Onlayn ictimai-siyasi qəzet
Avstraliya Səsyazma Sənayesi Assosiasiyası (ARIA) milli musiqi çartlarına düşmək istəyən mahnılar üçün yeni tələblər tətbiq edib. “Reuters”in məlumatına görə, yenilənmiş qaydalara əsasən, musiqi əsərləri əsasən insan yaradıcılığının məhsulu olmalıdır. Süni intellekt alətlərindən istifadəyə tam qadağa qoyulmasa da, mahnının müəllifi insan olmalı, əsas vokal və instrumental partiyalar isə insanlar tərəfindən ifa edilməlidir.
Bəs Azərbaycanda da analoji məhdudiyyətlərin tətbiqinə ehtiyac varmı? Süni intellektin musiqidə istifadəsinə qadağa qoyulmalıdırmı?

Mövzu ilə bağlı Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Musavat.com-a açıqlamasında bildirib ki, hələlik süni intellektlə bağlı bütün ölkələrin icra edə biləcəyi konkret və vahid qərar yoxdur.
Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə qəbul edilən qərarların Azərbaycanda da avtomatik tətbiq olunması doğru yanaşma deyil: “Avstraliyada və ya başqa ölkədə hansısa qərarın qəbul edilməsi o demək deyil ki, həmin qərar Azərbaycanda da tətbiq olunmalıdır. Bu, qanun deyil ki, biz də eynisini edək. Amma əgər Çində və ya başqa ölkədə rasional, məntiqli bir yanaşma varsa, bizim qanunvericilik orqanımız da onu nəzərdən keçirə, müəyyən məqamlarından yararlana bilər. Mən bunun təfərrüatlarını bilmirəm.
Əslində, bu mövzu çox aktual və mübahisəli məsələdir. Bütün dünyada müzakirə olunur. Hətta oxuduğuma görə, Birləşmiş Millətlər Təşkilatında bu məsələ ilə bağlı xüsusi iclas da keçirilib. Alimlər və müxtəlif sahələr üzrə ekspertlər bir araya gələrək müzakirələr aparıblar. BMT onlardan məsələyə münasibət bildirməyi, müəyyən bir qərara gəlməyi istəyib: süni intellekt bəşəriyyət üçün zərərli olacaq, yoxsa faydalı? Bir gün ərzində müzakirələr aparılıb, müxtəlif rəylər səsləndirilib.
Təxminən yarısı bunun təhlükəli olduğunu, digər yarısı isə faydalı tərəflərinin olduğunu bildirib. Xüsusilə sənayedə, kənd təsərrüfatında, tibdə və müxtəlif sahələrdə süni intellektin faydaları vurğulanıb. İndi təhsil sahəsində də onun müəyyən üstünlükləri görünür. Ona görə də yekdil qərara gələ bilməyiblər. BMT də bildirib ki, bir qədər vaxt keçsin, yenidən toplaşsınlar. O vaxta qədər yeni imkanlar və yeni problemlər ortaya çıxa bilər. Sonra məsələni yenidən müzakirə edərik və necə hərəkət etməli olduğumuza qərar verərik”.
Bəstəkar süni intellektin tamamilə qadağan edilməsinin tərəfdarı olmadığını bildirib. Onun fikrincə, bu texnologiyanın gələcək nəsillər üçün böyük faydaları ola bilər:
“Xüsusən də tibb, kənd təsərrüfatı və müxtəlif sahələrdə robotların tətbiqi baxımından böyük imkanlar yaradır. Bundan başqa, indi demək olar ki, hər bir sənayedə süni intellektdən aktiv şəkildə istifadə olunur. Bunların hamısı insanların və bütövlükdə cəmiyyətin daha rahat və daha ucuz yaşamasına kömək edə bilər. Amma bədii sənətdə müəyyən problemlər var. Musiqidə də, digər yaradıcı sahələrdə də bu məsələ mübahisəlidir”.
Cavanşir Quliyev hesab edir ki, əsas mübahisələrdən biri də süni intellekt vasitəsilə hazırlanan əsərlərə müəlliflik hüququnun necə tətbiq olunacağı ilə bağlıdır: “Hətta deyirlər ki, “Google” xüsusi proqramlardan istifadə edir. Bu proqramlar platformaya yerləşdirilən və süni intellekt tərəfindən yaradıldığı müəyyən edilən əsərləri tanıya biləcək. Belə əsərlərin ya yayımına məhdudiyyət qoyulacaq, ya da müəllif hüququ çərçivəsində ödəniş edilməyəcək.
Əgər bunu süni intellekt yaradıbsa, niyə Əhmədə, Məmmədə müəllif haqqı verməliyik? O adam bu işi görməyib. Sadəcə, proqramdan istifadə edib ki, belə olsun, elə olsun, sözləri belə olsun, musiqisi belə olsun. Nə musiqini yazıb, nə də oxuyub. O halda niyə ona müəllif haqqı verilməlidir?
Elə buna görə də müəyyən proqramlar hazırlayırlar ki, süni intellekt tərəfindən yaradılan əsərləri tanıya bilsinlər. Hələlik süni intellektlə yaradılan məhsulları tamamilə efirdən və ya platformalardan qadağan etmirlər, amma onlara ödəniş edilməməsi istiqamətində yanaşmalar var. “YouTube” da bu istiqamətdə müəyyən addımlar atır”.
Bəstəkar süni intellektin musiqi sahəsinə təsirini də dəyərləndirib. Onun fikrincə, bu texnologiya ciddi yaradıcılıq ortaya qoymayan bəstəkarların fəaliyyətinə təsir göstərə bilər: “Mənim fikrimi soruşsanız, süni intellektin həm faydası, həm də zərəri var. Faydası budur ki, özünü bəstəkar adlandıran, amma əslində ciddi yaradıcılıq ortaya qoya bilməyən insanlar zamanla aradan çıxa bilərlər. Çünki süni intellekt onların gördüyü işi daha yaxşı görə bilər. Onlar yeni bir şey icad edə bilmirlər. İcad etmək üçün istedadla yanaşı, bilik də lazımdır. Bu bilik və yaradıcılıq yoxdursa, ortaya ciddi yenilik də çıxmır.
Belə insanlar oradan-buradan götürdükləri parçaları, yadda qalan başqa mahnıların elementlərini birləşdirərək nəsə ortaya çıxarırlar. Amma ciddi bəstəkarlar, həqiqətən yeni ideya və musiqi yarada bilən insanlar qalacaqlar. Onların yaradıcılığı uzun müddət yaşayacaq. Əlbəttə, bu da əbədi olmaya bilər. Nə vaxtsa süni intellekt onların da gördüyü işi yüksək səviyyədə görə bilsə, həmin peşə də təhlükə qarşısında qala bilər. O zaman sual yaranacaq: belə peşələrə həqiqətən ehtiyac varmı?”
Cavanşir Quliyevə görə, süni intellektin yaratdığı musiqinin texniki keyfiyyəti yüksək olsa da, əsas problem yaradıcılıq və orijinallıq məsələsidir: “Əslində, hər şeyi bazar həll edir. Siz deyirsiniz ki, həmin mahnı yayıldı və populyarlaşdı. Bunun səbəblərindən biri də süni intellektin kifayət qədər keyfiyyətli nəticə ortaya qoymasıdır. Süni intellektin gördüyü iş texniki baxımdan keyfiyyətli ola bilər. Amma həmin mahnılarda çox vaxt ixtira, yenilik yoxdur. Əsasən təkrarlar var. Bizə tanış gələn melodiyalar, musiqi keçidləri eşidilir. Düşünürsən ki, bunu haradasa, nə vaxtsa eşitmisən. Bu, açıq plagiat deyil ki, deyəsən, filan əsərdən oğurlanıb. Amma müəyyən bənzərliklər var. Çünki süni intellekt hələ tam mənada yeni bir şey icad etməyi öyrənməyib”.
Şahanə Rəhimli,
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ