Onlayn ictimai-siyasi qəzet

Ölkə başçısının Naxçıvana səfərini məhz bu günlərdə reallaşdırması da təsadüfi deyildi. Vaşinqton razılaşmasının birinci ildönümü ilə bağlı Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında baş tutmuş telefon zənglərində əsas müzakirə mövzularından biri məhz Zəngəzur dəhlizi – TRIPP marşrutu ilə bağlı razılaşmanın uğurla həyata keçirilməsi istiqamətində imzalanmış sənəd olub, necə ki, cənab Prezident Dövlət Televiziyasına müsahibəsində də bunu xüsusi vurğuladı. Eyni zamanda Vaşinqtonda, diplomatlar səviyyəsində növbəti üçtərəfli görüşün keçirilməsi 8 avqust razılaşmasına sadiqliyin növbəti dəfə təsdiqi idi. Başqa cür ola da bilməzdi, Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsindən düz 6 ay sonra, 10 may 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına səfər edərkən Zəngəzur dəhlizinin bu bölgədəki ilk ünvanına, Ordubad dəmir yolu stansiyasına da baş çəkmişdi və o zaman belə demişdi:
“Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.

Və...O hadisənin üzərindən 5 il 3 ay vaxt keçdikdən sonra – dövlətimizin başçısı 3 il öncə də Muxtar Respublikaya önəmli səfərlərindən birini etmişdi, Türkiyə prezidenti ilə çox mühüm əhəmiyyət kəsb edən sazişlərdən bir qismi də bu ünvanda imzalanmışdı – yenidən Naxçıvana səfər etdi. Azərbaycanın əsas hissəsində Zəngəzur dəhlizinin tikintisi yekunlaşmaq üzrədir, Horadiz – Ağbənd avtomobil yolu hazırdır, dövlətimizin başçısı bildirdi ki, dəmir yolunda işləri sürətləndirib, tezliklə başa çatdırmaq da olar, amma Ermənistanın görəcəyi işlər səbəbindən tələskənliyə ehtiyac duyulmur. Budur, artıq Naxçıvan Muxtar Respublikası - Ordubad istiqamətində də dəhlizin tikintisi uğurla davam etdirilir. Naxçıvanda dəmir yolu şəbəkəsinin yenidən qurulması üzrə hazırda Azərbaycan-Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır. Başqa cür də ola bilməzdi. Çünki Prezident hələ illər öncə bildirmişdi ki, “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”.
Biz də şübhə etmirdik və Zəfərimizin Memarına inanırdıq, güvənirdik. Düzdür, o zaman Rusiyanın iştirakı ilə üçtərəfli razılaşma imzalanmışdı, amma Kreml İrəvanı məhz Zəngəzur dəhlizi ilə bağlı olan 9-cu maddənin icrasına vadar etmək istəmədi, məsələyə biganə yanaşdı. Azərbaycan dövlətinin prinsipial mövqeyi ABŞ lideri Donald Trampı hərəkətə keçməyə vadar etdi və növbəti üçtərəfli razılaşmanın əsas xəttini məhz Zəngəzur dəhlizi – TRIPP marşrutu təşkil etdi. Artıq Ermənistan rəhbərliyi də etiraf edir ki, 8 avqust razılaşmasından sonra onun ölkəsi çıxılmaz vəziyyətdən xilas ola bilib, yəni Nikol Paşinyan da Zəngəzur dəhlizinə xilas marşrutu olaraq baxır. Beləliklə, İlham Əliyevin sülh şərtləri, yol xəritəsi qalib gəldi, qazanan isə bütün cənab Dövlət başçımızın dediyi kimi, HƏNDƏVƏRİMİZDƏ olan ölkələr, bütün region olacaq, hətta Avropa və Asiyaya qədər hər kəs bu layihədən pay götürəcək. Prezident İlham Əliyevin səfəri təkcə Naxçıvanın sosial-iqtisadi inkişafı baxımından deyil, bütövlükdə Azərbaycanın regional mövqeyi, Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşması və Şərqlə Qərb arasında əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu mənada heç şübhəsiz Prezidentin Naxçıvan səfərinə yalnız biz diqqət kəsilməmişdik. Ermənistan mediasının manşetlərinə nəzər salmaq kifayətdir.

Prezidentin 2014-cü ildən indiyədək Naxçıvana etdiyi sayca 17-ci (!) səfərində diqqətimi çəkən məqamlardan biri də dövlət başçımızın və birinci xanımın Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyalarında görülən işlərlə tanışlığı oldu. 25 MVt-lıq “Şəms 1” layihəsi müəyyən edilmiş bərpaolunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir. “CEİ Naxçıvan” MMC tərəfindən artıq 10 MVt gücündə Günəş panellərinin quraşdırılması başa çatdırılıb. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək.
Gücü 25 MVt olan “Qərbi Üfüq” Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq və bu, 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.
Prezident İlham Əliyev Naxçıvanda, Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib ki, Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Bir anlıq Naxçıvanın 90-cı illəri göz önünə gəlir: 1990-cı ilin iyulunda Naxçıvana gedən mərhum Prezident, Ümummilli Lider Heydər Əliyev Ermənistanın yaratdığı blokada nəticəsində enerji, qaz və nəqliyyat xətləri kəsilən Muxtar Respublika əhalisinin ümid çırağına çevrildi. Həmin dövrdə bölgəni yalnız məhdud gücdə işləyən Araz Su Elektrik Stansiyası qismən təmin edirdi, insanların sərt qışda donmaması üçün necə böyük fədakarlıqlar edildi. Məhz Heydər Əliyevin davamlı səyləri nəticəsində qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə danışıqlar aparıldı və 1992-ci ildə qardaş ölkənin köməkliyilə Naxçıvana qaz-turbin elektrik qurğuları gətirilərək quraşdırıldı. Eyni zamanda İran İslam Respublikası ilə enerji və yanacaq təchizatı istiqamətində mühüm razılıqlar əldə olundu ki, bu da Naxçıvanın blokada şəraitində yaşayan yüz minlərlə əhalisi üçün nicat yolu oldu.

Amma üstündən bir qərinədən artıq vaxt keçdikdən sonra Naxçıvan bölgəsi artıq blokadanın təsirlərini darmadağın etməkdədir, dövlətimizin uzaqgörən siyasəti nəticəsində. Artıq Muxtar Respublika elektrik enerjisi istehsal edən və hətta ixrac potensialına malik bölgə olaraq tanınacaq. Həmçinin Azərbaycanın əsas hissəsindən Zəngəzur dəhlizi ilə Naxçıvana elektrik xəttinin çəkilməsi də nəzərdə tutulur, Şərqi Zəngəzurda istehsal olunan elektrik enerjisindən Naxçıvan bölgəsinin sakinlərinə də pay düşəcək. Gələcəkcə TRIPP-in davamı olaraq intehsal kvasterlərinin yaradılması, yeni enerji xətlərinin - Mərkəzi Asiya və Azərbaycandan Türkiyəyə, oradan Avropaya - keçməsi transəhəmiyyətli enerji arteriyalarının da Naxçıvanı əhatə etməsi ilə reallaşacaq. Bir zaman qaranlıqda qalmış bölgəni böyük, işıqlı perspektivlər gözləyir: qaranlıqları yaran bölgə işıqsaçan, işıqsatan statusunda çıxış edəcək...

Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Naxçıvana diqqəti və qayğısı, son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur, sosial və iqtisadi layihələr ağır şərtlər altında, Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin on illər boyunca kəsilməsi şəraitində belə bölgənin ayaqda qalmasına gətirib çıxartdı. Uzun illər blokadada qalmış Naxçıvanın daim ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub, onun inkişafının təmin edilməsi üçün xüsusi proqramlar həyata keçirilib. Prezident İlham Əliyevin siyasəti nəticəsində blokadadan çıxmış Naxçıvan Cənubi Qafqazın ən mühüm geosiyasi məkanlarından və regionun yeni mühüm nəqliyyat və iqtisadi qovşaqlarından birinə çevriləcək.
Turan yolunun, Zəngəzur dəhlizinin, Türk dövlətlərinin bir çətir altında birləşdirilməsinin təməlinin qoyulduğu ünvandır Atabəylər dövlətinin paytaxtı, nəqşi-cahan Naxçıvan. Türk Dövlətləri Təşkilatının (TDT) əsası 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində imzalanmış Naxçıvan Sazişi (və ya Naxçıvan Müqaviləsi) ilə qoyulub. O zaman bu tarixi sənəd Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə liderləri tərəfindən imzalanıb. O zaman Türk Şurası adlanan təşkilat 2021-ci ildə keçirilən İstanbul Zirvəsində Türk Dövlətləri Təşkilatı adını alıb. Azərbaycanın nəqliyyat imkanlarının genişlənməsi, regionda kommunikasiyaların bərpası, Türkiyə və İranla əlaqələr, Ermənistanla sülh gündəliyinin inkişafı bölgə üçün əlavə imkanlar yaradır ki, burada Naxçıvan olduqca mühüm həlqədir. TRIPP marşrutu – Zəngəzur dəhlizi ilə bağlı razılaşma regionda nəqliyyat kommunikasiyalarının bərpası və yeni marşrutların yaradılması baxımından fövqəladə əhəmiyyətə malikdir. Azərbaycan uzun illər boyunca ya ikinci ölkələrin ərazisindən keçməklə, yaxud da hava rabitəsi ilə Naxçıvan bölgəsi ilə əlaqəni təmin edə bilib. Amma Zəngəzur dəhlizinin reallaşması ilə birbaşa quru əlaqə təmin olunacaq, özü də SƏRBƏST və MANEƏSİZ! Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat bağlantısının yaradılması həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə də əlavə töhfələr verəcək. Bu bağlantılar yalnız Cənubi Qafqazın iqtisadiyyatına deyil, ümumilikdə Avrasiya məkanında ticarət marşrutlarınun şaxələndirilməsi və rentabelliyi baxımından əlavə imkanlar yaradacaq. Təsadüfü deyil ki, getdikcə Orta Dəhlizin çox önəmli seqmentinə çevriləcək Zəngəzur dəhlizinə marağın qlobal səviyyədə artmasını müşahidə edirik. Beləliklə, Naxçıvanın həyatında yeni dirçəliş dövrü, yeni era başlayır. Əsas ticarət yolları, logistika xətləri məhz buradan keçəcək, tarixi İPƏK YOLU bərpa olunur. Bu vaxta qədər marşrut Gürcüstan üzərindən keçməklə davam edirdisə, Zəngəzur dəhlizinin reallaşması ilə iri həcmli yüklər Naxçıvandan İran, Türkiyə və Avropaya daşınacaq. Blokada qəfəsini yarmış Naxçıvanın 200 milyonluq bazara çıxışı təmin ediləcək, tarixən Yaxın Şərqə gedən yollar yenidən məhz Naxçıvandan keçəcək. Söhbət Mərkəzi Asiya ilə Avropanı birləşdirən, 15 milyon ton yükaşırma gücü malik olacaq Zəngəzur dəhlizinin yaradacağı nəhəng imkanlardan gedir. Zəngəzur dəhlizi Şərqi Zəngəzurdan Naxçıvanadək Azərbaycanın bütün bölgələrində daha böyük inkişafa təkan verəcək, dəhliz boyunca sənaye və sahibkarlığın, iqtidasi təkamülün şahidi olacağıq.

Prezident İlham Əliyev Qarabağın, Şərqi Zəngəzurun yenidən dirçəldilməsinə, tikilməsinə, sakinlərimizin öz evlərinə dönməsinə şəxsən nəzarət edir, vaxtaşırı azad olunmuş bölgələrə səfərlərində bu məsələyə nə qədər önəm verdiyini hər birimiz görürük. Amma Ana Vətəndən quru əlaqəsi kəsilmiş Naxçıvan bölgəsinə çoxsaylı səfərləri ilə bu bölgənin taleyinə, gələcəyinə də nə qədər önəm verdiyini nümayiş etdirir. Bu, həm də bədxahlarımızın yaxın-uzaq tarix boyunca Naxçıvana iddialarına tutarlı cavabdır. Həm müharibəni, həm sülhü qazanan cənab Prezident döyüş meydanında əldə edilmiş qələbənin diplomatik masada yaratdığı reallıqlarla, ölkəmizin əldə etdiyi tarixi uğurlarla kifayətlənmir, həm də təhlükəsizliyimizin əbədi qorunması baxımından işlərin davam etdirilməsini zəruri sayır, necə ki, Naxçıvan bölgəsinin müdafiəsi ilə bağlı gərəkən addımları atır.

Qarabağ Zəfərimizin davamı kimi, Naxçıvanla bağlı tarixi ədalətsizliyin aradan götürülməsi dövlət siyasətinin prioritetlərindəndir: Naxçıvanın yarım milyonluq əhalisi niyə öz evlərinə avtomobilləri ilə, sərnişin qatarı ilə gedə birbaşa gedə bilməməlidir? Biz 1920-ci ilin dekabrınadək Azərbaycana məxsus olan Qərbi Zəngəzurdan, 1992-ci ilədək Azərbaycan SSRİ-nin balansında olan 42 km-lik dəmiryollarından keçməklə Ordubada, yaxud da geri, Zəngilana gəlmək istəyirik, məsələ bu qədər sadədir, buna da nail olacağıq. Çünki Prezident İlham Əliyev bütün hədəflərinə çatır, Azərbaycan xalqının arzularını yerinə yetirir! Naxçıvan səfəri, açılış, təməlqoyma mərasimləri, yeni proqramların anonsu, Muxtar Respublikanın rəhbər şəxsləri ilə bağlı son zamanlarda verilən qərarlar, Milli Məclis səviyyəsində qəbul olunan qanunlar, elə bu yazı yazılan anlarda Prezidentin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə dövlət büdcəsindən və muxtar respublika büdcəsindən ümumilikdə 258 milyon manat vəsaiin ayrılması növbəti uğurların, zəfərlərin anonsu, müjdəçisidir! İmperiya əsarətindən qurtulduğumuz zaman üçrəngli bayrağımızın yenidən ilk dəfə qaldırıldığı Naxçıvan bölgəsində Azərbaycan və Türk Dünyası adına yeni tarix yazılır. Xeyirli-uğurlu olsun!
03 Sentyabr 2026
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ