İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranı dənizdən boğur: 94 ticarət gəmisi geri qaytarıldı

ABŞ İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını daha da sərtləşdirib.

Musavat.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının – CENTCOM-un sentyabrın 7-də açıqladığı məlumata görə, blokadanın yeni mərhələsində indiyədək 94 kommersiya gəmisinin istiqaməti dəyişdirilib. Üç gəmi hərəkətsiz vəziyyətə salınıb, daha iki gəminin göyərtəsinə isə ABŞ hərbçiləri çıxaraq yoxlama aparıblar.

Əməliyyata Ərəbistan dənizində yerləşən “USS George H.W. Bush” aviadaşıyan gəmisi, döyüş təyyarələri, esmineslər və dəniz piyadaları cəlb olunub. CENTCOM bildirir ki, tədbirlər İran limanlarına gedən və ya həmin limanlardan çıxan gəmilərə şamil edilir. Digər ölkələrin limanlarına istiqamətlənən gəmilərin Hörmüz boğazından keçidinə mane olunmadığı iddia edilir.

ABŞ blokadanın yeni mərhələsinə iyulun 14-də başlayıb. İlk sutkada cəmi iki gəmi geri qaytarılmışdı. Avqustun 14-də bu rəqəm 62-yə, sentyabrın 2-də 86-ya, sentyabrın 6-da 92-yə, bir gün sonra isə 94-ə çatıb.

Xəbərdarlıqlara tabe olmadığı bildirilən “M/T Belma”, “M/T Lavine” və “M/V Vela Nova” gəmilərinin mühərrik və idarəetmə sistemləri raket və top atəşi ilə sıradan çıxarılıb. ABŞ tərəfi bu gəmilərin İran limanlarına doğru hərəkət etdiyini bildirir. “Wen Yao” və “Charminar” tankerləri isə saxlanılaraq yoxlanılıb.

İran ABŞ-ın hərəkətlərini qanunsuz blokada və “dəniz quldurluğu” adlandırır. Tehran BMT Təhlükəsizlik Şurasının qərarı olmadan mülki gəmilərin beynəlxalq sularda saxlanılmasını və atəşə tutulmasını beynəlxalq hüququn pozulması sayır. Vaşinqton isə əməliyyatı İranın neft ixracını və hərbi proqramlarının maliyyələşdirilməsini məhdudlaşdırmaqla əsaslandırır.

Qarşıdurma artıq dünya enerji bazarına təsir göstərir. Hörmüz boğazından normal şəraitdə gündə təxminən 20 milyon barel neft və neft məhsulu keçirilir. Bu, dünya üzrə dənizlə daşınan neftin dörddə birindən çoxudur. Son on gündə isə boğazdan gündə orta hesabla cəmi 10 əmtəə gəmisi keçib.

Gərginlik fonunda “Brent” markalı neftin qiyməti 98 dollara yaxınlaşıb. Ekspertlər hərbi qarşıdurmanın genişlənəcəyi halda qiymətin 120 dollaradək yüksələ biləcəyini istisna etmirlər.

Tehran da cavab olaraq Hörmüz yaxınlığında yeni “məhdud zona” yaradacağını və ABŞ hücumlarının davam edəcəyi təqdirdə Körfəzdəki Amerika neft-qaz maraqlarının hədəfə çevrilə biləcəyini bəyan edib.

Beləliklə, Hörmüzdə artıq yalnız İranın neft ixracı deyil, bütün regionun enerji daşımaları təhlükə altındadır. Mülki ticarət gəmilərinin silahlı qarşıdurmanın bir hissəsinə çevrilməsi isə bir yanlış addımın böyük regional müharibəyə səbəb ola biləcəyi deməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR