara düşəcəyini görə bilərik".

Xatırladaq ki, Azərbaycan büdcəsi neftin bir barelinin 65 dollardan götürülüb. Hazırda dünya bazarında neftin qiyməti 90-95, bəzən 100 dollar civarındadır. Neftin qiymətinin kəskin şəkildə ucuzlaşması və 40 dollara enməsi riski varmı? Amerikalı nazirə inansaq, Azərbaycan üçün hansı risklər mövcuddur?
İqtisadçı Vüsalə Əhmədova Musavat.com-a bildirib ki, neftin qiymətinin 40 dollara qədər düşməsi ehtimalı var, lakin nəzəri baxımdan bu, kəskin mənfi ssenari kimi qiymətləndirilməlidir: “Yəni bu, neftin qiymətinin sabah və ya yaxın həftələrdə 40 dollar olacağı anlamına gəlmir. İran münaqişəsi bitdikdən sonra bazara böyük həcmdə əlavə neft daxil olacağı halda, belə bir qiymət səviyyəsi düşünülə bilər. Maraqlı məqam odur ki, 40 dollar fiziki olaraq mümkündür, amma bunun üçün bir neçə hadisənin eyni vaxtda baş verməsi lazımdır”.

Onun fikrincə, öncə İranla münaqişə bitməlidir və bazarda olan böyük risk primi yox olmalıdır. “Həmçinin, Hörmüzdən neft tədarükü normallaşmalı və İranın ixracı bazara əhəmiyyətli həcmdə qayıtmalıdır. Eyni zamanda, digər istehsalçıların hasilatı yüksək qalmalı, OPEC+ qiyməti dəstəkləmək üçün hasilatı azaltmamalıdır. Yəni Skott Bessentin ssenarisini, "İran problemi həll oldu və neft avtomatik 40 dollar oldu" kimi anlamaq doğru olmaz”,- ekspert bildirib.
İqtisadçı qeyd edib ki, Azərbaycan üçün əsas təhlükə neftin uzun müddət 50-60 dollar intervalında qalmasıdır: “Çünki Azərbaycanın büdcəsi neft gəlirlərindən asılı vəziyyətdədir, dövlət maliyyəsinin arxasında çox mühüm "neft dayağı" dayanır. 2026-cı ilin büdcəsində neftin qiyməti 65 dollar/barel səviyyəsində götürülüb. 65 dollar büdcə qiymətidir, 40 dollar isə bundan 38,5% aşağıdır. Bu fərq kifayət qədər böyükdür. Ancaq neft 40 dollara düşsə də, Azərbaycanın ertəsi gün büdcə böhranına girəcəyini demək doğru olmaz. Çünki dövlətin bir neçə müdafiə mexanizmi var. Belə bir vəziyyətdə, Azərbaycanın ən böyük dayağı Neft Fondundakı ehtiyatlardır.

Lakin danılmaz faktdır ki, neftin qiymətinin uzun müddət 40 dollar qalması fiskal şok yaradacaq. Ən pis ssenari dediyim kimi, aşağı qiymətin uzun müddət davam etməsidir. Valyuta daxilolmaları azalsa, tədiyə balansı pisləşsə və qeyri-neft ixracı bunu kompensasiya etməzsə, manat üzərində təzyiq arta bilər”.
Nigar Həsənli
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ