İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan yeni reallıq yaratdı, indi söz Ermənistan seçicisindədir- Sülhlə revanşizm arasında 24 saat...

Cənubi Qafqaz yeni tarixi mərhələnin astanasındadır. İllərlə davam edən münaqişə, qarşıdurma və geosiyasi gərginliklərdən sonra regionda ilk dəfə olaraq davamlı sülh üçün real imkan yaranıb. Bu prosesin əsas təşəbbüskarı və aparıcı qüvvəsi isə Azərbaycandır. Rəsmi Bakı son illərdə yalnız hərbi-siyasi reallıqları dəyişməklə kifayətlənməyib, həm də regionun gələcəyini əməkdaşlıq, kommunikasiyaların açılması və qarşılıqlı təhlükəsizlik üzərində qurmağa çalışan sülh gündəmini formalaşdırıb.

Məhz belə bir dövrdə Ermənistanda keçiriləcək seçkilər təkcə bu ölkənin daxili siyasi həyatını deyil, bütövlükdə regionun gələcək taleyini müəyyənləşdirəcək mühüm siyasi hadisədir.

Bir sözlə Ermənistan cəmiyyəti bazar günü seçkiləri ərəfəsində növbəti dəfə tarixi seçim qarşısındadır. Azərbaycanın təklif etdiyi sülh və əməkdaşlıq yoluna dəstək vermək, yoxsa regionu yenidən qarşıdurma mühitinə sürükləməyə çalışan revanşist qüvvələrin təsiri altına düşmək...

Bu baxımdan seçkilərin nəticəsi ilk növbədə Ermənistan xalqının hansı gələcəyi seçəcəyinin göstəricisi olacaq. Əgər İrəvan həqiqətən də sülhdən, sabitlikdən və iqtisadi inkişafdan yanadırsa, bunu yalnız bəyanatlarla deyil, seçki qutusunda veriləcək qərarla sübut etməlidir. Əks halda, xarici qüvvələrin təsir alətinə çevrilərək köhnə müharibə ritorikasına qayıdışın məsuliyyəti də Ermənistanın öz üzərinə düşəcək.

Bu giriş həm Azərbaycanın sülh təşəbbüskarını vurğulayır, həm də Ermənistan seçkilərini "sülh və ya revanşizm seçimi" kimi təqdim edir.

Naqif Həmzəyev: Dövlətimiz şəhid ailələrinə, qazilərə, veteranlara yüksək  diqqət və qayğı göstərir - "İki sahil"

Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a açıqlamasında 10 ay öncəyə ekskursiya etdi: “Bəllidir ki, 2025-ci ilin 8 avqustunda ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsi imzalanıb. Sənədə görə, iki ölkə ATƏT Minsk qrupunun fəaliyyətini dayandırması üçün birlikdə müraciət etmiş, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) yaradılması üçün əməkdaşlıq başladılıb. Bu sənəd Cənubi Qafqazın son otuz illik münaqişə tarixində imzalanmış ən mühüm siyasi addımlardan biri kimi dəyərləndirilir.

Lakin bəyannamənin imzalanması sülhün tam başa çatdığı mənasına gəlmir. Razılaşdırılmamış məsələlər arasında Ermənistan konstitusiyasında müstəqillik aktına istinadın çıxarılması məsələsi qalmaqdadır. Çünki həmin aktda Ermənistan dövlətinin “Dağlıq Qarabağ”la birləşməsi haqqında müddəa mövcuddur. Bu seçkilər 2023-cü ildə Qarabağ ermənilərinin Ermənistana təxliyəsindən sonrakı ilk Ermənistan seçkiləri olacaq. Seçkilərdə iştirak edən hakim qüvvə Qərb yönümlüdür və Azərbaycanla münasibətləri düzəltmək istəyir, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Müxalifət isə daha çox Rusiya tərəfdarıdır, Paşinyanı Qarabağ siyasətinə görə tənqid edir. Ermənistan tarixinin ən vacib seçkisi olaraq qiymətləndirilən bu seçkiyə region ölkələri ilə yanaşı, Rusiya, Türkiyə, Aİ, İran və ABŞ-nin də böyük marağı var. Bir çoxları bu seçkini "geosiyasi seçki" adlandırır.

Həm Rusiyada, həm də Aİ-də bu seçkiyə ciddi hazırlıq gedir. Aprel ayının 1-də Moskvada keçirilən görüşdə Putin Paşinyana açıq şəkildə bildirmişdi ki, Ermənistanda Rusiyayönlü mövqeyə malik bir çox siyasi qüvvə var. Bu, seçkinin daxili siyasi hadisədən çox geosiyasi bir sınaq meydanına çevrildiyini ortaya qoyur. Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası 2018-ci il "məxməri inqilabı"ndan bəri ölkəni idarə edir və hazırda da seçkinin favoriti hesab olunur. Əsas sual partiyanın təkbaşına hökumət qurmaq və konstitusiya dəyişiklikləri etmək üçün zəruri olan konstitusion çoxluğu qazanıb-qazanmayacağıdır. Paşinyan həmçinin "Real Ermənistan" ideologiyasını təbliğ edərək erməniləri mövcud sərhədləri qəbul etməyə çağırır və müxalifəti "üçbaşlı müharibə partiyası" adlandıraraq, onların qələbəsinin yeni müharibəyə yol açacağı barədə xəbərdarlıq edir. Beynəlxalq Respublika İnstitutunun (IRI) son rəy sorğusuna əsasən, partiya 32% göstərici ilə seçkidə birincidir.

Rusiya-Ermənistan oliqarxı, 4.4 milyard dollar sərvəti olan Samvel Karapetyanın partiyası ətrafında qurulmuş blok seçkinin ikinci əsas güc mərkəzini təşkil edir. Karapetyanın Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə sıx əlaqələrinin olması onun xarici siyasətdə müstəqilliyini sual altına qoyur. Partiyanın onlarla üzvü seçiciləri ələ almaqda ittiham olunaraq həbs edilib.

Bu blokun hakimiyyətə gəlməsi Azərbaycan-Ermənistan sülh prosesi üçün ciddi risk deməkdir. Moskvanın nüfuz dairəsinə keçən Ermənistanın Azərbaycanın şərtlərini qəbul etmə ehtimalı sıfıra enər. Siyasi mozaikani tamamlayan digər qüvvələr arasında sabiq prezident Levon Ter-Petrosyanın partiyası da var. O, Azərbaycan və Türkiyə ilə sülhün və logistik layihələrin tərəfdarıdır, lakin hazırda reytinqi çox aşağıdır.  Maraqlıdır ki, Azərbaycanla dinc yaşamağa ən çox hazır olan siyasi fiqur Ter-Petrosyan seçkilərin kənarında qalmış durumda görünür”.

Deputat hesab edir ki, Azərbaycan baxımından bu seçkilərin ən strateji ölçüsü konstitusiya islahatı məsələsidir:

“Sülh müqaviləsinin imzalanması qarşısındakı ən böyük maneələrdən biri Ermənistanın mövcud konstitusiyasıdır. Paşinyan rəhbərliyi bu məsələdə referendum keçirilməsi üçün 2026-2027-ci illəri göstərir.

Paşinyan 2025-ci il qurultayında bəyan edib ki, qalib gələcəyi təqdirdə yeni konstitusiyanın qəbulunu nəzərdə tutan "Dördüncü Ermənistan Respublikası"nın əsasını qoyacaq.

Qeyd edək ki, konstitusiyaya dəyişiklik Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün əsas mane hesab olunur. Deməli, Azərbaycan üçün seçkilərin nəticəsi konkret hüquqi-siyasi bir suala cavab verəcək: İrəvan öz konstitusiyasını dəyişdirmək üçün siyasi iradə yarada biləcəkmi? Paşinyanın qələbəsi bu imkanı açır. Müxalifətin qələbəsi isə həmin qapını çox güman ki, uzun müddətə bağlayır. Sorğular cəmiyyətin durumunu maraqlı bir şəkildə əks etdirir. Respondentlərin 53.8%-i ölkənin təhlükəsizlik vəziyyətinin son bir ildə yaxşılaşdığını düşünür.
Respondentlərin 41.7%-i isə Ermənistan iqtisadiyyatının ötən illə müqayisədə yaxşılaşdığını bildirib.

Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi keçmiş hakimiyyət nümayəndələrinin yenidən iqtidara qayıtmasını istəmir. Xüsusilə Robert Köçəryan dövrü bir çox erməni seçici tərəfindən korrupsiya, oliqarx idarəetmə və siyasi təzyiqlərlə assosiasiya olunur. 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra Paşinyanın reytinqi ciddi şəkildə aşağı düşsə də, sonrakı dövrdə o, siyasi gündəmi dəyişməyi bacarıb.

Bu mənzərə göstərir ki, erməni seçicisi köklü siyasi dəyişiklik istəmir. Yalnız daha sabit, daha təhlükəsiz bir gündəlik həyat arzulayır. Bu istək isə, mahiyyətcə, sülh prosesinin davam etməsi deməkdir. Əgər hökumət quracaq çoxluq formalaşmasa, iki aparıcı qüvvə arasında ikinci tur variantı gündəmə gələ bilər. Bu halda isə müxalifət birləşməyə çalışacaq”.

Parlamentari Azərbaycan baxımından üç ssenari görür: “Birinci ssenari Paşinyanın konstitusion çoxluğudur. Bu, ən əlverişli nəticədir. Yeni konstitusiya hazırlığı başlayar, sülh müqaviləsinin imzalanması üçün hüquqi zəmin yaranar.

İkinci ssenari Paşinyanın sadə qələbəsidir, lakin çoxluqsuz koalisiyadır. Belə ki, hökumət qurulur, lakin konstitusiya dəyişikliyi daha çətin olur. Sülh prosesi davam edir, ancaq yavaş temp saxlayır.

Ermənistan parlamentindəki müxalifət fraksiyaları prezident seçkiləri ilə  bağlı müzakirələrdən imtina ediblər - AZƏRTAC

Üçüncü ssenari isə, müxalifətin güclənməsi ilə parçalanmış parlamentdir. Siyasi qeyri-sabitlik dövrü başlayar. Rusiyayönlü qüvvələr koalisiya danışıqlarında güc qazanar, sülh prosesi dondurulan mərhələyə girər. Seçkilər son dərəcə sərt olacaq. Cəmiyyətin qütbləşəcəyi təkcə Azərbaycanla münasibətlər mövzusu olmayacaq. Rusiya və Qərblə gələcək münasibətlərə dair məsələlər də fəal müzakirə olunacaq.

7 iyun seçkiləri rəsmi olaraq Ermənistanın daxili işidir. Lakin onun nəticəsi Cənubi Qafqazın növbəti onilliyinin konturlarını müəyyən edəcək. Azərbaycan öz hərbi-siyasi missiyasını tamamlamış, ərazi bütövlüyünü bərpa etmiş, region reallıqlarını dəyişdirmişdir. İndi növbə Ermənistan seçicisindədir”.

Müsahibimiz onu da söylədi ki, Azərbaycanın ən böyük rəqibi artıq silah daşıyan bir ordu deyil, Ermənistanın öz daxilindəki bölünmüşlük, xarici manipulyasiyalara meyllilik və keçmişin kölgəsindən çıxa bilməmək problemidir:

“Əgər Ermənistan cəmiyyəti bu seçkilərdə real gələcəyini, iqtisadi inteqrasiyanı, regional kommunikasiyaların açılmasını, birgə inkişafı köhnə revanşizm ritorikasından üstün tutarsa, o zaman 7 iyun yalnız seçki tarixi deyil, bütöv bir xalqın tarixi seçimi günü kimi yada düşəcək”.


Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR