Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı qarşıdakı illərdə iqtisadi geriləmədən tutmuş Çinlə mümkün ticarət savaşına, Ukraynanın maliyyələşdirilməsindən nəhəng müdafiə xərclərinə qədər bir sıra ağır problemlərlə üzləşəcək.
Musavat.com xəbər verir ki, "Politico" Avropanın yaxın üç ildə üzləşəcəyi əsas problemləri təhlil edib.
Ən ciddi təhlükələrdən biri Aİ iqtisadiyyatının ABŞ və Çindən geri qalmasıdır. Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqinin hesablamasına görə, aşağı məhsuldarlıq və zəif iqtisadi artımdan çıxmaq üçün Avropaya hər il əlavə 800 milyard avro investisiya lazımdır.
Avropa şirkətləri yüksək enerji qiymətləri, mürəkkəb qaydalar və getdikcə sərtləşən xarici rəqabətlə üzləşirlər. Xüsusilə Çin istehsalı elektrik avtomobilləri, batareyalar, günəş panelləri və polad Avropa istehsalçılarına təzyiqi artırır. Brüssel Pekinlə münasibətlərdə çıxılmaz vəziyyətlə üzləşib: həddindən artıq sərt siyasət ticarət müharibəsinə, yumşaq münasibət isə Avropanın sənaye bazasının daha da zəifləməsinə gətirib çıxara bilər.
Digər böyük problem müdafiə və Ukraynadır. Aİ silah istehsalını artırmağa və 150 milyard avroluq SAFE proqramı vasitəsilə müdafiə imkanlarını genişləndirməyə çalışır. Eyni zamanda Brüssel Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirmək istəyir. Lakin 2027-ci ildə Fransa və İtaliya da daxil olmaqla bir sıra ölkələrdə keçiriləcək seçkilərdən sonra Aİ daxilində qüvvələr nisbətinin dəyişə biləcəyi bildirilir.
Bütün bunların maliyyələşdirilməsi isə ayrıca problemə çevrilib. Avropa Komissiyası 2028–2034-cü illər üçün təxminən 2 trilyon avroluq büdcə təklif edib. Lakin üzv dövlətlər artıq bu pulun necə xərclənməsi üstündə bölünüblər. Almaniya, İsveç, Danimarka və Niderland daha çox vəsaitin müdafiə, innovasiya və sənayeyə ayrılmasını istəyir, İtaliya, Polşa, İspaniya və Yunanıstan isə ənənəvi kənd təsərrüfatı və regional fondları qorumağa çalışırlar.
Üstəlik, Ukrayna, Moldova və Qərbi Balkan ölkələrinin Aİ-yə qəbulu məsələsi də gündəmdədir. Genişlənmə siyasi baxımdan dəstəklənsə də, mövcud üzvlər bunun maliyyə yükündən və 30-dan çox üzvü olan İttifaqın necə idarə ediləcəyindən narahatdırlar.
"Politico"nun təhlilindən görünür ki, Aİ-nin qarşıdakı illər üçün planları böyük olsa da, onları həyata keçirmək getdikcə bahalaşır. İqtisadi artımın zəifliyi və ABŞ və Çinlə rəqabətdə yaranan problemlər fonunda Brüssel eyni zamanda müdafiəyə, Ukraynaya və mümkün genişlənməyə milyardlarla avro ayırmaq istəyir. Üzv dövlətlər arasında pulun haradan tapılacağı və nəyə xərclənəcəyi barədə fikir ayrılıqları isə artıq dərinləşir.
Musavat.com
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ