İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Bakı ilə İrəvanın arasını VURUR

“Geosiyasi qeyri-müəyyənlik Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gecikdirə bilər”. Bu barədə “S&P Global Ratings” şirkətinin Cənubi Qafqazdakı siyasi proseslərlə bağlı hazırladığı icmalda iddia olunur.

Bildirilib ki, Ermənistan iqtisadiyyatı müsbət proqnoz üzrə inkişaf edir: “Bu artımlar və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar geosiyasi riskləri zəiflədir. Lakin regional risklər hələ də qalmaqdadır. Əgər regionda risklər əhəmiyyətli dərəcədə kəskinləşərsə və ya Rusiyadan işçi qüvvəsi və kapital axını kəskin şəkildə azalarsa, bu, Ermənistanın iqtisadi və büdcə göstəricilərinə, eləcə də tədiyyə balansına mənfi təsir edə bilər. Əgər Ermənistanın tədiyyə balansı təhlükəsizlik və geosiyasi risklərə qarşı davamlılıq nümayiş etdirməyə davam edərsə, reytinqi yüksələ bilər. Buna valyuta ehtiyatlarının toplanması və Azərbaycanla münasibətlərin normallaşdırılmasında əldə olunan irəliləyişlər kömək edə bilər”.

Ermənistan rəsmilərinin sülh çağırışı: avantüra, boşboğazlıq - ŞƏRH

İcmalda, həmçinin, qeyd olunub ki, reytinq məhdudiyyətlərinə Ermənistanın davamlı olaraq geosiyasi və xarici təhlükəsizlik risklərinə məruz qalması, adambaşına düşən orta gəlir və ödəniş balansındakı zəifliklər daxildir: “Avropa İttifaqı və digər Qərb tərəfdaşları ilə əlaqələri dərinləşdirməsinə baxmayaraq, Ermənistanın Rusiyadan iqtisadi və enerji asılılığı əhəmiyyətli dərəcədədir və bu, onun strateji çevikliyini məhdudlaşdırır”.

İcmalda o da bildirilib ki, regional risklər nəticəsində yarana biləcək problemlər, xüsusilə Rusiyadan asılılığın tam aradan qalxmaması Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamasını çətinləşdirir.

Bu gedişat, xüsusən Rusiya amili sülh sazişini gecikdirə bilərmi, yoxsa yubanmanın səbəbi başqa faktorlardır?

Politoloq Züriyə Qarayeva sülh sazişinin gecikməsində əsas amilin Rusiya yox, Ermənistan Konstitusiyası olduğunu düşünür. İrəvanın ərazi iddialarını qanunvericilik aktlarından çıxardıqdan sonra dərhal sülh müqaviləsinin imzalana biləcəyini əminliklə söyləyən ekspertin sözlərinə görə, bu məsələdə Rusiya faktoru iqtisadi aspektdən ola bilər.

Züriyə Qarayeva Ermənistan iqtisadiyyatının Rusiyadan asılı olmasını yeni reallıq saymır: “Amma bu müddət ərzində ikitərəfli dialoq nəticəsində, yəni Rusiyasız sülh mətni paraflanıb, 4 kənd qaytarılıb, delimitasiya prosesi aparılıb, enerji məhsullarının ixracı, tranzit keçməklə yüklərin daşınması reallaşıb. Və bu gün də davam etməkdədir. Rusiya moderatorsuz əldə olunan razılaşmaların heç birinə əngəl ola bilməyib. Əlbəttə ki, özünün vasitəçiliyini çox istərdi. Lakin çox gecdir və Bakı ilə İrəvan danışıqlarda vasitəçi missiyasına ehtiyac duymur”.

Paşinyan Azərbaycanı seçir? – Bazarlarımızda erməni malları

Politoloq xatırladıb ki, 8 avqust razılaşmasının ildönümü ilə bağlı baş nazir Paşinyanın prezident Əliyevə zəng açması tərəflər arasında təmas yaratmaqda hər hansı problemin olmamasının bariz nümunəsidir: “Halbuki bir neçə il əvvəl Rusiya, Avropa İttifaqı liderlərin görüşünü təşkil edirdi. İndi isə Paşinyan cənab İlham Əliyevə zəng edir və sülh prosesindən danışırlar. Bu baxımdan, Rusiyanın Ermənistana siyasi-iqtisadi və digər istiqamətlər üzrə təsir imkanı qalsa da, sülh sənədinə qol çəkilməsinin yubanması daha çox qarşı tərəfin konstitusiyası ilə bağlıdır. Paşinyan bu günlərdə bir daha bəyan edib ki, referendum olacaq, yeni konstitusiya qəbul olunacaq. O halda, ən geci gələn il yekun sülh sazişini imzlaaya bilərik”.

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR