İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıların 37 faizi Allaha inanmır? – İlahiyyatçının CAVABI

"World Values Survey" və "WIN/Gallup"un ötən il 64 ölkə və 80 mindən çox respondentlə apardığı sorğu əsasında ayrı-ayrı ölkələr üzrə atesitlərin sayı açıqlanıb. Siyahıda ən yüksək ateist göstəriciləri olan ölkələrin başında İsveç, Yaponiya və Çin gəlir. Bu ölkələrdə əhalinin müvafiq olaraq 76%, 72% Çin və 71%-I ateistdir. Növbəti pillələrdə Danimarka (70%), Norveç (70%), Estoniya (70%), Cənubi Koreya (65%), İspaniya (61%), Almaniya (60%) və Finlandiya (60%) gəlir. Araşdırmaya görə, Azərbaycanda respondentlərin 37%-i özünü ateist kimi qiymətləndirib.

Azərbaycanda ateistlərin sayı: 37% təşkil edir

Bununla belə, bu rəqəm bütün Azərbaycan əhalisinin mütləq 37 faizinin ateist olması anlamına gəlmir. Maraqlıdır ki, Azərbaycan bu göstərici ilə ABŞ və Argentina ilə eyni - 37% səviyyəsindədir.

Rusiya və Ukraynada isə göstərici 36%, Polşada 35% təşkil edib. Qazaxıstanda ateistlərin göstəricisi 49%, Ermənistanda 35%, İranda 28% göstərilir. Türkiyə üzrə həmin siyahıda dini olmayanların payı isə 24,5% göstərilib.

Qeyd edək ki, tədqiqatlar ölkələr üzrə fərqli illərdə və metodologiyalarla keçirilir. Buna görə müxtəlif mənbələrdə eyni ölkə üçün fərqli nəticələrə rast gəlmək mümkündür.
Bu faizlər nə dərəcədə inandırıcıdır? Xüsusən Azərbaycan, Türkiyə və İranla bağlı rəqəmlər real ola bilərmi?

Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov hesab edir ki, bu statistik göstəricilər düşündürücüdür. Onun sözlərinə görə, Azərbaycan müsəlman ölkəsidir, burada milli kimliyi və mənəvi dəyərləri formalaşdıran əsas sütunlardan biri də din və dini dəyərlərdir. “Çox təəssüf ki, son vaxtlar ölkədə bu meyl doğru istiqamətdə getmir. Dəyərlərimiz İslam dəyərləri əsasında formalaşıb, ona görə də proseslərin bu cür cərəyan etməsi gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Söhbət xüsusilə sosial mediada dinə və milli-mənəvi dəyərlərimizə qarşı davamlı olaraq hücumların təşkil edilməsindən gedir. Son vaxtlar cəmiyyətdə baş verən hadisələr də bunu bir daha göstərdi",_ deyə Ceyhun Məmmədov bildirib.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi | Modern.az

Deputat qeyd edib ki, dinə etiqad edib-etməmək hər kəsin şəxsi işidir və bu məsələyə müdaxilə edilə bilməz: “Kimin hansı dinə və necə inandığı onun öz seçimidir. Lakin bu gün cəmiyyətimizdə aparılan təbliğat təhlükəli və problemlidir. Çünki dindən uzaqlaşmaq, eyni zamanda, milli-mənəvi dəyərlərdən uzaqlaşmaq anlamına gəlir. Ona görə də bu məsələdə çox diqqətli olmalıyıq. Milli-mənəvi dəyərlərin qorunması ilə bağlı dövlət proqramına ehtiyac var. Din insanları əxlaqi və mənəvi dəyərlərə, insanlığa, ədalətə və mənəvi zənginliyə təşviq edir. Əslində, bu gün dünyada yaşanan fəlakətlərin əsas səbəblərindən biri də dinsizlik, mənəviyyatsızlıq və inamsızlıqdır. Sosial mediada aparılan yanlış təbliğatın qarşısı alınmalıdır. Təbii ki, kiminsə cəzalandırılmasının və ya zorakılığa məruz qalmasının əleyhinəyəm, lakin dinə hücum, təhqir və bu cür çağırışlar qəbulolunmazdır".

Ceyhun Məmmədov vurğulayıb ki, son illərdə sosial platformalarda özünü psixoloq, ekspert və ya bloger, ateist kimi təqdim edən bəzi insanların fəaliyyəti ciddi suallar doğurur: "Xüsusilə dinə, millətlərə, ailə dəyərlərinə və müxtəlif sosial qruplara qarşı təhqiramiz ifadələrin kontentə çevrilməsi artıq fikir bildirmək məsələsi deyil. Bəzən sosial şəbəkələrdə “sadəcə həqiqəti deyirəm” adı altında elə ifadələr işlədilir ki, məqsəd həqiqəti izah etməkdən çox, qarşı tərəfi qıcıqlandırmaq olur. “Budur sizin inancınız, nə oldu?” “Bəs niyə belə oldu?” “İnanırsınızsa, bunu da izah edin...”

Deputat deyib ki, ardınca insanlar şərhlərə tökülür, biri digərini müdafiə edir, digəri hücum edir, mübahisə böyüyür, təhqirlər artır və nəticədə cəmiyyətdə aqressivlik yaranır.: "Yaxınlarda Hindistanda baş verən daşqınla bağlı sosial şəbəkələrdə yayılan görüntülər üzərindən də buna bənzər reaksiyalar gördük. Təbii fəlakət nəticəsində insanların suda qalması və həyatlarının təhlükə qarşısında olması üzərindən “budur sizin inancınız” kimi ifadələr işlətmək hansı məntiqə sığır? Təbii fəlakətlər dünyanın müxtəlif yerlərində baş verir. Daşqın, zəlzələ, yanğın və digər hadisələr hər zaman olub və olacaq. Bu hadisələrin elmi, coğrafi və təbii səbəbləri araşdırıla bilər. Amma hansısa təbii fəlakəti götürüb müəyyən dinə və ya həmin dinə inanan insanlara qarşı istehza vasitəsinə çevirmək düzgün deyil. Biz elə bir dünyada yaşayırıq ki, burada müxtəlif millətlər, dillər, dinlər, mədəniyyətlər və həyat tərzləri mövcuddur. Əgər dünyada yalnız bir millətin, bir dilin, bir mədəniyyətin və bir düşüncənin olması nəzərdə tutulsaydı, bu qədər müxtəliflik olmazdı. Fərqliliklərlə birlikdə yaşamağı bacarmalıyıq".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR